BolgeXeber.Com » Xəbərlər » Mikayıl Cabbarovun Şabran Peşə Məktəbindəki durumdan xəbəri varmı?

Mikayıl Cabbarovun Şabran Peşə Məktəbindəki durumdan xəbəri varmı?

4-03-2015, 20:12
Oxunub: 5 286 Mikayıl Cabbarovun Şabran Peşə Məktəbindəki durumdan xəbəri varmı?Təhsil ocağında yüksək səviyyəli kadr hazırlığından söhbət belə gedə bilməz

Direktor Qədim Camalov məktəbə ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunur

Peşə təhsilinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşmaq zərurəti onun yenidən təşkil edilməsi tələbini ortaya çıxarıb. Bu yenidənqurmanı ləngidən səbəblərdən biri peşə təhsilinin mahiyyətcə insanların real maraqları baxımından qapalı qalması və iqtisadiyyatda gedən dəyişikliklərə adekvat cavab verə bilməməsidir. Qeyd edək ki, sabiq nazir Misir Mərdanovun vaxtında peşə təhsili durğunluq dövrünü yaşayırdı. Nazirin dəyişməsi bir qrup təhsil işçisində peşə təhsilinin səviyyəsinin yüksələcəyinə ümid yaratsa da, hələlik bu sahədə heç bir dəyişiklik baş verməyib.

