BolgeXeber.Com » Xəbərlər » “Hacı İbrahimin qardaşı “Bentley"də gəzir, amma halal mülkümü vermir” - ŞİKAYƏT

“Hacı İbrahimin qardaşı “Bentley"də gəzir, amma halal mülkümü vermir” - ŞİKAYƏT

20-06-2015, 15:35
Oxunub: 957 “Hacı İbrahimin qardaşı “Bentley"də gəzir, amma halal mülkümü vermir” - ŞİKAYƏT“Sahib İbrahimov adlı iş adamı mülkümüzü əlimizdən alıb, bizi küçələrdə qoyub. 8 ildir kirayələrdə çürüyürük

Bir ovuc rüşvətxor, korrupsioner əlində qalmışıq, bunlara heç cür gücümüz çatmır”.

Bunu virtualaz.org saytına müraciətində Bakı şəhər sakini Yeganə Ağayeva deyib.
Şikayətçinin sözlərinə görə, qarşılaşdıqları problemlərin səbəbkarı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimov və Sahibin digər qardaşı Nazim İbrahimovun (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri-red.) qaynı Məzahir Cəfərovdur: “Teymur Əliyev küçəsində ailə üzvlərimə məxsus dördmərtəbəli mülkümüz olub. Həmin mülkü satışa qoyduq. Mülk 2 milyon 200 min manat dəyərində qiymətləndirilmişdi. Sahib İbrahimov mülkə müştəri çıxdı. Maklerlə birlikdə gəlib baxdı və bəyəndi. Belə bir razılaşma əldə olundu ki, o, mülkün əvəzində bizə 2111 kvadratmetr sahəsi olan mənzil verəcək”.
Y.Ağayevanın dediklərindən belə məlum olub ki, Sahib İbrahimov həmin vaxt “Sahil D” tikinti şirkətinin təsisçisi olub. Aralarındakı razılaşmaya əsasən Xətai rayonunda “Sahil D” şirkətinin inşa etdiyi binalardan 13 mənzil Ağayevlərə verilib. Sözügedən mülk isə Sahib İbrahimovun həyat yoldaşının adına keçirilib. Mülk Y.Ağayevanın adına olduğundan müqavilələr də onunla bağlanıb.
Y.Ağayevanın dediklərindən: “Müqavilələr mənimlə “Sahil D” şirkətinin o zamankı direktoru, Nazim İbrahimovun qaynı Məzahir Cəfərov arasında bağlandı. Müqavilə imzalanarkən bina tam hazır olmamışdı. Bizə 13 ədəd ayrıca qəbz verildi. 2009-cu ildə mənzillərin hamısının tam təhvil veriləcəyini dedilər. Mənzillərdən birinə müştəri çıxmışdı, satmaq istəyirdik. Ofisə gedəndə məlum oldu ki, Sahib İbrahimov artıq şirkətin təsisiçisi deyil. Onu kirvəsi İlham Qasımov əvəz edir. İlham Qasımov bizə dedi ki, mən sizi tanımıram, ev-zad vermirəm, gedin Sahibdən istəyin. Onu da əlavə etdi ki, Sahibin mənə borcu var, sizdən aldığı mülkün pulunu şirkətə verməyib, pulu qaytarsın, sonar da bu məsləni həll edək. İlham Qasımova onların arasında baş verənlərin bizə heç bir aidiyyətinin olmadığını, müqavilə əsasında mənzil aldığımızı desək də xeyri olmadı. Sahib İbrahimovun şəriki Məzahir Cəfərov da eyni şeyləri dedi”.
Şikayətçinin sözlərinə görə, kor-peşman Sahib İbrahimovun yanına gediblər. S.İbrahimov onlara şirkətdən ayrıldığını, İ.Qasımovla M.Cəfərovun dediklərinin heç bir əsasının olmadığını bildirib: “Bizə dedi ki, mənzillər sizindir, əlinizdə müqavilələriniz var, heç nədən narahat olmayın. Yenidən qayıtdıq Məzahir Cəfərovun yanına. O isə yenə dedi ki, gedin haqqınızı Sahibdən istəyin.
Bizim səhvimiz mülkü Sahib İbrahimovun həyat yoldaşının adına keçirməyimiz olub. Əlimiz hər yerdən üzülmüşdü. Məcbur olub Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdik. Burada məlum oldu ki, sən demə, “Sahil D” şirkətinin işi ilə bağlı Antikorrupsiya İdarəsində istintaq gedirmiş. İşi aparan müstəntiq “siz bu iş üzrə zərərçəkən deyilsiniz, sizdə heç bir problem yoxdur, evlər sizindir” deməklə bizi arxayınlaşdırırdı.
