BolgeXeber.Com » Xəbərlər » Azərbaycan turizmi Gürcüstana uduzur: səbəb AZAL-ın qiymətləridir

Azərbaycan turizmi Gürcüstana uduzur: səbəb AZAL-ın qiymətləridir

11-06-2015, 17:06
Oxunub: 3 579 Azərbaycan turizmi Gürcüstana uduzur: səbəb AZAL-ın qiymətləridirMamed Əliyev: “Biz necə Gürcüstanla şərtləri bərabərləşdirə bilərik, sadəcə təyyarə biletinin qiymətində fərq 2 dəfədən artıqdır”

Natiq Cəfərli: “Artıq Azərbaycanın turizm şirkətləri Gürcüstan aviaşirkətləri ilə müqavilə bağlayaraq, insanlara turları Gürcüstan üzərindən almağı təklif edirlər”

Artıq yay turizminə start verilib. Yay istirahətini xarici ölkələrdə keçirmək istəyənlərin əksəriyyəti sərfəli səyahət paketlərinin axtarışına başlayıb. Bu durumdan karlı çıxmaq istəyən turizm şirkətləri də daha ucuz və daha sərfəli səyahət paketləri təklif etməklə müştərilərinin marağını cəlb etməyə çalışırlar. Ancaq son illərdə Azərbaycan turizm şirkətləri Türkiyə və Gürcüstanla rəqabətdə uduzmağa davam edir. İnsanlar daha ucuz səyahət paketlərini Tblisi üzərindən əldə etməyə çalışırlar. Bir tərəfdən ölkədə monopolist mövqeyə sahib olan Azərbaycan Hava Yolları QSC-nin təyyarə biletlərini həddindən artıq baha təklif etməsi, digər tərəfdən manatın devalvasiyasından sonra qiymətlərin bir qədər də bahalaşması insanları qonşu ölkələr üzərindən səyahət etməyə məcbur edir.
Bu barədə “Yeni Müsavat”a danışan "FlyTravel” turizm şirkətinin direktoru Mamed Əliyev də etiraf edir ki, son aylarda müraciətlər kəskin şəkildə azalıb: “İnsanlar daha çox Tiblisi üzərindən səyahətə üstünlük verirlər, çünki, bu Bakı ilə müqayisədə iki dəfə ucuz başa gəlir. Bakıda 1500 manata olan paket Tiblisidə 700 manata təklif olunur. Bizim səyahət paketlərin qiymətinin baha olmasının səbəbi isə AZAL-ın uçuş biletlərini baha təklif etməsidir.
Yerli şirkətlərin Gürcüstanla rəqabətdə uduzmamaq üçün maksiumum endirim edəcəyi ehtimalına gəlincə, M. Əliyev bildirdi ki, bu mümkün deyil: “Biz necə şərtləri bərabərləşdirə bilərik ki, 350 manata Tiblisidən gedib, Antalyada 3 ulduzlu oteldə bir həftə dincəlmək mümkündür. Ancaq Bakıdan sadəcə aviabilet 500 manatdır”.
Turizm şirkəti rəhbərinin sözlərinə görə, Tiblisi turizm şirkətlərinin təklif etdiyi paketlərdə Tiblisi-Antalya-Tiblisiuçuşu da daxil olmaqla 2 nəfərin Antalyada bir həftəlik istirahəti 700 manata başa gəlir, Azərbaycanda isə sadəcə aviabiletlərin xərci bundan daha bahadır:“Eyni şərtlərlə istirahət üçün Bakıda 1600 manat ödəmək lazımdır. Bakı-İzmir-Bakı xətti üzrə 1 həftəlik səyahət paketi 1800 manata başa gəlir. Yenə Tiblisi üzərindən bu iki dəfə ucuzdur. Bakı-Barselona –Bakı istiqaməti üzrə 1 həftəlik səyahət qiyməti 900 manatdır, buraya da viza daxil deyil. Monteneqroda 1 həftəlik istirahət isə 2000 manata başa gəlir”.

Mamed Əliyev qeyd etdi ki, Azərbaycanlıların ən çox üstünlük verdikləri istirahət məkanları Antalya, Bodrum və Kuşadasıdır ki, bu da Tiflis üzərindən 2 dəfə ucuz başa gəlir. Bu səbəbdən yerli turizm şirkətləri müştərilərini itirirlər. Bakıdan 1500 manata başa gələn səyahət paketi Tiblisidən 800-900 manata başa gəlir. Çünki, Bakı-Antalya-Bakı reysinin qiyməti 600 manatdır. Tiblisidən birbaşa uçuş olmasa da, ümumilikdə 300 manata başa gəlir”.

Ekspertin sözlərinə görə, manatın devalvasiyasından sonra qiymətlər daha da bahalaşıb: “Buna qədər səyahət paketi alan müştərilərimiz də biletləri qaytardılar. Çünki, onlar dolların bahalaşmasına görə əlavə vəsait ödəmək istəmədilər. Avropa Oyunlarından sonra dolların yenidən bahalaşacağı haqqında söhbətlər gəzir. Bu bizim işimizə daha da pis təsir edəcək”.

