BolgeXeber.Com » Xəbərlər » Tağı Əhmədovun könlündəki vəzifə - Hələ də ümidlidir...

Tağı Əhmədovun könlündəki vəzifə - Hələ də ümidlidir...

26-06-2015, 12:06
Oxunub: 7 261 Tağı Əhmədovun könlündəki vəzifə - Hələ də ümidlidir...Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun vəzifə dönəmi ötən ilin fevral ayında başa çatdı

Belə ki, prezident "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzaladı. Sərəncamla Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı və ölkə başçısının digər sərəncamı ilə Zaur Mirtofiq oğlu Hüseynov cəmiyyətin sədri təyin edildi.
Beləliklə, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin bütün hüquq və öhdəlikləri, habelə əmlakı yeni yaradılan quruma keçdi. Qeyd edək ki, bu struktur dəyişikliyi ilə Tağı Əhmədovla yanaşı, onun bəzi yaxın adamları da tutduqları vəzifələrdən uzaqlaşdırıldılar. Həmin şəxslərdən biri də "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin rəisi Qasım Abdullayev oldu. Məlumat üçün bildirmək istəyirik ki, struktur dəyişikliyinin qurbanı olan idarə rəisi 1957-ci ilin oktyabrın 10-da Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol inşaatı fakültəsinə qəbul olunub və 1980-ci ildə həmin təhsil müəssisəsini körpü və tunellər ixtisası üzrə bitirib. Elə həmin vaxtdan metro tikintisi sahəsində çalışmağa başlayıb. Əvvəlcə növbə, sonra sahə rəisi olub. 1993-cü ildə Xüsusi Tamamlama İşləri İdarəsinin baş mühəndisi, 1996-cı ildə idarənin rəisi təyin edilib. Xatırladaq ki, keçmiş idarə rəisi vəzifədə olduğu müddətdə adı bir sıra maliyyə yeyintilərində və biznes layihələrində hallandırılırdı. Amma özü bu barədə deyilənləri heç vaxt təsdiqləməyib. Buna baxmayaraq, sabiq idarə rəhbərinin bizneslə məşğul olmasına, eləcə də idarə rəisi işlədiyi vaxtlarda həyata keçirdiyi qanunsuzluq hallarına dair kifayət qədər fakt var. Təəssüf ki, aidiyyəti dövlət qurumlarının nümayəndələri indiyə kimi bunu araşdırmayıb. Özəl qaynaqlardan aldığımız məlumatlara görə, Qasım Abdullayev vəzifədən kənarlaşdırılandan sonra tikinti sektorundakı işlərinə daha çox vaxt ayırmağa başlayıb: "O metropolitenin keçmiş rəisi Tağı Əhmədovla yaxın dostdur. Müxtəlif şənlik məclislərində və tədbirlərdə onları yanaşı görmək mümkündür. Onların hər ikisi vəzifədə işlədikləri dönəmlərdə şərikli layihələrə imza atıblar. Son vaxtlar bu şəxslərin bines ortaqlığı daha da genişlənib. Deyilənə görə, keçmiş rəislər paytaxtın bəzi mərkəzi ərazilərində hündürmərtəbəli binaların tikintisini həyata keçirirlər. Paytaxtla yanaşı, rayonlarda da tikinti layihələrinə imza atıblar. Məsələn, Qasım Abdullayevin Tovuz və turizm üçün əlverişli sayılan digər rayonlarda istirahət mərkəzləri, villalar inşa etdirdiyi bildirilir. Lakin həmin obyektlərin heç biri onun öz adına deyil, ayrı-ayrı qohumlarının adına rəsmiləşdirib". Mənbəmizin sözlərinə görə, uzun müddət rəhbər vəzifədə çalışmış Tağı Əhmədov və Qasım Abdullayev biznesdən külli miqdarda gəlir əldə etsələr də, kreslo sevdasından əl çəkə bilmirlər. Onlar ən qısa zamanda yenidən hansısa vəzifəyə yiyələnmək haqda fikirləşirlər: "Tağı Əhmədov YAP-ın Yasamal rayon təşkilatının sədri seçildikdən sonra yenidən vəzifə alacağına dair ümidləri də artıb. Bir müddət əvvəl məclislərin birində o Qasım Abdullayevə "bir az səbr elə, hər şey yaxşı olacaq" deyə təsəlli verib. Keçmiş metropoliten rəisinin arzuladığı post isə nəqliyyat nazirinin müavini vəzifəsidir. Sabiq məmur nazir müavini vəzifəsinə keçə bilmək üçün bütün əlaqələrini işə salıb, imkanlarını səfərbər edib. Hələlik ortada bir nəticə yoxdur. Ancaq onun nazir müavini təyin edilməsi mümkün variantdır. Belə bir kadr dəyişikliyi olsa, onda Qasım Abdullayevin mövqeyi güclənəcək və tikinti sektorundakı payını artırmağa nail olacaq".
gundelik-baku.com