BolgeXeber.Com » Xəbərlər » Nərimanov DYPŞ sürücüləri heç bir səbəb olmadan cərimələyir

Nərimanov DYPŞ sürücüləri heç bir səbəb olmadan cərimələyir

17-06-2015, 12:12
Oxunub: 4 465 Nərimanov DYPŞ sürücüləri heç bir səbəb olmadan cərimələyirTofiq Quliyevin və şöbənin Şamxal adlı əməkdaşının fəaliyyətinin araşdırılmasına böyük ehtiyac var

Ötən saylarımızın birində Tofiq Quliyevin rəisi olduğu Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşlarının sürücüləri incitmələri, eləcə də digər mühüm məqamlarla bağlı ətraflı məlumat vermişdik. Bildirmişdik ki, rayonun DYP əməkdaşları qanunlara hörmətsizlik edərək, nə yolla olursa-olsun şəxsi maraqlarını təmin etməyə çalışırlar.

Yəni istənilən qəza şəraiti yaradan şəxsi saxlayan DYP əməkdaşları sürücü ilə "danışıqlar"dan sonra ona 151.1 maddəsi ilə cərimə yazırlar. Belə olanda isə polis əməkdaşları həm şəxsi maraqlarını reallaşdırır, həm də gündəlik cərimə planını yerinə yetirirlər.

Qeyd edək ki, daha çox gəlir əldə etmək ehtirası bir çox vəzifə sahiblərinin, o cümlədən bəzi yol polisi əməkdaşlarının canına yeridiyindən həmin şəxslər ən yaxın adamlarından belə, mənfəət umurlar. Odur ki, bu gün bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Çünki Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin, əsasən də Tofiq Quliyevin sağ əli hesab olunan DYPŞ-nin Şamxal adlı əməkdaşının timsalında yol polisi işçilərinin fəaliyyətinə diqqət yetirsək, bu sahədə həddən artıq nöqsanların olduğunun şahidi olarıq. Bir neçə il öncə polis orqanında çalışanların əməkhaqları qaldırıldıqda çoxları elə fikirləşdi ki, artıq bundan sonra polis əməkdaşları, xüsusən də yol polisi işçiləri əlavə qazanc güdməkdən uzaq olaraq, yalnız əməkhaqqı ilə dolanacaqlar. Lakin hələ o zaman qeyd olunurdu ki, nə qədər ki, polis orqanlarında ciddi islahatlar aparılmayıb, maaşların artırılması bu sistemdə mövcud olan problemlərin aradan qaldırılmasına xidmət etməyəcək...

Polis sistemində olan bir çox nöqsanlar Tofiq Quliyevin rəisi olduğu Nərimanov rayon DYP şöbəsinin əməkdaşlarının fəaliyyətində öz əksini tapıb desək, yəqin ki, yanlışlığa yol vermiş olmarıq. Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Nərimanov rayonu ərazisində hansısa sürücü DYP əməkdaşları tərəfindən saxlanıldıqda, o canını yalnız irəli sürülən "şərt"lərlə razılaşmaqla qurtara bilər. Həmçinin, o da bildirilir ki, ilk Avropa Oyunları ilə bağlı xüsusi təyinatlı avtomobillərin maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yollarda sarı zolaqların çəkilməsi Nərimanov rayon DYP şöbəsinin əməkdaşlarının daha çox gəlir əldə etmələri ilə nəticələnib. Çünki bəzən sürücülər ya səhlənkarlıq ucbatından, ya da tələsdiklərindən həmin zolaqla hərəkət etməyə üstünlük verirlər. Tofiq Quliyevin rəisi olduğu Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə vəziyyətdən yararlanaraq sürücüləri saxlayaraq, onları "lazımi şəkildə" cərimələyirlər. Lakin sürücülər də polislə "yola getməyi" bacardıqları üçün vəziyyətdən asanlıqla çıxırlar… Əldə etdiyimiz informasiyalarda o da vurğulanır ki, Nərimanov rayon DYP şöbəsinin əməkdaşları sürücüləri heç bir səbəb olmadan, yol hərəkəti qaydalarını pozmadıqları halda saxlayıb, onları cərimələyirlər. Nəzərinizə çatdıraq ki, Yol-Patrul Xidməti Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət yol-patrul xidməti əməkdaşları tərəfindən stasionar və digər post və marşrutlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya texniki nəzarətetmə vasitələrinin tətbiqi ilə həyata keçirilir. Odur ki, yol-patrul xidməti, yol polisi əməkdaşları öz fəaliyyətində "Polis haqqında" və "Yol hərəkəti haqqında" Qanunları, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Daxili İşlər Nazirliyinin əmr və göstərişlərini, digər normativ aktların tələblərini, eləcə də bu təlimatı rəhbər tutmalıdırlar. Lakin polisin nüfuzuna xələl gətirən bəzi şəxslər bilərəkdən qanunları pozurlar. Tofiq Quliyevin sağ əli hesab olunan, Nərimanov rayon DYPŞ-nin Şamxal adlı əməkdaşı da bu qəbildən olan yol polislərindəndir. Bu səbəbdən də ümid edirik ki, Daxili İşlər Nazirliyi, həmçinin Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi tezliklə Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsində yaşanan xoşagəlməz olaylara son verilməsi ilə bağlı müvafiq tapşırıq verəcək. Çünki bu gün Tofiq Quliyevin və şöbənin Şamxal adlı əməkdaşının fəaliyyətinin araşdırılmasına böyük ehtiyac var…

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku