BolgeXeber.Com » Xəbərlər » MTN 19 il öncə Səfər Əbiyevlə bağlı araşdırma aparıb – yeni faktlar

MTN 19 il öncə Səfər Əbiyevlə bağlı araşdırma aparıb – yeni faktlar

30-04-2015, 10:44
Oxunub: 3 770 MTN 19 il öncə Səfər Əbiyevlə bağlı araşdırma aparıb – yeni faktlarPolkovnik Cahangir Rüstəmovun və müstəntiq Səbuhi Xasıyevin partladılmış maşınlarının videosu yayıldı


1994-cü ilin mart ayında Gədəbəydə öldürülmüş polkovnik, batalyon komandiri Cahangir Rüstəmova sui-qəsd haqda yeni məlumatlar yayılıb. Məlum olur ki, E.Həsənlinin iddia etdiyi məqamlar vaxtilə Milli Təhlükəsizlik Nazirliyində araşdırılıb!

Azpolitika.info saytı polkovnikin həyatına ermənilərin, yoxsa onunla düşmənçilik aparan özümüzünkülərin sui-qəsd etməsi haqda yazı yayımlayıb. Polkovnikin və onun ölümünü araşdran müstəntiq Səbuhi Xasıyevin maşınlarının partlayışdan sonra qalıqları əks olunan videonu (https://www.youtube.com/watch?v=6VDT9mOqfng - bu linkdə video ilə tanış ola bilərsiz) da təqdim edib.

Həmin yazıda qeyd olunur ki, 1996-cı ildə Milli Təhlükəsizlik Nazirliyində C.Rüstəmovun ölümü ilə bağlı araşdırma aparılıb.

Həmin yazıdan sitat: “Cahangir Rüstəmovun ölümündən dərhal sonra sui-qəsdin arxasında Əbiyev-Aslanov cütlüyünün dayandığına dair fikirlər dövriyyəyə buraxılıb. Hətta bununla bağlı 1996-cı ildə həbs olunan Cahangir Rüstəmovun silahlanma üzrə müavini olmuş mayor Dilqəm Əliyevdən, MTN-də istintaq altında olarkən, ifadə alınmağa cəhd edildiyinə dair məlumatlar var. O dövrün mətbuatında da bu haqda yazılıb.
Məsələn, AzPolitika.info-ya daxil olan sənədlərdən görünür ki, 27.07. 1996-cı ildə ”Hürriyət" qəzetində “Müstəntiq general S.Əbiyevn zərərinə faktlar toplamaq istəyir” başlıqlı məqalə dərc olunub. Milli Qəhrəmanlar M.Abdullayev və M. Həsənovun, eləcə də Gədəbəy rayon sakinləri K.Abdullayev və A. Tağıyevin “Hürriyət” qəzetinə göndərdikləri məktub əsasında yazılmış məqalədə MTN-in o vaxtkı müstəntiqinin Cahangir Rüstəmovun sursat üzrə müavini olmuş Dilqəm Əliyevdən belə bir ifadə almağa cəhd etdiyi qeyd olunub".

Yazıda xüsusi olaraq vurğulanır ki, S.Əbiyevin adı Cahangir Rüstəmovun qətlində dərhal sonra hallanmağa başlayıb. Bunun səbəbi kimi 2 ehtimal irəli sürülür: “Birincisi, hakimiyyət daxilində Əbiyevin müdafiə naziri postuna yiyələnməsindən narazı olan və ya onu təsir altına almaq istəyən qüvvələr bir sıra cinayətləri, o cümlədən polkovnikin qətlini ona ”bağlamaq" istəyiblər. Bunun üçün də həm Rüstəmovu tanıyanların, ətrafının “qulağına” günahkarın Əbiyev olduğunu pıçıldayıblar, həm də bu istiqamətdə qeyri-rəsmi olaraq sübut toplayıblar. Başqa sözlə, Əbiyevin əleyhinə kompromat yığıblar.
İkincisi, polkovnik Cahangir Rüstəmovun qətlində Səfər Əbievdən və dostu Aslan Aslanovdan şübhələnməyə əsas yaradan ciddi məlumatlar olub. Bu məlumatların nə qədər əsaslı olub-olmadığını araşdırmaq, əlbəttə, hüquq-mühafizə orqanlarının işidir. Hər halda, Rüstəmovun ətrafında olan insanlar polkovnikin qətlinin üstünün açılmadığı düşüncəsindədirlər.

Ancaq bununla belə, onların dediklərinin də tam olaraq həqiqəti əks etdirdiyini iddia etmək mümkün deyil. Belə ki, mətbuatda çıxış edən polkovnik Cahangir Rüstəmovun oğlu və yaxın ətrafı partlayışa səbəb olan minanın maşına yerləşdirildiyini iddia ediblər.

Hətta sürücüsü saat mexanizmli bombanın maşının alt hissəsinə bərkidildiyi versiyasını irəli sürüb. Partlayış zamanı maşının arxa təkərinin oxdan ayrılmasını da bununla izah edib.

Eyni zamanda qeyd olunur ki, əgər mina torpaqda olsaydı, partlayış baş verəndə dalğası Cahangir Rüstəmovun olduğu maşını götürüb yoldan kənara atardı".

