BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədov təlaş içində

Ziya Məmmədov təlaş içində

10-07-2015, 12:49
Oxunub: 4 143 Ziya Məmmədov təlaş içindəNəqliyyat naziri iri mülk və obyektlərini niyə satışa çıxarıb?

Məmurun maliyyə sərvəti milyardlarla ölçülür

Nəqliyyat naziri Ziya Məmmədov yenidən mətbuatın diqqət mərkəzinə düşüb. İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində törədilən qətllə bağlı nazirin də adı hallandırılıb. Qeyd edək ki, hadisə zamanı Bakı şəhər sakini, 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib. Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirib.

Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının şərəfini qorumaq üçün törədib. Sonradan qətlə yetirilmiş biznesmenin nazirlərdən birinin qohumu olduğu məlum olub. Müəyyənləşib ki, həmin şəxs nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun qudası imiş. Məlumata görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər. Baş vermiş qətl hadisəsi Məmmədovların adının növbəti dəfə qalmaqallı olayda çəkilməsinə səbəb olub. Buna qədər isə nazirin qardaşı oğlunun törətdiyi qanun pozuntuları uzun müddət müzakirə mövzusu olmuşdu. Ümumiyyətlə, son vaxtlar mətbuatda yayılan bir sıra məlumatlar nazir Ziya Məmmədovun xeyrinə deyil. Tez-tez tənqid hədəfinə çevrilən nazirin vəzifədən çıxarıla bilmə ehtimalları gündən-günə artmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl nəqliyyat nazirinin ölkənin ən varlı şəxslərindən biri olması barədə söhbətlər yayılmış, daşınmaz əmlakı da daxil olmaqla ümumi sərvətinin 10-12 milyard ABŞ dolları civarında hesablandığı qeyd edilmişdi. Bunun ardınca adı çəkilən məmurun xarici ölkələrdəki biznesi haqda maraqlı iddialar ortaya atılmağa başladı. Bu yaxınlarda bəzi saytlar Ziya Məmmədovun Monteneqroda otelinin olması barədə ilginc məlumatlar dərc ediblər. Həmin informasiyada qeyd edilir ki, "Ziya" adlı bu otel nəqliyyat nazirinə məxsusdur və onun şərəfinə belə bir ad qoyulub. Maraqlı məqamlardan biri də odur ki, nazirin Avropadakı otellərinin təkcə Monteneqroda olmadığı vurğulanır. Saytların yazdığına əsasən, bununla bağlı xəbər verən sosial şəbəkə istifadəçiləri bildirirlər ki, eyni adlı olmasa da, nəqliyyat nazirinin olduğu tam dəqiqləşdirilmiş bir otel də Praqa şəhərində fəaliyyət göstərir. Otelin sahibi isə elə nazirin qardaşı oğludur. Bu isə o deməkdir ki, nazir barəsində yayılan söz-söhbətlərdən, daha dəqiq desək əmlakının müsadirə ediləcəyindən ehtiyatlanaraq biznesini xaricə köçürməyə başlayıb. Heç kimə sirr deyil ki, yerli məmurlar əsasən Türkiyə, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində biznes qurmağa üstünlük verirlər. Deyilənə görə, nəqliyyat nazirinin Azərbaycandan kənarda böyük biznes imperiyası mövcuddur. Bu biznes şəbəkəsinə Mahaçqaladakı "Sofo", "Şorena" və "Romantika" adlı otellərin də daxil olduğu məlumatlar arasındadır. Nazirin sərvətini xaricə daşıması dolayı yollarla da təsdiq edilir. Belə ki, bu ilin birinci rübündə xaricdən Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində investisiya qoyulduğu açıqlanıb. Xarici investorlar sırasında Azərbaycan birinci yerdədir. Bu dövrdə Gürcüstan iqtisadiyyatına yönəldilən investisiyaların 34 faizi Azərbaycana məxsusdur. Gürcüstan iqtisadiyyatına sərmayə yatıran xarici ölkələrin sırasında Türkiyə 15 faizlə ikinci, Rusiya isə 13 faizlə üçüncü yerdədir. Mətbuatda yazılanlardan belə aydın olur ki, ötən müddətdə Gürcüstana iri sərmayə yatıran şəxslərin arasında nəqliyyat nazirinin də adı var. Onun Gürcüstanın turizm üçün ən əlverişli hesab edilən Batum bölgəsində lüks kotteclər və otel tikdirdiyi bildirilir. Özəl qaynaqların məlumatına görə, vəzifəsini və əmlakını itirməkdən əndişə keçirən Ziya Məmmədov artıq Azərbaycandakı iri mülklərinin, eləcə də obyektlərinin bir hissəsini satışa çıxarmağa başlayıb. Məmurun Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəldiyi elektron mətbuatda əksini tapıb. Məlumatda qeyd edilib ki, son günlər Ziya Məmmədova qarşı hücumların artması, həmçinin yuxarılarda ona və yaxın qohumlarına qarşı kəskin neqativ rəyin formalaşması məmuru bahalı mülklərini təcili satmağa vadar edib. Bu məqsədlə o Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb: "Moskvadakı oliqarxlardan biri villaya müştəri çıxıb. Tikintisi 2012-ci ildə başlanan 2013-cü ildə isə yekunlaşan villanın zirzəmisində şəxsi yaxtanın yön alması üçün xüsusi qaraj var. Nazirin yay fəslində burada dincəldiyi və şəxsi yaxtası ilə dənizə çıxdığı deyilir. Bundan başqa, nazir qohumlarının adına sənədləşdirilmiş xaricdəki bəzi mülk və obyektləri tamam başqa, kənar şəxslərin mülkiyyətinə keçirilməsi üçün göstəriş verib". Ziya Məmmədovun başı üzərində dolanan qara buludlar bəlkə də onun yaxın vaxtlarda tutduğu vəzifədən kənarlaşdırılacağına bir işarədir...

Qarşı tərəfi də dinləyə bilərik.
gundelik baku