BolgeXeber.Com » Xəbərlər » Qazaxda sosial yardımlar kasıblar üçün deyil

Qazaxda sosial yardımlar kasıblar üçün deyil

30-07-2015, 13:51
Oxunub: 7 641 Qazaxda sosial yardımlar kasıblar üçün deyilŞikayət ərizəsində qeyd olunur ki, mərkəzin direktoru Yasin Mürsəlov millət vəkili Əhməd Vəliyevin yaxın adamı olduğu üçün heç nədən çəkinmir

Qəzetimizin ötən saylarında biz dəfələrlə bu rayonda fəaliyyət göstərən Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş alıb gedən özbaşnalıqlardan, burada vətəndaşların hüquqlarının kobudcasına pozulması hallarından bəhs edən yazılar dərc etmişik. Redaksiyamıza daxil olan məlumatlarda isə iddia olunur ki, Qazax ƏSMM bu gün də aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Mənbələr bildirirlər ki, qeyri-qanuni olaraq ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girməsi və bu əsasda dövlət vəsaitlərinin mənimsənilməsi halları davamlı şəkildə Yasin Mürsəlov tərəfindən həyata keçirilir. Məlumatlara görə bir müddət bundan əvvəl Qazax ƏSMM-də müfəttiş kimi çalışan Yasin müəllimin əslində bu sahədə yetərincə iş təcrübəsi belə yoxdur. Bununla belə Qazax rayonundan Milli Məclisin deputatı, “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevlə qohumluq əlaqələri bütün bu çatışmayan cəhətlərin ört-basdır olunmasına kifayət etmişdir. Elə nazir Səlim Müslümovdan Yasin Mürsəlovun təyinatı barədə xahişi də Əhməd Vəliyev özü etmişdir. Bu barədə məlumatı isə, redaksiyamıza mərkəzdə hökm sürən süründürməçiliyə məruz qalmış Qarabağ Müharibəsi veteranı, vətəndaş Tahir Hüseynov təqdim etmişdir. Şikayətçi öz ərizəsində bildirir ki, sosial yardım almaq üçün ondan digər sənədlərlə yanaşı “Kapitalbank”ın Gəncə filialından arayış da tələb edirlər. Halbuki, həmin bankın Qazax rayonunda da filialı vardır. Lakin, nədənsə bu filialın arayışı Qazax ƏSMM-də keçərli deyil. Ümumiyyətlə isə, aldığımız digər məlumatlarda da təsdiq olunur ki, son bir il ərzində isə Yasin Mürsəlovun rəhbərlik etdiyi bu mərkəzdə korrupsiya halları artıq kütləvi xarakter almışdır. ƏSMM-nin işlərini isə elə əvvəlki qayda-qanunlara riayət olunmaqla, direktorun müavini Elxan Vəkilov aparır. Buna görə də daxil olan şikayət məktublarında Qazax sakinləri eynilə ƏSMM-nin keçmiş rəhbərliyi dövründəki yaramazlıqlardan şikayətçidirlər. Yasin Mürsəlovun bu vəzifəyə gətirilməsi Mərkəzin fəaliyyətində heç bir müsbət dəyişiklikliyə səbəb olmamışdır. Bu gün də Qazaxda müxtəlif maxinasiyalar hesabına sosial yardımdan yararlanan insanlar əslində buna ehtiyacı olmayanlar olur. Məlumatlarda həmçinin vurğulanır ki, Yasin Mürsəlovun və müavininin vətəndaşlara ayrılan sosial yardımın bir hissəsini mənimsəməyə yönəlmiş cəhdləri hətta dəfələrlə Qazax ƏSMM-də xoşagəlməz insidentlərin yaşanmasına səbəb olub. Belə ki, rayon sakinlərindən bir qismi sosial yardım almaq məqsədilə ƏSMM-nə müraciət etdikləri zaman, irəli sürülənbəzi tələblərlə, yəni plastik kartların ilk altı ay müddətində mərkəz rəhbərliyinin istifadəsində saxlanılması şərtilə razılaşmaqdan imtina edirlər. Nəticədə isə, tərəflər arasında yaranan münaqişələr bəzən hətta əlbəyaxa dava ilə də sonlanır. Lakin istənilən halda, bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Qazax rayonunda daha çox ünvanlı sosial yardımlar bahalı maşınları, mülkləri, ev-eşikləri olan, sahibkarlıqla məşğul olan insanlara verilir. Məhz bu yolla Qaxax ƏSMM-nin yeni direktoru vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Tahir Hüseynovdan yeni aldığımız şikayət ərizəsində isə həm də qeyd olunur ki, Yasin Mürsəlov millət vəkili Əhməd Vəliyevin yaxın adamı olduğunu bəyan edərək, onun barəsində istənilən instansiyaya olunacaq şikayətlərdən qətiyyən çəkinmədiyini tez-tez təkrarlamağı da çox sevir...bizimdovr.az