Azpolitika.info saytı C.Rüstəmovun olduğu maşındakı partlayışdan sonra çəkilmiş video kadrları da təqdim etməklə yanaşı adının çəkilməsini istəməyən hadisənin şahidlərindən birinin fikirlərini də yayınlayıb. Həmin şəxs mətbuata danışanlardan fərqli olaraq, Cahangir Rüstəmovun və onun qətlini araşdıran müstəntiqin torpağa basdırılmış tank əleyhinə minanın - PM 62-nin partlaması nəticəsində həlak olduğu fikrini irəli sürüb. Onun sözlərinə görə, hər ki şəxsin maşını tank əleyhinə minaya düşüb: “Tank əleyhinə mina partlayarkən, çox yüksək dərəcədə istilik yaranır və yuxarı doğru püskürür. Cahangir Rüstəmovun da oturduğu maşının arxa təkəri bu minaya düşdüyündən, arxa hissəsi tamamilə yox olmuşdu. Qabaq hissəsi isə nisbətən salamat qalmışdı”.

Hadisədən sonra heç bir qəlpənin tapılmaması da, Cahangir Rüstəmovun maşınının tank əleyhinə minaya düşməsi ilə izah edilir. Bu mina partlayarkən, çox yüksək dərəcəli istilik yarandığından, qəlpələr əriyərək yox olur.

Sayta açıqlama verən olayın şahidi də Cahangir Rüstəmovun sui-qəsd nəticəsində öldürüldüyü qənaətindədir. Onun iddiasına görə, məhz bu məqsədlə Cahangir Rüstəmov keçəcəyi əraziyə şahmat şəklində mina düzülüb: “Bu zaman minalardan qaçmaq mümkün deyil - birinə düşəcəksən”.

Hadisə baş verməzdən bir müddət əvvəl ərazidən bir traktor keçdiyini və heç bir partlayışın olmadığını deyən mənbə, bunu minaların Cahangir Rüstəmov həmin ərazidən keçməzdən az əvvəl yerləşdirilməsi ilə izah edib. Yeri gəlmişkən, qeyd edək ki, bu fikri sürücüsünün dediyi sözlər də təsdiqləyir: “Cahangir Rüstəmova qəfil zəng gəldi. Məncə, zəng edən rəhbərlikdən idi. Başqasının sözü ilə Cahangir Rüstəmov geriyə qayıtmazdı”.

Yəni istisna deyil ki, Cahangir Rüstəmovu çağıranlar onun keçdiyi ərazini də minaladıblar. Hətta C.Rüstəmovun ölümündən sonra bu minalardan birinin tapılıb çıxarıldığı və Qazax hərbi qarnizonunun müstəntiqinə təhvil verildiyi, lakin sonradan o minanın gizlədildiyinə dair iddialar da var. Tapılan bu minanın vəziyyətindən aydın görünüb ki, o, torpağa yeni basdırılıb.
Mənbə Cahangir Rüstəmovun ölüm işini araşdıran müstəntiqin də şahmat şəklində basdırılmış bu minalardan digərinə düşdüyü qənaətindədir. Müstəntiqin minaya Rüstəmovun maşının partladığı yerdən 60-70 metr aralıda düşməsi də bu versiyanı gücləndirir. Əlbəttə, bunlar versiyalardır və ciddi araşdırılması tələb olunur.
Yada salaq ki, C.Rüstəmovun oğlu Faiq Rüstəmov, Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov da bu iddialarla bağlı “Yeni Müsavat”a müsahibə verərək, alay komandirinə sui-qəsd edildiyini bildiriblər. Polkovnikin oğlu Əbiyevdən şübhələndiyini dilə gətirib. Sitat : “Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm”.

Tovuz özünümüdafiə batalyonunun sabiq komandiri Etibar Əmiraslanov isə polkovnikin bildiklərini açıqlamaması üçün öldürüldüyünü demişdi: “Cahangir Rüstəmov yanına gəlib ”qoşunları geri çək, əvəzində nə istəsən verək" deyən adamları tanıdığını demişdi, həmin sözdən sonra onu məhv etdilər"

C.Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov da oxşar fikirlər səsləndirib. Sitat: “Cahangir Rüstəmovun korpus komandiri təyin olunması söhbəti çıxandan sonra o dövrdə briqada komandiri olan Səfər Əbiyevlə münasibətləri korlanmışdı. İcra başçısı Aslan Aslanov həmin dövrlər qərargaha gedib-gəlirdi. Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi”.

Partlayışdan 3 gün əvvəl - 1994-cü il martın 25-də C.Rüstəmova müvəqqəti sürücü təyin olunmuş Saleh Əliyev də polkovnikin Aslan Aslanovla münasibətlərinin yaxşı olmadığını bəyan edib: “Cahangir Rüstəmov Səfər Əbiyevə əvvəl korpus komandiri, sonradan isə müdafiə naziri, Aslan Aslanova icra başçısı kimi münasibət göstərirdi. Hər ikisi ilə vəzifə müstəvisində münasibət saxlayırdı. Aslan Aslanov onun işinə müdaxilə etmək istəyəndə, Cahangir müəllim dərhal etirazını bildirirdi. Deyirdi ki, hər kəs öz bildiyi işlə məşğul olmalıdır! Cahangir Rüstəmov öz işini bilən insan idi”.