Yəni peşə məktəblərində hələ də acınacaqlı vəziyyət hökm sürür. Təəssüf hissi ilə bildirmək istəyirik ki, nazir Mikayıl Cabbarov təhsilin bu sahəsinə o qədər də diqqət ayırmır və davamlı kadr islahatları həyata keçirmir. Elə buna görədir ki, peşə təhsili məhv olmaq təhlükəsi ilə üzləşib. Mütəxəssislər isə hesab edir ki, sovet dövründə işlək vəziyyətdə olan zavod və fabriklər, texniki peşə təhsilinə ehtiyac olan digər iş yerləri çox idi. İndi isə ölkəmizdə ildə dörd, ya beş min uşaq doqquzillik, bir o qədəri də onbirillik təhsildən texniki peşə məktəbinə üz tutur: "Bu, məktəbi bitirənlərin heç 5 faizi eləmir. Qərb ölkələrində isə təkcə doqquzuncu sinfi bitirənlərin 20 faizi peşə məktəbinə gedir. Azərbaycanda real iş yerləri azdır və texniki peşə təhsilinə tələbat yüksək deyil. Texniki peşə təhsilinin bu durumu həm təhsilin, həm də iqtisadiyyatın problemlərinə söykənir. Keyfiyyətli, yüksək səviyyəli kadr yetişdirilmir, ona tələbat da azdır. İşəgötürən ya ixtisassız, ya da yüksək ixtisaslı işçi axtarır. Rəqabətli iqtisadiyyatın olmaması texniki peşə məktəblərinin yetirmələrinə ehtiyacı hiss etdirmir. Çox ixtisas üzrə peşə məktəbi bitirmədən iş tapmaq mümkündür. İşəgötürən daha yüksək əməkhaqqı müqabilində işləyən təhsilli kadr əvəzinə sadə işçi qüvvəsinə üstünlük verir. Belə halda təhsil müəssisəsi də keyfiyyətli kadr yetişdirməyə və rəqabətdə iştirak etməyə maraqlı olmur. Yalnız rəqabətli iqtisadi mühitdə peşə məktəbləri keyfiyyətli kadr yetişdirməyə nail ola bilər. Əks halda peşə təhsilinə nə qədər vəsait xərclənsə, istənilən nəticə əldə olunmayacaq". Peşə təhsili sahəsindəki bitib-tükənməyən problemlərin əsas səbəblərindən biri də peşə məktəblərinə rəhbərlik edən şəxslərin qanundan kənar hərəkətləri ilə bağlıdır. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, Şabran Texniki Peşə Məktəbi hazırda öz tarixinin ən çətin günlərini yaşayır. Adının çəkilməməsini xahiş edən mənbənin dediyinə görə, traktorçu-maşınçı, təmirçi-çilingər, əməliyyatçı-mühasib, elektrik, qaz qaynaqçısı, heyvandarlıq üzrə operator, bənna, kompüter operatoru, quşçuluq fermaları üzrə operator ixtisaslarının tədris edildiyi məktəbdə təhsilin keyfiyyəti olduqca aşağı səviyyədədir: "Peşə məktəbində təxminən, 300 şagird təhsil alır. Lakin təhsilin səviyyəsi qənaətbəxş olmadığından şagirdlərin bir hissəsi dərsə gəlmir. Həmin şagirdlər dərsdən yayınmağın müqabilində direktora nəysə verirlər. Məktəbin bərbad hala düşməsinin səbəbkarı isə direktor Qədim Camalovdur. O səlahiyyətlərinə aid olan işləri istənilən səviyyədə yerinə yetirmir. Məhz bu səbəbdən yüksək ixtisaslı kadrların hazırlanması prosesi çox zəif gedir. Demək olar ki, son 10 il ərzində Şabran Peşə Məktəbi rayona və digər rayonlara peşəkar kadrlar təqdim edə bilməyib. Təhsil ocağını bitirən şəxslərin əksəriyyəti öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Ona görə ki, onların təhsil aldıqları ixtisas üzrə bilik və bacarıqları aşağı səviyyədədir. Bu səbəbdən işəgötürənlər həmin şəxslərin əməyindən istifadə etməkdə maraqlı olmurlar. Məktəbdə ştat üzrə 56 nəfər işləyir. Direktor isə qanunları ayaq altına ataraq təhsil ocağında ştatdankənar işçilər saxlayır. Belə ki, istehsalat təlimi ustalarının bir neçəsinin adı kağız üzərindədir, onlar bir dəfə də olsa məktəbin üzünü görməyiblər. Məktəb rəhbəri bu yolla qanun pozuntusuna və büdcə vəsaitlərinin göyə sovrulmasına şərait yaradır". Aldığımız məlumatlarda həmçinin Şabran Peşə Məktəbinin direktoru ilə bağlı ilginc iddialar var. Deyilənə görə, məktəbin direktorunun adı bir sıra qalmaqallı məsələlərdə hallanır. Məlumatda bildirilir ki, Qədim Camalov rəhbərlik etdiyi təhsil müəssisəsinə büdcədən ayrılmış vəsaitləri öz bildiyi şəkildə xərcləməkdədir: "Bu zaman onun "Troyan Qrup" MMC ilə birlikdə hərəkət etdiyi deyilir. Mal və məhsulların qiymətini şişirdərək bununla dövlətin büdcəsinə ziyan vurmağa nail olmuş direktor həm də Şabranın ən varlıları sırasındadır. O dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üçün ayrılmış 2500 manatı, digər maşın və avadanlıqların satın alınması üçün ayrılmış 6000 manatı ümumiyyətlə, təyinatı üzrə xərcləməyib. Həmçinin yumşaq inventarların satın alınması zamanı sərf olunması nəzərdə tutulan 3000 manat da şəxsi ciblərə yönəldilib. "Troyan Qrup" MMC ilə əldə edilmiş anlaşmaya görə məktəb direktoru bu avadanlıqların qiymətini həddindən artıq şişirdib".

Əlimizdə konkret faktlar olmadığından direktorun məktəbə ayrılan vəsaitləri mənimsəyib-mənimsəmədiyini dəqiq deyə bilmərik. Hər bir halda, məktəb rəhbəri büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunursa, Təhsil Nazirliyi başda olmaqla digər əlaqədar dövlət qurumları tezliklə sözügedən təhsil ocağında yoxlamalara başlamalı və direktorun barəsində tədbir görülməlidir.gundelik-baku

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.