BolgeXeber.Com » Xəbərlər » İcra başçısının “çəkisinə dözməyən” hakimin “ədalət tərəzisi”

İcra başçısının “çəkisinə dözməyən” hakimin “ədalət tərəzisi”

4-07-2015, 09:40
Oxunub: 5 097 İcra başçısının “çəkisinə dözməyən” hakimin “ədalət tərəzisi”Azərbaycan məhkəməsi günahsız sürücüyə 6 il həbs cəzası verib, günahkarı azad etməklə adını tarixə yazır

Azərbaycan cəmiyyəti növbəti dəfə ədalətsiz, hətta Allahsız bir məhkəmə hökmünün şahidi oldu. Məhkəmə ölümə səbəb olmuş şəxsi həbsdən azad etdi, ancaq heç bir günahı olmayan şəxs həbsdə qaldı. Söhbət Səbayel rayon icra başçısının oğlunun səbəb olduğu faciəvi avtoqəzadan gedir.

"Turan" agentliyinin məlumatına görə, iyunun 29-da Apelyasiya Məhkəməsi Vaqif Mursaqulovun sədrliyi ilə Səbayel rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin azadlıqdan məhrumetmə cəzasının müddətini 5,5 ildən 3 ilə qədər azaldıb. Eyni zamanda qətimkan tədbiri dəyişdirilərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib. Beləliklə, İlham Əsgərli azadlığa çıxıb.

Xatırladaq ki, 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həlak olması ilə bağlı iş üzrə hökm çıxarıb. Məhkəmə bu qəzada İlham Əsgərlini və Əhliman Süleymanovu təqsirli bilib, onları 5,5 və 6 il müddətinə azadlıqdan məhrum edib. Hər ikisi məhkəmə zalında həbs ediliblər.

Sənan Mirzəyev 2014-cü il sentyabrın 28-də avtomobil qəzasında həlak olub. Qəza Zığ-Aeroport yolunda baş verib, İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500" Əhliman Süleymanovun idarə etdiyi ”Howo" yük maşınını vurub. Həmin vaxt Sənan Mirzəyev və Pərvin Fətullayev (maşını idarə etməyi İlhama həvalə etmiş sürücü) “Mercedes”də olub.
Sənan Mirzəyev xəstəxanada bir müddət sonra vəfat edib, Fətullayev və Əsgərli isə yaralanıblar və müalicədən sonra ev dustaqlığına alınıblar. Şahidlərin ifadələrindən görünürdü ki, “Mercedes” 180-200 km/saat sürəti ilə gedirdi və yük maşınını ötməyə çalışarkən onu vurub.

Ancaq göründüyü kimi, ilkin instansiya məhkəməsi qəzaya və bir nəfərin ölümünə səbəb olan şəxsi 5,5 il, hadisədə faktiki olaraq təqsiri olmayan yük maşını sürücüsünü isə 6 il müddətinə azadlıqdan məhrum edib. Hələ o zaman məhkəmənin faktiki olaraq günahı sübuta yetirilməmiş sürücünün bu şəkildə ağır cəzalandırması birmənalı qarşılanmamışdı. Ancaq indi Apelyasiya Məhkəməsi Ağır Cinayətlər Məhkəməsinin qərarını kölgədə qoyan hökm verib.

Əlbəttə, məsələ onda deyil ki, icra başçısının oğlu hökmən ağır məhkumluq cəzası almalı idi. Məhkəmə hansısa (əgər həqiqətən də belə bir səbəb varsa) əsasa görə qəzaya və insan ölümünə səbəb olan şəxsin cəzasını azaldıb. Yəni faktiki olaraq azad edib. Ancaq nədənsə eyni mərhəmət nümunəsi sürücüyə şamil olunmayıb və hakim qəzada faktiki olaraq günahı olmayan yük maşını sürücüsünü unudub. Halbuki şahid ifadələri də yük maşınının günahkar olmadığını bildirib.

Yəni hakim ən azı icra başçısının oğluna qarşı sərgilədiyi mərhəməti yük maşını sürücüsünə qarşı da edə bilərdi. Ancaq görünür, bu qərarın verilməsində hakimin mərhəmət hissi deyil, başqa səbəblər üstün olub. Və təbii ki, ən mühüm səbəblərdən biri də icra başçısı Asif Əsgərov olub. Və sonda bu hökmü Azərbaycan ədliyyəsi götürsə də, Allah götürməz. Hakimlərin də məhkum olduğu gün var axı. musavat.com