BolgeXeber.Com » Xəbərlər » Beynəlxalq Bank işinə görə səfirin qardaşını tutdular

Beynəlxalq Bank işinə görə səfirin qardaşını tutdular

22-07-2015, 11:51
Oxunub: 3 252 Beynəlxalq Bank işinə görə səfirin qardaşını tutdularOrta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin qardaşı Beynəlxalq Bankdan 32 milyon manat krediti qaytarmayıb

Bu ilin martında Beynəlxalq Banka borclu iş adamlarının həbsləri davam edir. Aldığımız məlumata görə, son 1 ayda tutulan şəxslər arasında Orta Asiya ölkələrindən birində Azərbaycanın səfiri olan şəxsin qardaşı da var. Kamal adlı həmin şəxs Beynəlxalq Bankdan 32 milyon manat kredit götürüb və qaytarmayıb.

Xaricdə tutularaq ölkəyə gətirilən həmin iş adamı pulları qaytarmaq iqtidarında olmadığını bildirib. Hazırda onun əmlaklarının siyahısı dəqiqləşdirilir. Aparılan araşdırmalar zamanı məlum olub ki, iş adamı Beynəlxalq Bankdan götürdüyü krediti təyinatı üzrə xərcləməyib. Kredit götürərkən Beynəlxalq Banka təqdim etdiyi biznes-plana uyğun hər hansı bir iş görmədiyi də məlum olub.

İş adamı kredit hesabına Azərbaycanda və ölkədən kənardan daşınmaz əmlaklar alıb. Həmin əmlakları icarəyə verməklə pul qazanıb. Lakin götürdüyü krediti geri qaytarmaq üçün addımlar atmağa tələsməyib. Hazırda Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılan həmin şəxsin azad olunması üçün səfir qardaşının da müəyyən addımlar atdığı bildirilir...

Bu gün Beynəlxalq Bank işi üzrə həbsdə neçə şəxsin olması haqda müfəssəl məlumat yoxdur. Yayılan məlumatlara görə, Beynəlxalq Bankdan yüz milyonlarla kredit alan və geri qaytarmayan onlarla sahibkar həbs olunub, onlardan 43 nəfəri vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıb. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib. Son rəsmi məlumata görə, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir ki, bu da Beynəlxalq Banka olan borcun heç minimum həddi də deyil.

Kreditlərin geri qaytarılması üçün bir-birinin ardınca atılan addımlar onu deməyə əsas verir ki, iqtidar Beynəlxalq Bankdan götürülən kreditlərin son qəpiyinə qədər qaytarılmasında israrlıdır. Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Bankı ilə bağlı iyulun 15-də imzaladığı fərman borclu oliqarxlar, eləcə də bankda kredit məsələlərinə məsul olan rəhbər şəxslərin üzərinə böyük məsuliyyət qoyur.

Məlumdur ki, prezidentin fərmanında kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərini araşdırmaq, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanları ilə birlikdə tədbirlər görmək tapşırılıb. Bu, həm də o deməkdir ki, həbslər davam edəcək və kimliyindən asılı olmayaraq məsuliyyətdən yayınmaq mümkün olmayacaq. (musavat.com)