BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi-FOTO

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi-FOTO

22-07-2015, 19:34
Oxunub: 4 156 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi-FOTOHesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olmuş, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır

İyulun 22-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
Bolgexeber.com-un məlumatına görə, Tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Mətbuat konfransını giriş sözü ilə açan K.Əliyev bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiqlik və yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin konseptual əsaslarla davam etdirilməsi nəticəsində ötən dövrlərdə olduğu kimi 2015-ci ilin I yarısında da bütün sahələrdə yenidənqurma işləri davam etdirilmiş, mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2015-ci il tarixdə Azərbaycanın milli bayramı – “Respublika Günü” münasibətilə rəsmi qəbulda və digər çıxışlarında korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığını, bu istiqamətdə görülmüş işlərin yüksək qiymətləndirildiyini qeyd etməsi, bu kimi neqativ təzahürlərə qarşı mübarizə istiqamətində prokurorluq orqanları qarşısında çox mühüm vəzifələr qoymuşdur.
K.Əliyev xüsusi vurğulamışdır ki, prokurorluq orqanları korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə əvvəlki illərdə olduğu kimi fəaliyyətini cari ilin I yarımili ərzində də uğurla davam etdirmişdir.
Həmin müddət ərzində Baş İdarə tərəfindən vətəndaşların 5150 müraciətinə baxılmış, həmçinin 95 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 65-i (68%) üzrə cinayət işi başlanmış, 30 (32%) material üzrə cinayət işinin başlanılması rədd edilərək zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 3414 müraciət daxil olmuş, həmin müraciətlərin 12-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmışdır. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir.
Hesabat dövrü ərzində törədilmiş və ya hazırlanan cinayətlər barədə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 10, habelə korrupsiya hüquqpozmaları ilə əlaqədar toplanmış materiallar üzrə 5 cinayət işi başlanmışdır.
2015-ci ilin I yarımili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə özbaşınalıq faktı ilə əlaqədar olmuşdur.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 94 milyon 895 min manat ziyandan istintaq müddətində 30 milyon 226 min manat və ya 31,8 %-i ödənilmiş, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
Vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Hesabat dövründə Baş İdarədə 1313 vətəndaşın qəbul edilməsi təmin edilmişdir. Onlardan 255-i bilavasitə Baş İdarə rəisi, 128-i idarə və şöbə rəisləri, 930-u isə Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən qəbul edilmişlər.
Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində ən müxtəlif formalarda təzahür edən korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı ayrı-ayrı istiqamətlər üzrə aparıldığından Baş İdarənin Mütəxəssis təhlilləri şöbəsinin əməkdaşları bu məqsədlə müxtəlif sahələrlə bağlı digər şöbələrlə qarşılıqlı səmərəli fəaliyyət göstərmişdir.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilmiş, 53 şəxs barəsində müvafiq intizam tədbirlərinin görülməsi təmin edilmişdir.
Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək bildirdi ki, cari ilin birinci yarımili ərzində Prezident cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar həyata keçirilmiş bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər öz bəhrəsini vermiş, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranmışdır. Hesabat dövrü ərzində Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən “Korrupsiya halları barədə məlumat verən şəxslərin müdafiəsi haqqında” qanun layihəsi hazırlanmışdır. Bundan başqa, korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN” xidmət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Mətbuat konfransında bildirilmişdir ki, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq hesabat dövrü ərzində Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilmişdir.
Belə ki, hesabat dövrü ərzində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat (GUAM), habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində və bir sıra digər beynəlxalq tədbirlərdə Baş İdarə əməkdaşları fəal iştirak etmişlər.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu və digər mühüm məsələlər ilə əlaqədar Baş İdarə əməkdaşlarının kütləvi informasiya vasitələrində məqalələri dərc edilmişdir.
Cari il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində verdiyi göstərişlərə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.
Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2015-ci ilin I yarımili ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər.
QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmışdır.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yarım ilin hesabatını verdi-FOTO