BolgeXeber.Com » Xəbərlər » “Balalarıma gün ağlamağa ehtiyacım var” - Anar Nağılbaz

“Balalarıma gün ağlamağa ehtiyacım var” - Anar Nağılbaz

3-06-2015, 11:53
Oxunub: 3 498 “Balalarıma gün ağlamağa ehtiyacım var” - Anar Nağılbaz“Mən müalicə və istirahətdəyəm, heç kimə məlumat verməyə həvəs-halım yoxdur"

Bu günlərdə sosial şəbəkədə reper Anar Nağılbazın ölkəni tərk etdiyi, Çexiyada siyasi sığınacaq istəməsi ilə bağlı xəbərlər yayıldı. Bu söhbətin yayılmasına səbəb isə Polşada siyasi mühacirət alan hüquq müdafiəçisi Mətanət Əzizovanın statusu idi. Mətanət xanım statusunda “siz orada mübahisə etdiyiniz zamanda o da burda klip çəkir. İki ulduz)))” yazaraq polemikalara start vermişdi.

Bu statusun ardınca 1news.az saytı da reperin mühacirət etməsi barədə geniş məqalə dərc etdi. Həmin məqaləyə görə A.Nağılbaz “azül”(mühacirət) üçün artıq müraciət edib. Yazının sonunda reperin Polşa kanallarından birinə verdiyi müsahibə də yayımlanıb. Çex dilini bilməyənlər üçün həmin süjetdə nə dediyi qaranlıq qalır. Amma bununla paralel süjetdə “miqrant” sözünün tez-tez işlənməsi, qaçqın düşərgələrindən görüntülərin verilməsi diqqət çəkir.

Reperin atası, sabiq deputat Rizvan Cəbiyev də artıq bu mövzu ilə bağlı açıqlama verib. O, bildirib ki, Anar öz vətənini sevən, vətənpərvər bir insandır: “İnanmıram ki, belə bir qərar qəbul etsin. Yox, əgər öz dövlətinin əleyhinə gedəcəksə, mən öz oğlumdan imtina edəcəyəm. Anar uşaq deyil, o, belə bir şey edə bilməz”.

“Mən müalicə və istirahətdəyəm, heç kimə məlumat verməyə həvəs-halım yoxdur. Məni yaxından tanıyanlar bilir vəziyyətimi, bəsimdir. Çex televiziyasında qaçqınlar haqqında çəkəcəyim veriliş barədə müsahibə verərkən kadrda yer almışam. Babalı yozanların boynuna! Fikir versəniz, verilişdə də 1-2 bənd sadəcə rep deyirəm. O da dostların xahişi ilə”. Reper bunu anspress.com saytına açıqlamasında bildirib.

“Yeni Müsavat”ın sualına cavabda isə A.Nağılbaz dedi ki, “mənim müalicə olub, öz ailəmin üstündə olmağa, onları ac-susuz qoymamağa, balalarıma gün ağlamağa ehtiyacım var”. Reper mühacirət etməsi ilə bağlı yazılanları isə yalan adlandırdı. Dedi ki, hazırda həm klip çəkdirir, həm də müalicə olunur.

Xatırladaq ki, Anar Nağılbaz ailəlidir, iki övladı var. O 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib.
BOLGEXEBER.COM