BolgeXeber.Com » Xəbərlər » Qubadlı ƏSMM-də korrupsiya hallarını kim ört-basdır edir?

Qubadlı ƏSMM-də korrupsiya hallarını kim ört-basdır edir?

30-07-2015, 13:46
Oxunub: 5 104 Qubadlı ƏSMM-də korrupsiya hallarını kim ört-basdır edir?Fazil Nərimanov mənimsədiyi pulların bir hissəsini “lazımi adamlarla” bölüşməklə onların himayədarlığına nail ola bildiyini bəyan edib

Bu gün Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin əhalinin maddi rifahının yüksəldilməsi, sosial müdafiənin daha təminatlı şəkildə təşkili istiqamətində həyata keçirdiyi islahatlar reallaşdıqca bu sahədə hələ ki, mövcud olan problemlər də ketdikcə daha çox çox çılpaqlığı ilə diqqət mərkəzinə çəkilir. Əslində bu proses elə islahatların mahiyyətində nəzərdə tutulub. Çünki mövcud problemlər, ayrı-ayrı strukturlarda yol verilən neqativ hallar ifşa olunub aradan qaldırılmadıqca mütərəqqi islahatların da tam effektivliyi ilə nəticələnməsi mümkün deyil.Qəzetimizin ötən saylarında biz dəfələrlə rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərinin əksəriyyətində baş alıb gedən özbaşnalıqlardan, bu ƏSMM-lərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması hallarından bəhs edən yazılar dərc etmişik. Müxtəlif instansiyalara, o cümlədən redaksiyamıza daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, hazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Qubadlı rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Fazil Nərimanov isə işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Bu xüsusda təqdim olunmuş açıqlamalarda göstərilir ki, korrupsiyanın qarşısını almaq məqsədi ilə plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir üsul, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Fazil Nərimanovun rəhbərlik etdiyi mərkəzdə geniş tətbiq edilir. Məhz bu yolla Qubadlı ƏSMM-nin direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Biz son dərəcə ciddi narahatlığa səbəb olan belə bir faktı dəfələrlə vurğulamışıq ki, ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə olan güclü himayədarlarının nüfuzundan xəbər verir. O cümlədən, Qubadlı ƏSMM-nin fəaliyyəti ilə bağlı aldığımız məlumatlarda iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı Fazil Nərimanov tərəfindən saxlanılmış, əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdir. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdır. Məlumatı verən mənbələr bu faktı mərkəz rəhbərinin öz sözlərinə istinadən onun böyük məbləğdə rüşvət verməsi ilə izah edirlər. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Fazil Nərimanov mənimsədiyi pulların bir hissəsini “lazımi adamlarla” bölüşməklə onların himayədarlığına nail ola bildiyini də dəfələrlə bəyan etmişdir. Ümid edirik ki, ən qısa müddətdə istər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, istərsə də Qubadlı RİH-nin rəhbərliyi və eləcə də digər səlahiyyətli qurumlar tərəfindən təqdim olunan materiallar ətrafında ən ciddi araşdırmalar aparılacaq və Qubadlı sakinlərinin də böyük narazılıqlarına səbəb olmuş bütün bu məsələlərə tam aydınlıq gətiriləcək.


Qarşı tərəfin də məsələyə münasibətini dərc etməyə hazırıq.
bizimdovr.az