İki il bu idarəyə ayaq döydük. İstintaqın yekunlaşmasına az qalmış dedilər ki, sizin evlərinizi türk vətəndaşlarına satıblar. Amma belə bir şey olmamışdı, bunu sonradan elədilər”.
Qeyd edək ki, hazırda bu məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. Məhkəməyə hakim Ənvər Seyidov sədrlik edir. Məhkəmə qarşısına “Sahil D” şirkətinin direktoru Məzahir Cəfərov çıxarılıb.
İttihama görə, M.Cəfərov qeyd edilən şirkətlərin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib. Rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə, özgənin əmlakını ələ keçirmək məqsədilə, “Sahil D” MMC tərəfindən paytaxtın Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və tam ödənişi aparılmış mənzilləri saxta sənədlər əsasında yenidən ayrı-ayrı şəxslərə satılıb.
Nəticədə 4 milyon 458 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının istintaq dövründə ödətdirilməsi təmin edilib.
Şikayətçi Y.Ağayeva deyir ki, aldadılan təkcə onlar olmayıb. Cinayət işi üzrə 53 nəfər zərərçəkmiş var. Həmin binadan mənzil almış zərərçəkmişlərin hamısına eyni cavab verilir: “Nə Sahib İbrahimovu, nə də İlham Qasımovu həbs etmədilər. Məzahiri də içəridə 3 ay saxladılar, sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxıldı. Sahib İbrahimov məhkəməyə şahid kimi gəlib-gedir. Hər üçü əlbirdirlər.
Biz bu iş üzrə zərərçəkmiş qismində tanınmışıq. Amma “Sahil D” şirkəti Nərimanov Rayon Məhkəməsində bizə qarşı mülki iddia qaldırıb. Həmin iddiada müqavilələrin ləğvi tələb olunur. Evlərimizi verməmək üçün hər cür fırıldağa əl atırlar. Təsəvvür edin, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır, amma bunlar digər məhkəmə mülki iddia qaldırırlar. Həm evimizi əlimizdən alır, həm də müqaviləmizin ləğv olunmasını tələb edirlər. Bakı Ağır Cinayətlər Məhkəməsi bununla bağlı Nərimanov Rayon Məhkəməsinə bildiriş göndərib, bunun qanunsuz olduğu izah olunub. Amma işə baxan hakim Ramin Quliyev qanuna məhəl qoymur. Top kimi oynadırlar bizi. O qapıdan bu qapıya, bu qapıdan o qapıya atırlar.Vəzifələrinin, pullarının gücünə bizi küçədə qoyublar. Bunlara gücümüz çatmır. Bir ovuc korrupsioner əlində qalmışıq. Antikorrupsiya İdarəsi aldadır, məhkəmələr aldadır. Ən çox bizi süründürən, aldadan Antikorrupsiya İdarəsi oldu. Düz 8 ildir kirayələrdə qalırıq. Evlərimizi geri istəyirik. Bizə kompensasiya ödəməlidirlər. Amma 13 evə görə bizə bir manat da vermədilər. Sahib ofisə bir gün “Bentley”, o biri günsə “Rolls Roys”la gəlir. Ofisin qabağına 7 maşın düzür. Sanki millətə acıq verirlər”.
Yeganə Ağayeva ölkə rəhbərliyindən bu məsələni nəzarətə götürməsini xahiş edib: “Biz öz haqqımızı tələb edirik. Bu gün bu adamlar məmur olan qohumuna güvənib bizim halal evlərimiz əlimizdən alıb. Sizdən artıq dərəcədə xahiş edirik ki, bu məsələni nəzarətə götürəsiniz. Biz yalnız dövlət başçısına inanırıq”.
Səslənən bu fikirlərə münasibət öyrənmək üçün “Sahil D” şirkəti ilə əlaqə saxlamaq istədik. Amma şirkətdən telefon zənglərinə cavab verən olmadı. Bununla belə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
BOLGEXEBER.COM