BolgeXeber.Com » Xəbərlər » “Azərenerji”dən qovuldu, “Azərişq”da vəzifə aldı

“Azərenerji”dən qovuldu, “Azərişq”da vəzifə aldı

18-06-2015, 11:07
Oxunub: 8 716 “Azərenerji”dən qovuldu, “Azərişq”da vəzifə aldıEldəniz Hacıyevin mükəmməl intriqaları onu yenidən “iş başına” gətirdi

Hələ iki il bundan əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallarda, o zaman Zaqatala Elektrik Şəbəkə müəssisəsinin direktoru vəzifəsini tutan Eldəniz Hacıyevin yarıtmaz fəaliyyətindən, eləcə də bu məmurla rayon rəhbərliyi arasında yaranmış qarşıdurmadan bəhs edən bəzi açıqlamalr təqdim olunmuşdu. Həmin vaxt redaksiyamıza daxil olan məktublarda bu məmurun rəhbərlik etdiyi müəssisənin fəaliyyətinin yerli sakinlərin ciddi narazılıqlarına səbəb olduğu bildirilirdi. Bununla bağlı vurğulanırdı ki, müəssisənin fəaliyyəti mütəmadi olaraq müxtəlif qanun pozuntuları ilə müşayiət olunur. İlk növbədə sakinlərin narazılıqlarına səbəb olan amil kimi sərf olunan elektrik enerjisinin pulunun sakinlərdən şəbəkənin əməkdaşları tərəfindən yığılması göstərilirdi. Məlumdur ki, o zaman Zaqatala Elektrik Şəbəkə müəssisəsinin də tabe olduğu “Azərenerjinin” təlimatlarına uyğun olaraq bu ödənişlər müvafiq bank şöbələri vasitəsilə həyata keçirilməlidir. Lakin Zaqatalanın əksər kəndlərində bu proses Eldəniz Hacıyevin dövründə köhnə qaydalarla davam edirdi. Təbii ki, məsələnin belə qoyuluşu ciddi mənimsəmələrə yol açır. Həm də əksər hallarda problemli vəziyyət yaranan zaman zərər çəkən tərəf yenə də enerji istehlakçısı olur. Məlumatlarda xüsusilə vurğulanan daha bir mənimsəmə mənbəyi kimi istehsal və kommersiya obyektləri ilə şəbəkə rəhbərliyi arasında bağlanan qeyri-rəsmi və qeyri-qanuni razılaşmalar göstərilirdi. Yerli mənbələrin iddialarına görə bu razılaşmalar həmin müəssisə rəhbərlərinə aylıq “haqq” ödənişləri etməklə sayğacdankənar qoşulmuş xətlərlə elektrik enerjisindən istifadə etmək imkanı verir. Bu isə təbii ki, dövlət vəsaitlərinin mənimsənilməsi ilə bərabər, həm də digər istehlakçıların mənafeylərinə ziddir. Daha sonra mənbə bildirmişdi ki, bu kimi hallar hətta “Azərenerji”nin müvafiq qurumlarının Zaqatala rayonu üzrə həyata keçirdiyi yoxlama reydləri zamanı da aşkar olunmuşdu. Çoxsaylı şikayətlərə əsas verən daha bir məqam da elektrik enerjisinin nəql olunduğu xətlərə nəzarət olunmaması ilə bağlı idi. Şikayət məktublarında bildirilirdi ki, E.Hacıyevin rəhbərlik etdiyi şəbəkənin əməkdaşları onun göstərişlərinə əsasən yalnız “razılaşmalarda” iştirak edən qurumları enerji ilə təchiz edən xətlərin saz vəziyyətdə saxlanılmasına nəzarət edirlər. Təbii ki, bu da digər istehlakçıların hüquqlarının kobud şəkildə pozulması deməkdir.

