BolgeXeber.Com » Xəbərlər » Aldadıcı və şirnikləndirici ismarışlarla abunəçiləri təngə gətirən "Bakcell"

Aldadıcı və şirnikləndirici ismarışlarla abunəçiləri təngə gətirən "Bakcell"

29-07-2015, 13:06
Oxunub: 3 544 Aldadıcı və şirnikləndirici ismarışlarla abunəçiləri təngə gətirən "Bakcell"Nöqsanlar çox, keyfiyyət yox dərəcəsindədir

Bu gün mobil operatorların vətəndaşları mədəni formada soymaları, aldatmaları heç kimə sirr deyil. Hazırda fəaliyyət göstərən mobil operatorlar barədə dəfələrlə olub ki, redaksiyamıza şikayətlər ünvanlanıb və bizlər də həmin şikayətləri işıqlandırmağa çalışmışıq. Daha çox daxil olan şikayətlər sırasında ilk mobil operator kimi həyatımıza daxil olan "Bakcell" bu gün insanlara rabitədən çox, əsəb verir desək, yəqin ki yanılmarıq.

Sanki bu gün fəaliyyət göstərən mobil operatorların fırıldaqları, abonentləri aldatması, istifadəçiləri şirnikləndirici vədlərlə müflis etməsi adi hala çevrilib. Yalan vədlər, keyfiyyətsiz xidmət, insanları müəyyən yollarla aldadıb onlardan əlavə pul almaq artıq demək olar ki, mobil operatorlarda ənənə halını alıb. Xarici ölkələrdə fəaliyyət göstərən mobil operatorlardan fərqli olaraq, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar qarşılarına bir məqsəd qoyublar ki, o da müştərilərini aldadaraq, onların inamından sui-istifadə etməkdən ibarətdir. Yeri gəlmişkən qeyd edək ki, "Bakcell" ilk növbədə abonentlərinin istehlakçı hüququnu pozur. "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" qanuna görə, hər bir Azərbaycan vətəndaşının hər hansısa bir mal, xidmət haqqında pulsuz informasiya almaq hüququ var. Bu Azərbaycan qanunudur və hər bir şəxs bu qanuna riayət etməyə borcludur. Lakin bu qurum ilk növbədə vətəndaşın informasiya almaq hüququnu kobud şəkildə pozur. Belə ki, "Bakcell" operatorunda abunəçi balansı ilə bağlı məlumatı almaq üçün bu operatora pul ödəməlidir. Yəni, operatorun balansla bağlı "178" və ya *100# xidmətindən məlumat almaq üçün abonent xərcə düşür. Hər dəfə balansı öyrənmək üçün abunəçinin balansından 2 qəpik silinməlidir ki, "Bakcell" ona hazırkı balansının vəziyyəti barədə məlumat versin. Əks halda abunəçi balansında nə qədər məbləğin qaldığını öyrənə bilmir. Bu abunəçiyə sərf etməsə də, operatora sərf edir. Bundan başqa, bu gün bir çox məkanlarda "bakcell”in şəbəkəsi ya zəif tutur, ya da ümumiyyətlə, olmur. Bu mənada "bizə yaxın olmağa" çalışan "Bakcell" mobil operatoru bütün rəqiblərini geridə qoyaraq, hər dəfə min bir bəhanə, ilə abunəçini aldadıb şirkət indi isə, yeni oyunbazlıqlara əl atır. Belə ki, gecə-gündüz demədən, abunəçilərə müxtəlif tipli ismarışlar göndərilir. Təbii ki, həmin ismarışların da məqsədi var. Bu da yeni yolla pul qazanmaq prinsipidir. Həmin ismarışlardan bir neçəsini qeyd etmək yerinə düşərdi. Məsələn, "Sizin nömrəniz hikmətli kəlamlar xidmətinə pulsuz qoşulma qazandı. Kəlam yaz 8088-ə göndər, gündəlik dahilərdən hikmətli kəlamlar əldə et", "Məktəb illəri mahnısının ifaçısı kimdir? Cavabı 9966-ya gün ərzində göndər maraqlı hədiyyələr qazan", "Qazandıran SMS-dən sizin nömrəyə 1 həftə pulsuz abunəlik hədiyyə verildi. Qəbul etmək üçün dərhal PUL yaz 5500-a göndər", "Yumorinaya 3 günlük pulsuz abunəlik şansı qazandınız. Zarafat elə və hədiyyə qazan. Bizim evdə artıq 3 gündür ki, su yoxdur, ancaq üst qonşu yenə də başımıza su axıdır. Bəs siz hansı möcüzələr görmüsünüz? Suala yumorla cavab ver, cavabı 9600-a göndər və hədiyyə qazan", "Sizə 1 həftə pulsuz abunəlik təqdim olundu. Priz yaz 5588-ə göndər və qəbul et. Üstəlik 30.000 manata yaxın uduşlar səni gözləyir" və sairə digər oxşar tipli aldadıcı və şirnikləndirici ismarışlar artıq abunəçiləri boğaza yığıb desək, yanılmarıq. Yaxşı olardı ki, "Bakcell" mobil operatoru belə ismarışlarla abunəçiləri bezdirməkdənsə, daha keyfiyyətli xidmət göstərsin. Hansısa bir problemlə bağlı operatorlarla əlaqə saxlamağa çalışan zaman daha saatlarla gözləməli olmasınlar, müxtəlif məkanlarda şəbəkə axtarmasınlar, inernet sürətinin zəif olmasından şikayətlənməsinlər və sair. Bir sözlə, bu gün "Bakcell"də kifayət qədər, hətta deyərdik ki, saymaqla bitməyəcək qədər nöqsanlar var.