BolgeXeber.Com » Xəbərlər » "Çudo-peçka" istehlakçıların hüquqlarını pozur

"Çudo-peçka" istehlakçıların hüquqlarını pozur

16-07-2015, 15:22
Oxunub: 4 574 "Çudo-peçka" istehlakçıların hüquqlarını pozurKeyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib
Artıq uzun illərdir ki, ölkəmizdə "Çudo- peçka" mağazaları fəaliyyət göstərir. Vaxtilə "Çudo- peçka" mağazaları müştəriylə dolu olardı. İndisə bu mağazalar müştəri qıtlığından əziyyət çəkir. Bu da "Çudo -peçka" mağazalar şəbəkəsinin fəaliyyətindəki nöqsanlardan irəli gəlir. Bizə göndərilən şikayət məktublarına əsasən deyə bilərik ki, son zamanlar orada satılan məhsullar həm keyfiyyətsiz, həm də bahadır. Orada alıcılara təqdim olunan bütün məhsullar köhnə olur. Qoğalı, şəkərburanı, badamburanı günlərlə vitrindən yığışdırmırlar. Qiymətlər isə ceyran belində. Keyfiyyətsiz məhsulları camaata sırımaqla yanaşı qiymətləri də günü-gündən bahalaşdırırlar.

Xüsusilə də şirniyyatların yararlılıq müddəti bitsə də, satışdan çıxarılmır. Bundan başqa günlərlə qalan pizzaların üzərinə su çiləyib mikrodalğalı sobada isidərək yenidən müştərilərə təklif edirlər. Hətta bizə verilən məlumata görə, "Çudo -peçka"nın rəhbərliyi satıcılardan tortların yararlılıq müddətini dəyişməsini tələb edib. Hətta buna bir neçə satıcı etiraz etdiyi üçün işdən çıxarılıb. Lakin əmək haqqı xatirinə rəhbərliyin bu qanunsuz əməlinə tabe olanlar da var. Bu da insanların həmin işdən asılı olduğunun göstəricisidir. Lakin rəhbərliklə birgə satıcı da istehlakçı hüququnun pozulmasına birbaşa iştirak edir. Sabah həmin vaxtı keçmiş torta görə həm rəhbərlik, həm də bu işə cəlb olunan satıcı da məsuliyyət daşıyır. Təəssüf ki, satıcılar müştərilərini aldatmaqla məşğuldurlar. Hansı tortu almaq istədikdə hamısının indicə bişdiyini deyərək tortları satmağa çalışırlar. Halbuki, tortların saxlanma müddəti 36 saatdan artıq olmamalıdır. "Çudo Peçka" şirniyyat, qənnadı mağaza-kafelər şəbəkəsinin mağazalarında isə tortlar 10 gündən artıq saxlanılır. Vaxtı ilə müəssisədə işləyən bir işçinin sözlərinə görə, yalnız 10 gündən sonra onlara tortu vitrindən götürməyə icazə verilir. Şəbəkənin tortları ilə bağlı daha bir acınacaqlı məqam kremli məhsullarda marqarin yağının işlədilməsidir. Şirniyyat sektorunda kremli məhsullara marqarin yağının qatılması qadağan olunduğu halda, tortların hazırlanması prosesində kərə yağından istifadə edilmir. Təəssüf ki, sadəlövh vətəndaşlar da belə fırıldaqçıların qurbanına çevrilir.

Hətta son zamanlar tortların üzərində istehsal tarixi göstərilmir. Bu da vətəndaşlar arasında ciddi narazılığa əsas yaradır.

Apardığımız müşahidələrdən şirniyyatlardan və tortların çəkisinin azlığından şikayətlənən alıcıların da haqsız olmadığını gördük. Çünki burada satılan tortların heç birinin üzərində nə tərkibi, nə də ki istifadə müddəti yazılmamışdı. Buradan da görünür ki, şəbəkəni istehsala daha az vəsait sərf edib daha çox gəlir götürmək düşündürür, nəinki keyfiyyət.

"Çudo-peçka"-da keyfiyyət, müştəriyə yüksək xidmət kimi məsələlər arxa plana keçib. İstehlakçının sağlamlığı üçün vacib məqamlardan sayılan yararlılıq müddəti isə şəbəkədə sirr kimi qorunur və göstərilmir.

Artıq "Çudo-peçka" müştəri sarıdan qıtlıq yaşayır. Müştəri cəlb etmək üçün reklamlara əl atırlar. Halbuki reklamlara xərclədikləri pulları məhsulların keyfiyyətinə sərf etsəydilər daha çox müştəri qazana bilərdilər.
gundelik-baku