BolgeXeber.Com » Xəbərlər » Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış

Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış

2-04-2015, 16:02
Oxunub: 6 192 Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmışSabiq nazirlə bağlı yeni şok faktlar; Tovuzdakı nəhəng seolit yatağından hər il əldə edilən 130 milyon dollar keçmiş müdafiə nazirinin cibinə axıb; ona bu talançılıqda yaxın adamı Elçin Xəlilov yaxından kömək edib; ölkənin ən strateji məhsullarından biri Qara dəniz üzərindən Avropaya daşınır…

Azərbaycan dünyada neft və qaz yataqları ilə məşhurdur. Ölkəmizin dörd bir tərəfi faydalı qazıntılar, müalicəvi su qaynaqları, bir sözlə, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu zənginliklər Azərbaycan məmurlarını milyonçuya çevirib.


Xalqa məxsus sərvətlər oğurlanaraq ayrı-ayrı nazirlər, digər yüksək rütbəli məmurlar, onların yaxın çevrələri tərəfindən dağıdılır. Xalqın və ölkənin sərvətlərini istismar edən, yeyib-dağıdan məmurlardan biri də sabiq müdafiə naziri Səfər Əbiyev və onun ən yaxın çevrəsi olub. Tovuz rayonundakı Ağdağ seolit yatağı uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi, hazırda ev dustağı olan Elçin Xəlilovun nəzarətində olub.
Apardığımız araşdırma nəticəsində bəlli olub ki, Azərbaycanda çıxarılan seoliti almaq istəyən xarici və yerli biznesmenlər bu gün də E.Xəlilova müraciət etməlidirlər. Daha doğrusu, E.Xəlilovun prezidenti olduğu “İntergeo-Tetis” şirkətinə. Çünki bu qiymətli mineralın çıxarılaraq xammal şəklində satılmasında əsas şəxs odur ( bu linkdə İntergeo Tetis-in seolit satışı elanı var -
Linkə daxil olub oradan şirkətin əlaqə telefonunu – 596-30-59 – əldə etdik. Kənd təsərrüfatı ilə məşğul olan şirkətin nümayəndəsi kimi “İntergeo-Tetis”in satış menecerindən mineralın istehsalı ilə bağlı bəzi məqamları dəqiqləşdirə bildik. Məlum oldu ki, hazırda Tovuzdakı seolit yatağında işlər dayandırılıb. Menecer işlərin sentyabr ayında yenidən bərpa olunacağını dedi. Satış meneceri işlərin dayanma səbəbi haqda məlumatsız olduğunu desə də, bu dayanmanın E.Xəlilovun həbsi ilə əlaqəli olmasını ehtimal etmək çətin deyil. Menecerin işlərin sentyabr ayında bərpa olunması haqda dediklərini də E.Xəlilovun məhkəmələrdəki işlərinin sentyabra qədər yekunlaşacağına dəlalət edən məqam kimi qəbul etmək olar.
Menecerdən öyrəndik ki, Tovuzda çıxarılan təbii seolit heç vaxt Bakıya daşınmayıb. Bu səbəbdən də Tovuzda tonu keyfiyyətindən asılı olaraq 130-250 manata satılıb. Təbii mineral Bakıya gəlməyibsə, bəs hara gedib? Satış meneceri “xaricə daşınır” deməklə özü də bilmədən bizə ipucu vermiş oldu…
Seolit nədir və onun istifadə sferaları haqda bilgilər
Seolit təbii mineraldır. Onu tibb sahəsində, kənd təsərrüfatında, su təsərrüfatında, neft-qaz, parfüm sənayelərində istifadə edirlər. Dünyada ən böyük seolit ehtiyatlarına malik dövlət ABŞ-dır. Seolitdən alınan dərmanlar şişlərin zərərsizləşdirilməsində, bədəndən zərərli maddələrin çıxarılmasında, dərinin təmizlənməsində, insan orqanizmindəki maddələr mübadiləsinin normallaşmasında istifadə olunur. Kənd təsərrüfatında bu mineralın bioloji aktiv əlavə kimi quş və mal-qara yeminə qatılması da təcrübədə yoxlanılmış və müsbət nəticələr verib. Heyvandarlıqda bu mineraldan istifadə 30-40 faiz artıma, bitkiçilikdə isə daha artıq məhsul yığımına zəmanət deməkdir. Seolit təbii mənşəli süzgəcdir. Seolitdən keçirilən gölməçə, kanalizasiya suyu göz yaşı kimi duru və təmiz olur. Belə təbii süzgəcdən keçirilən suyu qaynatmadan, hər hansı dezinfeksiyaedici məhlul qatmadan içmək olur. Bu mineralın bir çox möcüzəvi xüsusiyyətləri var və alimlər hər il seolitin yeni-yeni xassələrini müəyyən etməkdədirlər.
Azərbaycan seolitdən ildə 130 milyon dollar qazana bilər!
Tovuzdakı yatağın işlənməsinə ilk dəfə Ayaz Mütəllibovun prezidentliyi dövründə təşəbbüs göstərilib. Bu məqsədlə ABŞ-dan mütəxəssislər dəvət olunub. Azərbaycana gələn mütəxəssislər yatağın il ərzində 1 milyon ton seolit vermək gücündə olduğunu və yatağın bu templə 1 əsr işlənə biləcəyi haqda rəy veriblər. Burada haşiyə çıxaraq qeyd edək ki, əgər bugünkü ən minimum qiymətlə, həm də xammal şəklində Azərbaycan il ərzində 1 milyon ton seolit satsa, illik 120-130 milyon dollar gəlir əldə etmiş olar.
ABŞ-dan gəlmiş mütəxəssislər seolitin çıxarılaraq Bakıda qurulacaq istehsal müəssisəsinə daşınmasının, emal prosesinin rentabelli olmayacağını bildirərək yatağın işlənməsindən imtina ediblər. Sonradan bəlli olub ki, ABŞ-dan gələn mütəxəssislərin özəl maraqları olub. ABŞ-da zəngin seolit yataqları var və bu dövlət qiymətli mineralın təbii inhisarçısı hesab edilir. Seolitdən geniş istifadə edən ölkələr sırasında ilk yerdə ABŞ, sonrakı yerdə Yaponiya gəlir. Yaponlar süni, amerikalılar isə təbii mineraldan istifadə edirlər. Yaponiyada süni seolit həyatın bütün sferalarında istifadə olunur. Seolit industriyası bu dövlətlərdə güclü inkişaf edən və gəlirli sahə hesab edilir.
Seoliti dünya bazarına Elçin Xəlilov çıxarır
1993-cü ilin ortalarında Azərbaycanda seolit yatağının işlənməsi məsələsi yenidən gündəmə gəlib. O dövrdə Geologiya Komitəsinin rəyi, geoloq kimi Elçin Xəlilovun səyi nəticəsində Yerli Sənaye Nazirliyinin Tovuz İstehsalat Kombinatının bazası əsasında “Azərseolit” elmi-sənaye birliyi yaranıb. Təsisçilərdən biri Geologiya Komitəsinin sədri Əkrəm Şəkinski, digəri isə “İntergeo-Tetis” şirkətinin prezidenti E.Xəlilov olub. Seolitin xassələri Su Problemləri İnstitutunda yoxlanıb və artıq 1995-96-cı illərdə Ceyrabatan su anbarında su süzmə qurğularında seolitdən təbii süzgəc kimi istifadəyə başlanıb. Sonradan isə heç bir səbəb göstərilmədən bundan imtina olunub. 1994-cü ildə Azərbaycan Qırğızıstana seolit göndərib. Həmin seolitdən Oş şəhərinin kanalizasiya sularının təmizlənərək çaylara axıdılmasında istifadə olunub. Təbii mineraldan ölkə ərazisində geniş istifadə edilməsi planlaşdırıldığı bir vaxtda işlər qəfil dayandırılıb və mineralın xammal kimi Gürcüstanın Poti limanı vasitəsilə Avropa dövlətlərinə daşınması və satılmasına başlanıb.
Xəlilov həbsdə olsa da…
Bu gün E.Xəlilov ittihamlarla üz-üzə qalmış şəxsdir, lakin həmin yataq yenə də onun nəzarətindədir! E.Xəlilov ötən il aprelin 26-da Müdafiə Nazirliyinin səlahiyyətlisi olaraq həbs edilib. Ona Cinayət Məcəlləsinin 308.2.(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (dövlət əmlakını külli miqdarda mənimsəmə və israf etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə Elçin Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim heç bir səbəb göstərmədən E.Xəlilovun məhkəməsinin qapalı keçirilməsi haqda qərar verib. Bu gizliliyin arxasındakı məqsəd nədir? Sual aktual olsa da, bu araşdırmanın mövzusu deyil.
Əbiyevlə Xəlilovu birləşdirən biznes sahəsi – seolit yatağı
E.Xəlilovu təsadüfən həbs etməyiblər. Bu şəxs sabiq nazirin kabinetinə heç bir maneəsiz istədiyi vaxt keçə bilən biri olub. Hətta Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıkov nazirin qəbul otağında 2 saat gözlədiyi vaxtlarda belə qapılar E.Xəlilovun üzünə açıq olub. Hazırda məlum olan budur ki, Əbiyevlə Xəlilovu birləşdirən təkcə sonuncunun Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin rəisi olması deyil. Seolit yatağının işlənməsi də Əbiyevlə Xəlilovu birləşdirən biznes sahəsi olub. 1995-ci ildən bu günə qədər də yataq Əbiyevlə Xəlilovun ixtiyarındadır. Təkcə bu yatağın işlənməsindən əldə edilən gəlir hər il milyonlarla dollar olub. Və bu pulların hara getməsi haqda mətbuatda zaman-zaman məlumatlar yayılıb.
Macarıstanda üzə çıxan 65 milyon vəsait seolit satışından əldə edilib?
2013-cü ildə Səfər Əbiyev vəzifədə ikən “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli nazirin 65 milyonluq bank hesabı ilə bağlı məlumat yaymışdı. Y.Cəfərli hüquq-mühafizə orqanlarından Macarıstanın OTR BANK-nın müdafiə nazirinin 65 milyon avroluq bank hesabını dondurduğu haqda məlumatların araşdırılıb hüquqi qiymət verilməsini istəmişdi. Y.Cəfərli 2013-cü il ərzində Səfər Əbiyevin digər Avropa ölkələrində – Almaniyada, Avstriyada, İspaniyada, İsveçdə və İsveçrədə belə bank hesablarının olduğunun üzə çıxdığını qeyd etmişdi.
Faktiki S.Əbiyevin ayrı-ayrı şəxslərin adına olan 17 bank hesabının olduğu, seolit satışından və digər mənbələrdən əldə olunan vəsaitlərin həmin hesablara yatırıldığı da qeyd olunur. E.Xəlilovun çox vaxt S.Əbiyevin bank məsələləri üzrə meneceri rolunda çıxış etməsi haqda da bilgilər var. Sonda qeyd edək ki, bu məlumatlar qısa araşdırmamız nəticəsində əldə olunub və ortada olan faktlar hələlik böyük bir aysberqin görünən hissəsidir…musavat.com
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış