BolgeXeber.Com » Xəbərlər » Neft Daşlarında ərzaq qadağası fəhlə etirazı doğurdu

Neft Daşlarında ərzaq qadağası fəhlə etirazı doğurdu

10-04-2015, 09:53
Oxunub: 3 552 Neft Daşlarında ərzaq qadağası fəhlə etirazı doğurdu“Oradakı mağazalarda ərzaq baha satılır, yeməkxanalardakı yeməklərin keyfiyyəti aşağıdır...”

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Dövlət Neft Şirkətinin (SOCAR) Neft Daşları Neft Qaz Çıxarma İdarəsində yaşanan ərzaq qadağası haqda məlumat yayıb. Hüquq müdafiəçisi özünün facebook statusunda yazır:

“Neft Daşlarından zəng edib burada da ”5-ci siyahı"nın olduğunu deyiblər. Qeyd edim ki, adları “5-ci siyahı”da qeyd olunan bir qrup QHT nümayəndəsini ölkəyə girişdə və çıxışda təpədən dırnağa yoxlayırlar.

Neft Daşlarında gəmi ilə işə gedən işçilər də belə ciddi yoxlamaya məruz qalır. Bu qayda rəhbərliyə aid deyil. Çünki rəhbərlik işə vertolyotla gəlir. Yəni fəhlələrə evdən ərzaq məhsulları gətirmək qadağan olub. Verilən məlumata görə, işçilər ərzaq məhsullarını yalnız Neft Daşlarında yerləşən mağazadan ala bilərlər. Düşünürəm ki, şikayətdə SOCAR-ın bəzi vəzifəli şəxslərinin adı çəkildiyindən, yəqin ki, problem tezliklə öz həllini tapacaq".

Neft Daşlarındakı durumdan məlumatlı olan və adının çəkilməsini istəməyən mənbəmiz deyib ki, qadağa fəhlələr arasında çox ciddi narazılıq yaradıb: “Estekada şəhərciyində elə yerlər var ki, sahildən həmin yerə yemək aparmağa icazə verilir. Çünki orada mağaza, yeməkxana yoxdur. Lakin ayrıca özüllər var ki, orada yeməkxana, mağaza var. Dövlət fəhləyə gündəlik 10 manat yemək pulu verir. Söhbət ondan gedir ki, oradakı mağazalarda ərzaq baha satılır, yeməkxanalardakı yeməklərin keyfiyyəti aşağıdır. Məsələn, 1 litrlik ”Coca-Cola" sahildə 60 qəpikdirsə, oradakı mağazada 1 manat 10 qəpiyə satılır. Mağazanı işlədənlər SOCAR rəhbərliyində təmsil olunanların yaxınıdır. Belə deyirlər ki, estekadada, satış üçün ərzaq aparılması çətin olan yerlərdə qiyməti 20 faizdən artıq olmamaq şərti ilə baha satmaq icazəsi verilir. Fəhləyə fəhləliyini eləməyə imkan vermirlər. Bir fəhlə ki, sahildən özünə ucuz mal alıb gətirə bilirsə, niyə estekadada həmin malı 50-60 faiz baha almalıdır?

Rəhbərliyə gəlincə isə onlar estekadadakı 9 mərtəbəli binadakı yeməkxanada çörək yeyirlər. Fəhlə yeməkxanasında bişən yeməklə onlara verilən yemək eyni deyil. Keyfiyyət baxımından fərqlənir. 200 qram əvəzinə fəhləyə 120 qram çörək verə bilərlər, rəislərə isə bunu edə bilməzlər. Fəhlələrin də əsas narazılığı yeməklərin keyfiyyətsizliyi, normadan aşağı olmasıdır. Yəni fəhlə yeməkxanada bir qarın yemək yeyib doya bilmir. Evdən ərzaq gətirəndə isə özü bişirir, yeyir. Narazılığı da olmur. Yeməkxanada isə həmin keyfiyyət yoxdur. Əgər keyfiyyətli və uyğun qiymətə yemək verilsə, fəhlə oradakı yeməkxanada çörəyini yeyər, hələ istirahət etməyə də vaxtı qalar".

Məsələ ilə bağlı SOCAR-ın mətbuat xidməti ilə əlaqə saxladıq. Lakin zənglərimiz cavabsız qaldı.