Qeyd etmək lazımdır ki, bütün bu qanun pozuntuları “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin diqqətindən kənarda qalmadı. Bütün bu qalmaqalların ictimai müzakirələrə çıxarılmasından az müddət sonra Eldəniz Hacıyev nəhayət ki, tutduğu vəzifədən azad olundu. Lakin məlum olduğu kimi, artıq bu ilin fevral ayından etibarən ölkə prezidentinin müvafiq sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı və “Azərenerji”nin də səlahiyyətləri “Azərişıq” ASC-yə verildi. Bu yaxınlarda aldığımız xəbərə görə isə, Eldəniz Hacıyev də bu dəyişikliklərdən böyük məharətlə yararlana bilmişdir. Belə ki, o, Şəki elektrik paylayıcı şəbəkəsinin rəhbəri təyin olunmuşdur. Maraqlıdır ki, dərc etdiyimiz ötən materiallarda biz Eldəniz Hacıyevin rayonda qurduğu mürəkkəb intriqalar şəbəkəsi və ən əsası da bu intriqalar sayəsində müəyyən insanlarla necə manipulyasiyalar etmək imkanı əldə etməsi barədə də bəzi fikirlər səsləndirmişdik. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda mənbələr xəbər vermişdilər ki, Eldəniz Hacıyevin pul yığmaqdan və eyş-işrətdən boş qalan vaxtlarda yeganə məşğuliyyəti Şəki Regional Elektrik Şəbəkə MMC-nin rəhbəri Elşad Məmmədov barəsində mətbuata böhtan xarakterli yalan məlumatlar hazırlamaqdan və onun barəsində mümkün qədər çox kompramat toplamaqdan ibarətdir. Artıq o zaman Zaqatala Elektrik Şəbəkə müəssisəsinin rəhbəri bu istiqamətdə müəyyən “irəliləyişlərə” nail ola bilmişdi. Həmçinin həmin ərəfədə əməkdaşımızın Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə ilə baş tutmuş telefon danışığı zamanı da, Mübariz müəllim dərc olunmuş materiallara münasibət bildirərək, Eldəniz Hacıyevə qarşı irəli sürülən ittihamların əksəriyyətinin öz təsdiqini tapdığını söyləmişdi. Daha sonra başçı bildirmişdi ki, işində yol verdiyi nöqsanlara görə artıq may ayının 20-dən etibarən E.Hacıyevtutduğu vəzifədən azad ediləcək. Lakin şəbəkə rəisi məhz Elşad Məmmədovun dəstəyi ilə hələ bir müddət də işdə qala bilmişdi. Məhz elə bu səbəbdən yerli mənbələr E.Hacıyevin Elşad Məmmədova qarşı hansısa təsir vasitələri əldə bildiyi ehtimalını irəli sürmüşdülər. Əks halda Regional Elektrik Şəbəkənin rəhbəri öz vəzifələrinin öhdəsindən gəlməyən, rüşvətxor bir məmuru hər vəchlə vəzifədə saxlamaq naminə RİH-nin rəhbərliyi ilə açıq qarşıdurmaya girmək riskini göz altına almazdı. Bu gün isə hadisələrin inkişafı belə deməyə əsas verir ki, Eldəniz Hacıyev hətta vəzifədən kənarlaşdırıldıqdan sonra da öz intriqalarını məharətlə davam etdirə bilmişdir. Nəticədə isə məhz Elşad Məmmədov onun hazırkı vəzifəyə təyinatına nail olmuşdur. Böyük ehtimalla “Azərişıq” ASC-nin sədri Baba Rzayevin bu məmurun timsalında necəbir “kadr” əldə etdiyinə dair hələ ki, doğru-dürüst məlumatı yoxdur. Bununla belə, Eldəniz Hacıyevin yeni vəzifədə də artıq tətbiq etməyə başladığı idarə üsulları yəqin ki, ən qısa zamanda öz effektini bir daha göstərəcək. Gözləmək olar ki, ASC-nin sədri də Şəki elektrik paylayıcı şəbəkəsinin yeni rəhbərinin əsil simasını məhz bundan sonra ən xırda cizgilərinə qədər, aydın seyr etmək imkanı əldə edəcək…

Materialda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
bizimdovr.az