BolgeXeber.Com » Xəbərlər » Qusar olayları ətrafında nə baş verir?

Qusar olayları ətrafında nə baş verir?

2-07-2015, 14:50
Oxunub: 4 026 Qusar olayları ətrafında nə baş verir?Rayona daxili qoşunlar yeridilməyib, nazirin qardaşı hadisə yerində olmadığını deyir, Məmmədovlar isə məlumatın mətbuatdan çıxarılmasına çalışdığına dair xəbərlər yayılıb

Xəbər verildiyi kimi, dünən Qusar rayonunda dəhşətli qətl hadisəsi qeydə alınıb. Virtualaz.org saytnın yaydığı məlumatda vurğulanırdı ki, biznesmen Ramiz Vəliyev onun villasında gözətçi işləyən E.Hacıyev tərəfindən güllələnib. Hadisəyə səbəb isə biznesmenin gözətçinin bacısına söz atmaası olub.

Sonradan isə belə bir məlumat yayıldı ki, öldürülən şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib. Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.

Bu xəbərlərin ardından daha bir neçə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan xəbərlərdə vurğulanır ki, hadisədən dərhal sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib və qətli törədən şəxs yaxalanıb. Hazırda isə Qusar rayon prokurorluğunda bununla bağlı cinayət işi qaldırılıb və istintaq aparılır.

Eyni zamanda, olayın ardından Qusarda vəziyyətin gərginləşdiyinə dair məlumatlar da yayılıb. Sosial şəbəkələrdə yayılmış həmin məlumatlarda iddia olunub ki, rayon camaatı baş verən hadisədə qatili deyil, öldürülən şəxsi günahkar bilirlər və həbsə etiraz edirlər. Hətta o da qeyd edilirdi ki, vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq rayona Daxili Qoşunların qüvvəsi gətirilib.

Amma gün ərzində məlum olub ki, bu xəbərlərin heç bir əsası yoxdur və Qusarda hər hansı bir etiraz qeydə alınmayıb. JAM.AZ-ın rayondan aldığı məlumata görə, tam sakitçilikdir. Hərçənd qətllə bağlı söz-söhbətlər də dolaşır ki, bunun da etirazlarla müşahidə olunduğu qeydə alınmayıb.

Bu əsnada millət vəkili Elton Məmmədov Qusar rayonunun Çiləgir kəndində qardaşı Nəriman Məmmədovun qudası Ramiz Vəliyevin odlu silahla qətlə yetirilməsinə münasibət bildirib. O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda qətl hadisəsi ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır. Mən hadisə yerində olmamışam. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinisə,Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.

Ancaq bu deyilənlərdən fərqli olaraq, nazirin qardaşının inkar etməsi çoxları tərəfindən real görünmür. Bunun başlıca səbəbi isə dünən axşam saatlarından etibarən Ziya Məmmədovun yaxın adamlarının mətbuat orqanlarında Nəriman Məmmədovun adının hallandığı qətllə bağlı xəbərləri çıxarmaq üçün çalışıblar. Belə ki, onlar bir neçə nəfər şəxsin yardımı ilə bəzi mətbuat orqanlarının rəhbərləri ilə danışıq apararaq, məlumatların yığışdırılmasını istəyiblər. Və bu xəbər təsdiqini taparsa, o zaman işin rənginin dəyişəcəyi də istisna edilmir.

Araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM