BolgeXeber.Com » Xəbərlər » Zibillikdə yaşayan azərbaycanlı şah

Zibillikdə yaşayan azərbaycanlı şah

4-05-2015, 18:53
Oxunub: 4 418 Zibillikdə yaşayan azərbaycanlı şahƏlindəki nazik şişə bənzər dəmirlə maşın təmiri emalatxanasının arxasındakı xırda təpəliyi eşələyirdi...

Diqqətimi çəkdi. Səfil yaşam tərzi keçirdiyi məlumdur. Avtomobili ustaya təhvil verib ona yaxınlaşıram. Saçları seyrəkdir, alnından yuxarı başı xora tutub. Qaysağı qopmuş yarasına qonan xırda cücüləri əlinin arxasını yelləməklə və ağzından, burnundan fınxıraraq yuxarı pilədiyi hava ilə qovmaq istəyir. Cücülər isə həyasızlıq edir. Yenidən yaraya qonurlar. Üstü açıq yaranı “caynaqlayan” cücülər adamın söyüşünü belə eşitmir:

- Sizin varidatınızı...

Əslində, bu söyüş mənim diqqətimi daha çox çəkdi. “Varidatınızı” – “var-yoxunuzu” demək idi və bu qanadlı cücülərin həmin andakı varı-yoxu onun açıq yarasına ilişdirdikləri xortumlardakı qan idi.

- Nə axtarırsan?

Səsimə çevrildi. Mənə tərəf burnunun ucu ilə baxdı, yenə də fınxırdı. Əllərinin çirki sifətinin pası ilə bir idi. Yazığım gəlmədi. Belələrini çox görmüşəm və bilirəm ki, bu günə düşmələrinin əsas səbəbkarı da özləridir. Danışdıranda isə bütün ailəni, sülaləni günahkar bilirlər. Amma personaj kimi məni çəkirdi.

- Qurğuşun.

- Nə?

Mən ondan başqa cavab gözləyirdim. Düşünmüşdüm ki, yemək axtardığını, ya da mis, alüminium və başqa əlvan metal tapıb da, satacağını deyəcək. O isə qurğuşun dedi.

- Qurğuşun. Səndə köhnə akkumlyator var? – maraqla üzümə baxdı. Bu baxışlarda bir məsumluq da vardı.

- Akkumlyator yoxdur. Neynirsən köhnə akkumlyatoru?

- Onun içində qurğuşun olur.

Dəmir barmaqla – şişlə yenidən torpağı eşələməkdə davam etdi. Bir qədər də yaxın gəldim. O qədər də yaşlı deyil. Amma çox miskin və nimdaş geyimli olması onun uzun illərin o tayından gəldiyini anladır.

- Qurğuşunu neynirsən? - maraq məni aparır.

- Qurğuşunu əridib güllə düzəldəcəm. Barıt da varım.

- Gülləni nə edəcəksən?

- Gülləni nə edirlər? - maraqlı cavab idi.

Maşın ustası olan dostum məni çağırır:

- Müəllim, ona baş qoşma, gəl bura.

“Gələrəm”, - deyib səfildən soruşuram:

- Adın nədir?

- Adım Şahdır.

Zibillikdə eşələnir, silah-sursat arzusundadır, adı da ki, maşallah, Şahdır. Əyninə geyindiyi köhnə əsgər gödəkçəsinin dirsəyindən tutub dartıram:

- Şah, gəl bura, gedək, bax, oturaq orda. Həm çay içək, həm də söhbət edək.

- Ora məni qoymazlar, söyəcəklər, çayı gəl bu tərəfdə içək. Sən desən çayı gətirəcəklər bura.

Əli ilə emalatxananın arxa tərəfindəki ağacın altını, köhnə, yararsız maşın hissələri qalaqlanmış yeri göstərir.

- Söyməzlər. Mənimləsən, gəl.

Arxamca gəlir. Emalatxananın yanındakı kranı açıram, “yuyun”, - deyirəm. Yuyunur. Ustaların əllərini yuduqları yuyucu tozdan istifadə edir. Gödəkcəni əynindən çıxarır və başını soyuq suyun altına tutub, yuyucu tozu ovuclayaraq başına tökür. Möhkəm sürtür. Başının kiri, pasağı ilə dırnaqlarının qaysağını qopartdığı yaranın qanı da sifətindən aşağı süzülür. Əli ilə sinəsini, qoltuqlarının altını yuyur. Tüklü sifətinin çirki çəkilir, bəyaz dərisi boy verir. Emalatxanadan çıxan çilingər dostum irişir:

- Şahənşah, soyun rahat çim. Qorxma, gülən olmaz. Elə bil ki, öz hamamındı.

Şah gülür. Onun yuyunmasına fikir verən digər ustalar da gülümsəyirlər. Mən də gülürəm. Şahın nəzərləri fırlanıb sifətimə dikilir, mənim gülüşümü görcək təbəssümü sifətində donur. Suçlu adam kimi duruxuram, hiss edirəm ki, sifətimdən gülüş yox olur. Sanki demək istəyirdi ki, onlar məni ələ salır, axı sən elə deyildin.

Çömbəldiyi yerdən qalxır, başından axan su nimdaş, ətəyi cırıq, boğazlı köynəyini tamam isladıb. Cəld hərəkətlə qurşaqdan yuxarı əynində olanları soyunur. Kürəyini suyun altına verir, əli çatdığı qədər kürəyini sürtür. Yanımda duran çilingər həmyerlim şagirdini çağırır:

- Adə, xalası əmisi ilə yatan, gəl Şahənşahın kürəyini sabunla.

