BolgeXeber.Com » Xəbərlər » Elxan Hüseynovun diplomatiyası tələbələrə baha başa gəlir

Elxan Hüseynovun diplomatiyası tələbələrə baha başa gəlir

4-07-2015, 13:52
Oxunub: 3 570 Elxan Hüseynovun diplomatiyası tələbələrə baha başa gəlirSDU-da tətbiq olunan yeni qiymətlər tarifi də məhz bu diplomatiyanın “təntənəsidir”

Bir neçə gün bundan öncə başa çatmış yay imtahan sessiyasının nəticələri bir daha təsdiq etmiş oldu ki, Sumqayıt Dövlət Universitetində (SDU) təhsil alan gənclər, tələbəlik illərinin digərlərinə bəxş etdiyi bir çox təəssüratları, ən çox da məhz tədris prosesi zamanı yaşanan zəfər və bacarıq, bəzən isə uğursuzluq və məyusluq kimi hissləri duymaq imkanlarından məhrum olunublar. Belə ki, ölkəmizin bir çox digər ali məktəblərindən fərqli olaraq, SDU-da təhsil alan tələbələr arasında nə uğurla verilmiş imtahanların təəssüratları ilə bölüşənlərə, nə də cavablandıra bilmədikləri sualların müzakirəsini aparanlara rast gələ bilməzsiniz. Axı bütün imtahanların nəticələri əvvəlcədən həyata keçirilmiş pul yığımları ilə müəyyən edilibsə, bu zaman tələbəyə artıq imtahandan sonra nəyəsə sevinmək və ya üzülmək şansı da buraxılmır. Artıq dəfələrlə qeyd olunduğu kimi Sumqayıt Dövlət Universitetinin rəhbərliyi bütün digər məsələlər kimi tədris və qiymətləndirmə prosedurlarını da elə bir “iqtisadi” əsaslar üzərinə keçirib ki, artıq burada elm və təhsildən danışmağın belə yeri qalmayıb.

Məlum olduğu kimi, 2013-cü ilin dekabr ayında SDU-ya tədris işləri üzrə prorektor vəzifəsinə təyin olunmuş Elxan Hüseynova həm müvəqqəti olaraq bu ali təhsil müəssisəsinin rektoru vəzifəsinin icrası həvalə edilmişdi. Lakin, Elxan müəllimin eyni zamanda həm də ölkəmizin fövqəladə və səlahiyyətli səfiri olduğunu da unutmaq lazım deyil. Beləliklə, bir neçə uğurlu “diplomatik” gedişdən sonra, 2014-cü ilin mart ayında Elxan Hüseynov SDU-nun rektoru vəzifəsinə təyin olundu. Təbii ki, o zaman Sumqayıt ictimaiyyəti doğma universitetlərinin rəhbərliyində baş vermiş bu dəyişiklikdən müəyyən səmərə, ən azından mövcud problemlərin həllini gözləyirdi. Həmçinin tələbələr də SDU-nun fəaliyyətində müşahidə olunan neqativ halların aradan qaldırılacağına müəyyən ümidlər bağlayırdılar. Lakin Elxan Hüseynovun prorektor vəzifəsində göstərdiyi fəaliyyətini daha dürüst təhlil edə bilmiş bir çox kollektiv üzvləri heç də bu nikbin ümidləri paylaşmırdılar. Çünki bu fəaliyyət SDU-nun köhnə rəhbərliyinin tətbiq etdiyi idarəçilik üsullarından qətiyyən fərqlənmirdi. Aradan çox az bir müddət keçdikdən sonra isə Sumqayıt Dövlət Universitetində yeganə islahatların məhz elə kadr dəyişikliklərindən ibarət olacağı artıq hamıya aydın oldu. Elxan Hüseynov SDU-da aldığı birinci şəxs statusunun imtiyazlarını yerli kadrların hər-hansı “təcavüzündən” sığortalamaq üçün, Bakı Dövlət Universitetində çalışdığı 12 il ərzində orada formalaşdırdığı komandanın ən etibarlı üzvlərini özü ilə Sumqayıta gətirdi. Bu gün isə yeni rektorun köhnə məsləkdaşları Sumqayıt Dövlət Universitetində ən vacib postlara yerləşdiriliblər. Elxan Hüseynovun rəhbərlik etdiyi ali təhsil müəssisəsində həyata keçirdiyi “islahatların” ikinci mərhələsi isə məhz tələbələrdən yığılan imtahan pullarının məbləğlərinin artırılması ilə əlamətdar oldu. Bu xüsusda redaksiyamıza təqdim olunan açıqlamalarda da bildirilmişdi ki, yeni rektor universitetə təzə gətirdiyi fakültə və kafedra rəhbərlərinə ilk növbədə qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbərdarlıq olunmasını tapşırıb.Və yalnız bundan sonra, həm də səslənəcək etirazların elə də təkidli olmayacağı təqdirdə, artıq yeni tariflərlə digər kontingent də tanış edilməli idi. Göründüyü kimi Elxan müəllimin diplomatiyası yenə də büruzə verir. Yeni aldığımız məlumatlarda isə qeyd olunur ki, məhz bu günlərdə başa çatmış yay sessiya imtahanlarında, Elxan Hüseynov təyin etdiyi yeni qiymətlər tarifi üzrə növbəti yığımı uğurla həyata keçirib...bizimdovr.az

Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.