BolgeXeber.Com » Xəbərlər » Cahangir Əsgərov üçün son akkordlar...

Cahangir Əsgərov üçün son akkordlar...

9-07-2015, 11:15
Oxunub: 3 684 Cahangir Əsgərov üçün son akkordlar...Hava nəqliyyatındakı bahalıq AZAL-da islahat məsələsini yenidən gündəmə gətirib

Ölkəmizdə aviabiletlərin baha olması uzun zamandır müzakirə olunan məsələlərdən biridir. Yerli vətəndaşlar xarici ölkələrə səyahət zamanı bir sıra problemlərlə üzləşirlər ki, onlardan biri də bilet qiymətlərinin baha olmasıdır. Xatırladaq ki, bir müddət əvvəl Macarıstanın WizzAir və Türkiyənin Pegasus hava yollarının Azərbaycanda fəaliyyəti dayandırılıb. Bu iki hava yolları təyyarə biletlərinin ucuz qiymətlərinə görə səyahətçilər arasında məşhurdur.

Məsələn, WizzAir-in Bakı-Budapeşt-Bakı reysi ilə uçuşun qiyməti 60-120 avroya başa gəlir. Ümumiyyətlə, Avropada və dünyada olan büdcə hava yolları səyahət etməyi sevən, lakin büdcəsindən bu işə çox pul ayıra bilməyən, yaxud ayırmaq istəməyən insanlara əlverişli imkanlar yaradır. Belə hava yolları ən çox tələbələr və gənclər arasında məşhur olur.

Məhz buna görədir ki, WizzAir və Pegasusun ölkədən çıxarılması Azərbaycan sosial media istifadəçiləri arasında böyük əks-sədaya və narazılığa səbəb olmuşdu və onlar AZAL-ı inhisarçılıqda ittiham edirdilər. Hətta bu söz-söhbətlərin fonunda "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Cahangir Əsgərovun vəzifədən alınacağı xəbəri də yayılmışdı. Amma necə oldusa bu məsələ birdən-birə mətbuatın gündəmindən çıxdı, AZAL rəhbərinin dəyişdirilməsi işi sanki unuduldu. Yeri gəlmişkən qeyd edək ki, Cahangir Əsgərov özünü müsbət tərəfdən göstərməkdən ötrü Birinci Avropa Oyunları zamanı Bakıya gələn turistlərin geri dönüş biletlərində müəyyən endirim olunacağını söylədi. Bundan sonra ictimaiyyətin əsas diqqəti QSC rəhbərinin üzərinə yönəldi. Əksəriyyət belə başa düşdü ki, cəmiyyət sədri istəsə indiki halda baha satılan aviabiletləri daha ucuz məbləğə sata bilər. Çoxları oyunlardan sonra təyyarə biletlərinin ucuzlaşacağını gözləsə də, bu baş vermədi. Əksinə, yaxın vaxtlarda aviabiletlərin qiymətinin artırılması gözlənilir. Bəzi mənbələr hesab edir ki, əgər AZAL qiymətləri qaldırsa, o zaman Əsgərovun gələcək karyerası zədələnə bilər. Bəzi mütəxəssislər bu qənaətdədir ki, qiymətlərin baha olması bilavasitə bu qurumun xərclərinin yüksək olması ilə bağlıdır: "Son illər ərzində çox bahalı təyyarələrin alınması istər-istəməz xidmətlərin qiymətlərinə öz təsirini göstərir. Bununla belə aviabiletlərin qiyməti baha olmamalıdır. AZAL inhisarçı siyasət yürüdür, rəqiblərini bazara buraxmır. Bütün inhisarçılar kimi bu şirkət də bazarda öz mövqeyini qorumağa çalışır və bu mövqeyin ona gətirdiyi dividendləri toplamaqla məşğuldur. Digər rəqibləri bazardan sıxışdırıb çıxararaq daha çox vəsait qazanmaq istəyir. Büdcə hava yollarının Azərbaycandan sıxışdırılıb çıxarılmasının əsas səbəbi də məhz budur. AZAL və digər şirkətlər arasında qiymət fərqi həddindən artıq böyük idi, ona görə də AZAL bazardan rəqibləri yalnız inzibati üsullarla sıxışdırıb çıxarmaqla öz mövqeyini qorumağa çalışır. Son vaxtlar ictimaiyyət qiymət bazarı ilə yaxından maraqlanmağa başlayıb. Yəni camaat xaricə səyahətin daha ucuz yollarını axtarır. Təyyarə biletlərinin qiymətinin baha olması eyni zamanda Azərbaycana turist axınının qarşısını alır. AZAL ölkəyə digər şirkətləri buraxmadığına görə aviaxidmət bazarını təkbaşına idarə edir və istədiyi qiyməti tətbiq edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinin ləngidilməsi və bununla bağlı qərarın verilməməsi də inhisarçılığın möhkəmlənməsinə təsir edir. Bundan ən böyük zərbə isə səyahət etmək istəyən ölkə vətəndaşlarına dəyir. Gürcüstan və Türkiyənin aviaşirkətlərinin qiymətlərinə nəzər salsaq, görərik ki, xeyli dərəcədə enmələr müşahidə olunur. Avropa şirkətləri bizim üçün ağlasığmaz dərəcədə ucuz görünən qiymətlərlə uçuşlar həyata keçirirlər". Dünya praktikası göstərir ki, ölkədə turizmin və ümumilikdə iqtisadiyyatın inkişafı birbaşa hava yollarına tətbiq edilən qiymətlərdən asılıdır. Təəssüf ki, AZAL rəhbərliyi bu məsələyə xüsusi önəm vermir və bilet qiymətlərini qaldırmaqla insanların etirazını toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Bakı - Antaliya reysi ilə uçuşların qiyməti 819 ABŞ dolları olduğu halda, Tiflis-Antalya 166 dollardır. Yaxud Bakı - Antaliya - Bakı reysinin bilet qiyməti 1619 dollardırsa, Tiflis - Antaliya - Tiflis cəmi 282 dollar təşkil edir. Ekspertlərin fikrincə, "Azərbaycan Hava Yolları" QSC tezliklə qiymət məsələsinə yenidən baxmalı və qiymətləri aşağı salmalıdır. Əks təqdirdə, həm ölkə turizminə böyük ziyan dəyə bilər, həm də hava nəqliyyatı bərbad vəziyyətə düşmək təhlükəsi ilə üzləşər. Odur ki, bu sahədə ciddi islahatlara ehtiyac duyulur. İlk növbədə QSC rəhbəri Cahangir Əsgərov tutduğu vəzifədən xaric edilməlidir. Bu arada, bildirək ki, gələn il adıçəkilən məmurun bu vəzifəyə təyin edilməsinin 20 ili tamam olacaq. Lakin 20 il ərzində Azərbaycanda aviabiletlərin qiyməti bir dəfə də olsa aşağı salınmayıb, əksinə mütəmadi olaraq bahalaşma müşahidə edilib. Bundan başqa, AZAL şefinin adı dəfələrlə milyonluq yeyintilərdə və digər xoşagəlməz məsələlərdə hallandırılıb. Mötəbər qaynaqların iddiasına görə, "Azərbaycan Hava Yolları" QSC-də kadr islahatları gözləniləndir. Ehtimallara əsasən, cəmiyyətin sədri, eləcə də bəzi vəzifəli işçiləri yaxın bir neçə ay ərzində postundan kənarlaşdırıla bilər.

Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
gundelik-baku.com