BolgeXeber.Com » Xəbərlər » 173 saylı məktəbə qəbulun qiyməti müəyyənləşdi

173 saylı məktəbə qəbulun qiyməti müəyyənləşdi

7-07-2015, 19:07
Oxunub: 4 701 173 saylı məktəbə qəbulun qiyməti müəyyənləşdiİddialara görə Afiqə Həsənova birinci siniflərə qəbul üçün 100, attestat və şəhadətnamələrə görə isə 50 manat tələb edir

Redaksiyamıza yeni daxil olmuş məlumatlarda bildirilir ki, Bakının Yasamal rayonunda yerləşən 173 saylı orta məktəbdə artıq birinci siniflərə şagird qəbulu ilə bağlı sənədlərin qəbuluna start verilmişdir. Məlumatlarda həmçinin vurğulanır ki, məktəbə təqdim olunan digər sənədlərin arasında 100 manatlıq əsginazın da olması zəruri şərtlərdən biridir. Əks halda isə bütün digər sənədlər hətta nəzərdən belə keçirilmədən geri qaytarıla bilər. Mənbə bildirir ki, xüsusi qeydlərdə bu əsginazın 2 ədəd 50 manatlıq, 5 ədəd 20 manatlıq və ya ümumi məbləği 100 manat təşkil eəcək istənilən sayda digər əsginazlarla da əvəz oluna biləcəyi vurğulanır. Əsas odur ki, sənədlərin arasında 100 manat pul olsun. İddialara görə 173 saylı orta məktəbin direktoru Afiqə Həsənovanın bu təhsil müəssisəsinin birinci siniflərinə şagird qəbulu üçün müəyyən etdiyi məbləğ məhz bu qədərdir. Qeyd edək ki, bu orta təhsil müəssisəsinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallara dair açıqlamalar artıq uzun müddətdir ki, redaksiyamıza daxil olmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün bir çox orta məktəblərdə “fond pulu”, “təmir pulu”, “məktəbin təsərrüfatına könüllü yardım” və sairə bu kimi adlar altında hələ də rüşvət yığımları davam etməkdədir. Lakin redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, 173 saylı orta məktəb bu yönümdə xüsusilə seçilən tədris müəssisələrindən biridir. Bir müddət əvvəl aldığımız məlumatlarda isə məktəbin direktoru A.Həsənovanın fəaliyyətini əks etdirən bir sıra neqativ hallar təqdim edilmişdi. Artıq qeyd olunduğu kimi, məlumatlarda öz əksini tapmış faktlar belə deməyə əsas verir ki, 173 saylı məktəbdə rüşvət yığımı proseduru ibtidaidən yuxarı siniflərə qədər sözün əsil mənasında sistemləşdirilmişdir. Belə ki, ilk növbədə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 10 manat məbləğində aylıq yığım müəyyən edilmişdir. Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 15 manat təyin edilib. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır. Bu xüsusda yeni aldığımız məlumatlara görə, məktədə son buraxılış siniflərinin şagirdlərinə təqdim olunmuş attestat və şəhadətnmələrin hər birinə görə 50 manatdan olmaqla pul yığılmışdır. Həm də zəncirvarı qaydada həyata keçirilən bu proses daima məktəb rəhbərliyinin tam nəzarətində saxlanılır. Məlumatlarda bildirilir ki, Afiqə Həsənovanın rəhbərlik etdiyi bu orta təhsil müəssisəsində baş verən qanunsuzluqlar, şagird və valideynlərin hüquqlarının mütəmadi olaraq kobud şəkildə pozulması faktları artıq məktəbin fəaliyyətinin ayrılmaz hissəsinə çevrilmişdir.Bundan başqa isə daxil olan məlumatlarda vurğulanır ki, 173 saylı orta məktəbdə bu müəssisaənin müəllim heyəti üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Belə ki, iddialara görə əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ təxminən 5-6 min manata çatdırılır. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 400 manat məbləğində rüsum ödəməli olur.Biz dəfələrlə öz yazılarımızda belə fikri vurğulamışıq ki, gənc nəslin təlim-tərbiyəsində, uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmalarında orta-ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Digər tərəfdən isə bu gün ölkənin təhsil sistemində müşahidə olunan geriləmələr orta təhsil sistemində yer almış bir çox özbaşınalıqlarda da öz təzahürünü aydın tapır. Təhsil sistemində dövlət tərəfindən həyata keçirilən əsaslı islahatlar müəyyən irəliləyişlərə zəmin yaratsa da, cəmiyyətdə gözlənilən nəticələr hələ də müşahidə olunmur. Belə ki, müəyyən subyektiv səbəblər bu prosesləri ləngidir. 173 saylı orta məktəbdə isə hazırda məhz bu subyektiv səbəblərin ümumiləşdirilmiş formalarını müşahidə etmək mümkündür..bizimdovr.az



Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.