BolgeXeber.Com » Xəbərlər » Baş metroçuya qarşı yeni ittihamlar - Zaur Hüseynov sələfinin yolu ilə gedir

Baş metroçuya qarşı yeni ittihamlar - Zaur Hüseynov sələfinin yolu ilə gedir

15-07-2015, 11:27
Oxunub: 1 750 Baş metroçuya qarşı yeni ittihamlar - Zaur Hüseynov sələfinin yolu ilə gedirGörünür, Zaur müəllim özünü iş görən kimi təqdim etməyə çalışıb

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov metronu ticarət mərkəzinə çevirmişdi. Əvvəllər metrodan istifadə edən insanlar giriş və çıxış qapılarını tapmaqda çətinlik çəkirdilər. Çünki keçmiş rəis metro keçidlərində boş yer qoymamış, hamısında ticarət köşkünün yaradılmasına icazə vermişdi. Az qalmışdı ki, platformada da ticarət köşkləri quraşdırılsın. "Bakı Metropoliteni" QSC yaradılandan və Zaur Hüseynov sədr təyin ediləndən sonra metro ticarəti, həmçinin stansiyalarda quraşdırılmış reklam lövhələri yığışdırıldı. Sərnişinlərin demək olar ki, əksəriyyəti bunu müsbət qarşıladılar.

Ticarət köşkləri yığışdırılandan sonra Bakı metrosu səliqəli olub. Amma Birinci Avropa Oyunları başa çatar-çatmaz metroda reklam lövhələri yenidən bərpa edildi. Hazırda bəzi stansiyalarda müxtəlif təşkilatların reklamına rast gəlmək mümkündür. Bu isə o deməkdir ki, yaxın vaxtlarda metroda Tağı Əhmədov ənənəsi yenidən bərpa edilə bilər. Xatırladaq ki, metro ticarətinin və reklamının bərpasının mümkünlüyü haqda qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bir müddət əvvəl açıqlama vermişdi. O, "Koroğlu" metro stansiyasında ticarət obyektinin açılmasını təsdiqləyərək bunları demişdi: "Metropoliten ərazisində əvvəllər olduğu kimi heç bir keçiddə ticarət obyekti olmayacaq. Ancaq sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə problem yaratmayan keçidlərdə ticarət obyektləri ola bilər. Amma bununla bağlı hələ heç bir qərar verilməyib. Qeyd edilən obyektin tikintisindən xəbərim var. Bu obyekt sərnişinlərin hərəkətinə heç bir maneə törətmir". Daha sonra mətbuat xidmətinin rəhbəri metronun müəyyən stansiyalarında məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, kitab evi şəbəkəsi və gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılmasının planlaşdırıldığını açıqladı: "Keçidlərin divarlarını zədələmək hesabına quraşdırılmış qeyri-standart, müxtəlif ölçülü köşklər ümumi görünüşü korlamaqla yanaşı, təhlükəsiz giriş-çıxışa, fövqəladə hallarda insanların təxliyəsinə, avadanlıqların daşınmasına açıq-aşkar maneə törətdiyindən respublikamızda bir çox beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində arzuolunmaz hal idi.

Müxtəlif kütləvi informasiya vasitələrinin əhali arasında keçirdiyi sorğuya əsasən onların demək olar ki, hamısı metropoliten ərazisindən ticarətin yığışdırılmasını müsbət addım kimi qiymətləndirmiş, hazırda metropolitendə havalandırmanın yüksək səviyyədə olduğunu, metro nəqliyyatından və keçidlərdən istifadənin çox rahat olduğunu və görünüşün xüsusi zövq verdiyini bildiriblər. Ona görə də birmənalı olaraq qeyd edilməlidir ki, metro ərazisində bu cür obyektlərin mövcudluğuna tamamilə son qoyulub. Hazırda göstərilən addımın davamı olaraq bu sahədə əhalinin də bəyəndiyi və fikirlərində müsbət qiymətləndirdiyi bir sıra tədbirlər icra edilməyə başlanılmaqdadır. Belə ki, metronun müəyyən stansiyalarında, özü də arxitektur quruluşla vəhdət təşkil etməklə inşa və təmir-bərpa işləri zamanı əvvəlcədən nəzərə alınmaqla metropolitenin özü tərəfindən xüsusi ayrılmış və hazır vəziyyətə gətirilmiş məhdud sayda yerlərdə təxirəsalınmaz hallarda ehtiyacları ödəmək üçün apteklər şəbəkəsinin, su, kofe və sair xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatların, maarifləndirmə xarakterli və insanların ədəbiyyata olan marağının artırılması məqsədilə kitab evi şəbəkəsinin, o cümlədən estetik baxımdan və xoş təravəti ilə zövqləri oxşayacaq gül salonu şəbəkəsinin nüfuzlu nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılması planlaşdırılıb". Hörmətli Nəsimi müəllimin avazı çox yaxşı gəlir. Ona demək istəyirik ki, insanların maariflənməsi üçün yerin üstündə kifayət qədər kitabxana var. O ki qaldı metroda havalandırmanın yüksək səviyyədə olması barədə deyilənlərə, biz bununla razılaşmırıq. Sərnişinlər havasızlıqdan şikayətlənir və mənzil başına çatana qədər qan-tərə batırlar. Artıq vəziyyət o yerə çatıb ki, metrodakı havasızlıqla bağlı sosial şəbəkələrdə ironiyalı videolar yerləşdirilib. Bizə çatan məlumatlarda bildirilir ki, metronun stansiyalarında ticarət məhdud yerlərdə yox, əvvəlki qaydada bərpa edilə bilər. Deyilənə görə, yaxın aylar ərzində bəzi metro stansiyalarının keçidlərində ticarət köşkləri quraşdırılacaq və bununla da metro ticarəti yenidən start götürəcək. Düşünürük ki, belə bir addım atılsa, metroda havalandırma sistemi daha da bərbad hala düşə və sərnişinlər əlavə problemlərlə üzləşə bilərlər. Zaur Hüseynov bir tərəfdən metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi, sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün çalışdığını deyir, digər tərəfdən isə ticarəti bərpa etmək istəyir. Fikrimizcə, bunlar bir-birinə təzadlı işlərdir. Əgər metroda ticarət yenidən bərpa ediləcəkdisə, bəs niyə ləğv edirdilər? Görünür, Zaur müəllim özünü iş görən kimi təqdim etməyə çalışıb. Lakin onun metro ticarətini və reklamını yenidən bərpa etmək istəməsi əsl niyyətindən xəbər verir. Qısacası, o da sələfi kimi metro ticarətindən külli miqdarda gəlir əldə etmək fikrindədir.
gundelik-baku.com