BolgeXeber.Com » Xəbərlər » Cahangir Əsgərovun reytinq "endirimləri"

Cahangir Əsgərovun reytinq "endirimləri"

25-06-2015, 12:13
Oxunub: 3 461 Cahangir Əsgərovun reytinq "endirimləri" Bu günlərdə Almaniyanın "Skytraks" marketinq şirkəti dünyanın 100 ən yaxşı aviaşirkətinin reytinqini ("World Airline Awards") açıqlayıb

Reytinq cədvəlində birinci yeri ötən il olduğu kimi yenə də "Qatar Airways" şirkəti tutub. Aparıcı aviaşirkətlərin üçlüyünə "Singapore Airlines" və Honkonqun "Cathay Pacific Airways" şirkətləri daxildir. Azərbaycanın "AZAL" aviaşirkəti sözügedən siyahıda 66-cı yer alıb. Qeyd edək ki, "World Airline Awards" siyahısını dünya aviadaşıyıcılarının ən nüfuzlu reytinqi adlandırırlar.
Bu reytinq 160 ölkədən 20 milyon səyahətçi arasında onlayn anket əsasında hazırlanır. 1999-cu ildən bəri aparılan tədqiqatlar dünyada ən böyük hesab edilir. Nəzərə almalıyıq ki, hələ 5 il öncə "AZAL"-ın adı heç 100 ən yaxşı aviaşirkətin də sırasına düşməmişdi. Ona görə də, elliklə hörmətli Cahangir Əsgərovu bu müvəffəqiyyət münasibətilə "təbrik” etməyə dəyər. Bir şərtlə ki, baş "AZAL"-çımız təşkil etdiyi uçuşların maya dəyərini azaltsın. Doğrudan da, milli aviaşirkətimizin təyyarələrində uçmaq ildən-ilə baha başa gəlir. Halbuki, dünyada uçuşların mümkün qədər ucuz və keyfiyyətli xidmətlərlə müşayiət olunur. Nəzərə almalıyıq ki, "AZAL"ın aviaparkının daha da zənginləşdirilməsinə dövlət səviyyəsində xüsusi qayğı var. Aviaşirkət üçün hər il dünyanın ən yeni hava gəmiləri alınır. Uçuşların təhlükəsizliyi və dünya sərnişindaşımalarında tətbiq edilən cəlbedici qiymət endirimlərinin səmərəsi üçün kifayət qədər iş görülsəydi "AZAL"-ın reytinqi daha yüksək olardı. Aviaşirkətin rəsmi internet saytında rəhbərliyin beynəlxalq uçuşlar şəbəkəsini genişləndirməyə çalışdığı, sərnişinlərin yüksək xidmət keyfiyyəti ilə təmin edilməsinə xüsusi diqqət verdiyi deyilir. Bütün bunların, üstəlik də milli aviaşirkətimizin ən yaxşı ənənələrinin olduğunu zaman-zaman bəyan edənlər görəsən niyə dünya aviadaşımalarında layiq olduqları səviyyədə deyillər? Əlbəttə, dünyada qəbul edilmiş uğur sertifikatlarından fərqli olaraq Cahangir Əsgərovun öz müvəffəqiyyətləri var və "AZAL" başqanı yeri gəldi-gəlmədi, bunları sadalamaqla dolayısı ilə öz adına çıxaraq mülki aviasiyada hökm sürən real vəziyyəti öz xeyrinə şişirtməyə çalışır. Bəli, "AZAL"-ın əldə etdiyi bir sıra uğurlar göz qabağındadı. Lakin bu uğurların əhatə dairəsi daha da geniş ola bilərdi. Təəssüf ki, bütün mümkün irəliləyiş və inkişaf rıçaqları Konsern prezidentinin əlində cəmləşdiyindən son sözü məhz bu şəxs deyir. Uzun illərdir vəzifəsində görəvini yapan, həm də şəxsi biznesini yaradan məmurda formalaşmış reflekslər onu özündən müştəbehliyə aparır.
gundelik-baku.com