Sonra dediyinə aydınlıq gətirir:

- Bunu atası əmisi ilə bacanaqdır.

Uşaq sanki vəzifə borcu imiş kimi Şahın kürəyini sabunlayır. Şah özü isə ağzına, burnuna dolan sabunlu suyu fınxıra-fınxıra əlləri ilə qarnını sinəsini sürtür, əlləri qabırğalarının arasında gəzinir.

Yuyunduqdan sonra kimsə, ustaların işlətdiyi o qədər də təmiz olmayan, mazutlu dəsmalı onun üstünə atır. Qurulanır. Çilingər zarafatından qalmır:

- Bəy hamamıdır e. Amma əsas yerlərin qaldı.

Sonra mənə tərəf dönür:

- Bu, avaranın biridir. Bəlkə də ona 100 kilo akkumlyator içi vermişəm. Guya aparıb güllə düzəldəcək, amma hələ ortalıqda bir şey yoxdur.

Şah artıq geyinib. Soyuq su, havanın o qədər də qızmar olmaması onu üşüdür. Çənəsi titrəyir.

- Müəllim, öləcək e, bu. Yazığı titrətmə tutdu ki.

- Çayçıya de, bizə bir çay gətirsin.

Şagirdin emalatxanaya bitişik olan kiçik kafeyə gedişinə usta mane olur:

- Yox, lazım deyil, samovarı toka keçir, qızsın, çayımız var.

Sexə giririk. Usta yenə də kefi kökdür:

- Şahənşah, gəl otur, çay iç. Müəllimi də incitmə. Nə soruşsa düz de. Daha yalandan yelə basma.

Şah göstərilən yerdə oturur. Əlləri titrəyə-titrəyə çay dolu parçı dodaqlarına aparır, içir və gözləri ilə stolun üstündə qalmış çörəyə baxır.

- Götür ye.

- Axı, bu onlarındır, sənin deyil, - başı ilə ustanı və şagirdi göstərir.

- Ye adə, nuş olsun. Müəllim, sən canın, orda kolbasa da olmalıdır, şkafda, ver yesin, - deyir, özü isə maşının altında iş görür.

Verirəm.

- Şah, sən kimsən, haralısan?

- Bizim yerlərdə müharibə gedir.

- Bəs məskunlaşdığın, qaldığın yer yoxdur?

- Var. Qalmağa yer çoxdur. Amma mənə güllə lazımdır. Gülləm yoxdur, güllə düzəldəcəm, sonra gedəcəm.

- Hara gedəcəksən?

Cavab verməyə imkan tapmır. Usta yenə də özünə aid olmayan söhbətə ayaq verir:

- Başladı yenə, - təmir etdiyi avtomobilin altından ustanın boğuq səsi eşidilir. - İndi deyəcək ki, arvadımın qisasını alacam, bizim komandirləri öldürəcəm, sonra da qonşumun arvadını qaçıracam. Ona göstərəcəm ki, kişi necə olar.

- İşin olmasın, qoy özü danışsın.

Şah artıq 3-cü stəkan çayı içir. Danışmaq istəmir. Çörəyi yeyib qurtarıb. Qarnı doymasa da, gözlərində bir parıltı var.

- “Zapravka” elədin? - bunu şagird dedi.

Şah başını tərpədərək təsdiqlədi. Mənə tərəf isə pıçıltı ilə:

- Sağ ol, müəllim. Mən müharibəyə hazırlaşıram. O vaxtı gülləni pulla alırdıq, gülləmiz yox idi. İndi deyirlər varımız. Amma çox olsa bunun nəyi pisdir ki?!

Sonra əlini seyrək saçlarına aparır. Sifətinin rəngi də açılıb. Əyninin nimdaş geyimi olmasa idi, daha yaraşıqlı görünərdi.

- Bilirsən, müəllim... Sən doğurdan müəllimsən?

- Yox, deyiləm.

- Müəllim olmaq da bir iş deyil. Onun-bunun sağırının nazı ilə oynayırsan.

- Bəs nədir yaxşı iş?

- Güllə düzəltmək yaxşı işdir. Bizim torpaqlarımızı işğal ediblər... hər yerdə gül açıb. Amma güllə açılmır, müəllim, güllə düzəldəcəm. Pulsuz verəcəm əsgərlərə. Özüm də vuruşardım. Amma xəstəyəm, xəstəliyim keçər əsgərlərə, ciyərlərim çürüyür. Mən tək vuruşacam.

Usta və şagirdi də yanımda oturdu, başqa emalatxananın da ustalara toplaşdı. Şah isə danışırdı:

- Mən öz kəndimizi istəyirəm. Burda ev verdilər mənə. Amma JEK-in müdiri hər axşam evə gələndə görürdüm bizdən çıxır. Guya qaçqın kimi bizə ürəyi yanır, kömək edir.

Sonra hönkürtü tutdu Şahı. Ağladı. Toxtadıqdan sonra:

- Bir gün gəldim ki, evin qapısının açarı dəyişib. İçəri keçə bilmədim. Evdə yoldaşım, balaca qızım vardı. Qonşular dedi ki, onlar yığışıb köçdülər. Bir müddətdən sonra həmin evdə təmir işləri getdi. Yoldaşım oxumuş qız idi, texnikum bitirmişdi. Gördüm ki, JEK-də mühasib işləyir. İndi öz evimizdədirlər. Arada JEK müdiri mənim evimə çay içməyə gedir. Mən isə neçə illərdir, çöllərdəyəm, qurğuşun toplayıram, güllə düzəldəcəm...