Yerli turizm şirkətlərinin ayrı-ayrı ölkələrə təşkil etdiyi səyahət paketləri ilə tanış olduqda isə ortaya bu mənzərə çıxdı.

“Silk way travel” şirkəti müxtəlif istiqamətlərə tur paketlər təklif edir. Məsələn, Berlində 8 günlük istirahətin qiyməti 907 avrodur. Tur paketə aviabilet, 3 ulduzlu oteldə gecələmə, səhər yeməyi, şəhər gəzintisi, müşahidəçi, transferlər və sığorta daxildir. Yalnız viza turun qiymətinə daxil deyil.

“Silk waytravel” ilə1858 dollara 7 gecə, 8 günlük NyuYorka səyahət etmək mümkündür. Turun qiymətinə yalnız sığorta və viza daxil deyil.
"GeoTravel" – İstanbula 6 gecə 7 günlük tur təşkil edir. Turun qiyməti 1 nəfər üçün 520 manatdır. Tura oteldə yerləşdirmə, səhər yeməyi, muzeylərə giriş bileti, ingilis dilli bələdçi, nəqliyyat, transferlər daxildir. Ancaq ödənilən qiymətə uçuş biletləri və sığorta daxil deyil.

"Gilan Turizm" Antalyaya 999 manata 8 günlük tur təşkil edir. Tura beşulduzlu 8 gün 7 gecəlik oteldə yerləşdirmə, uçuş xərci və sığorta daxildir.

“Ata Travel” şirkəti isə 1500 manata Xorvatiyada , Adriatik dənizi sahillərində 10 günlük istirahət təklif edir. Səyahət paketinə oteldə yerləşdirmə, səhər və şam yeməyi, Bakı-Split-Bakı reysinə aviabilet, transfer və sığorta xərcləri daxildir.

Araşdırmalarımız nəticəsində ortaya çıxdı ki, Azərbaycanda bəzi turizm şirkətləri səyahət paketlərinin ucuz başa gəlməsi üçün aviabilet və viza xərclərini paketə daxil etmirlər. Bu zaman istifadəçi uçuş xərclərini əlavə olaraq ödəməli olur. Adlarının çəkilməsini istəməyən digər turizm şirkətlərinin nümayəndələri də təyyarə biletlərinin baha olmasının onların işinə mənfi təsir etdiyini bildirdi.

Mövcud durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli də bu il turizm şirkətlərinə müraciətlərin az olacağını və bunun AZAL-ın təyyarə qiymətləri ilə bağlı olduğunu vurğuladı: “Artıq turizm mövsümü başlayıb. Ancaq turizm agentliklərinin açıqladığı məlumatlardadeyilir ki, bu il turizm şirkətləri xətti ilə xaricə dincəlməyə gedənlərin sayında kəskin azalma var. Bunun əsas səbəbi iqtisadi məsələlərlə bağlıdır. Digər səbəb isəəhalinin səyahət turlarını Bakıdan deyil, daha ucuz olan Tiflis üzərindən almağa üstünlük verməsidir. Gürcüstan aviaşirkətlərinin uçuş qiymətləri daha ucuz olduğundan azərbaycanlıların da bir çoxu Gürcüstan üzərindən səfərlərə üstünlük verir. AZAL bazarda inhisarçı şirkət olduğundan və ölkədə rəqabətli mühit olmadığından uçuş qiymətləri həddindən artıq bahadır. Bakıdan Barselonaya və geriyə olan tək təyyarə biletinin qiyməti 600-650 manat arasında dəyişir. Həmin bileti Türkiyə və ya Gürcüstan üzərindən alsan təxminən iki dəfə ucuz başa gəlir. Türkiyə üzərindən həyata keçirilən uçuşlarda bəzən təyyarələrdə yerlər tam tutulmadıqda endirimli biletlər əldə etmək mümkündür, şirkətlər tərəfindən bu cür aksiyalar həyata keçirilir. AZAL-da ümumiyyətlə bu cür aksiyalar yoxdur. Bu səbəbdən Azərbaycanda turizm paketlərinin baha olmasının əsas səbəbi təyyarə biletlərinin qiymətinin baha olması və turizm şirkətlərinin özlərinin izafi xərclərinin çox olmasıdır. Buraya əlavə vergi xərclərini və lisenziyanın alınması üçün ödənilən qeyri-leqal ödənişləri də daxil etsək turizm şirkətlərində təklif olunan paketlərinin nə üçün baha olmasını demək çətin olmaz”.

N. Cəfərli bildirdi ki, onda olan məlumata görə, artıq Azərbaycanın turizm şirkətləri Gürcüstan aviaşirkətləri ilə müqavilə bağlayaraq, insanlara turları Gürcüstan üzərindən almağı təklif edirlər: “Təbii ki, bu daha ucuz başa gəlir, insanlar da məmnuniyyətlə bu turların alınmasına üstünlük verirlər. Avropa ölkələrinə istirahətə gedənlərə bu cür paketlər daha sərfəli olur. Digər tərəfdən insanların internet üzərindən xarici səyahət paketlərini almaq imkanları var. Bu da yerli turizm şirkətlərinə müraciət edənlərin sayının azalmasına səbəb olur”.