BolgeXeber.Com » Xəbərlər » Xaləddin İsgəndərovun I müavini də istintaqa cəlb edildi - Belə deyirlər...

Xaləddin İsgəndərovun I müavini də istintaqa cəlb edildi - Belə deyirlər...

31-07-2015, 15:27
Oxunub: 3 806 Xaləddin İsgəndərovun I müavini də istintaqa cəlb edildi - Belə deyirlər...“Azadlıq prospekti” metrostansiyası yaxınlığında, 16 mərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov istintaqa cəlb edilib

İstiqlal.az-a daxil olan məlumata görə, İ.Süleymanovun ifadəsi iyulun 29-da alınıb.

Elə həmin gün X.İsgəndərov Prezidentin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş İlqar Süleymanovu təbrik edib. X.İsgəndərovun gecikmiş təbrikini İlqar Süleymanovun Cənab Başçının xeyrinə verdiyi ifadə ilə də əlaqələndirilər. Qeyd olunur ki, İ.Süleymanov başqa cür ifadə versəydi, həmkarı, yanğınla əlaqədar həbs olunan digər müavin Qəzənfər Novruzovun aqibəti ilə üzləşə bilərdi.

Qeyd edək ki, iki gün əvvəl Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da gərgin anlar yaşanıb. İclas zamanı X.İsgəndərovun əyləşdiyi iqamətgahdan vur-tut 100-150 metr aralıda yerləşən və mayın 19-da yanaraq 17 nəfərin ölümü ilə nəticələnən 16 mərtəbəli binada həlak olanların xatirələri 1 dəqiqəlik də olsa belə yad edilməyib. Yerdən sədarətə bu barədə replikalar atılsa da X.İsgəndərov deyilənləri eşitməməzlikdən gəlib.

Hesabat yığıncağı digər maraqlı məqamlarla da yadda qalıb. Belə ki, Şura iclasında İcra Hakimiyyətinin strukturuna daxil olan qurumlardan daha çox Xaləddin İsgəndərovun bələdiyyə sədrləri olan xanım kadrlarının fəaliyyəti müzakirə olunub. Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva və 8-ci mikrorayonun bələdiyyə sədri Sitarə Cabbarlını şəxsən mədh edən X.İsgəndərov iclasın 1,5 saatdan çoxunu onlara həsr edib. İcra başçısı fəxrlə bəyan edib ki, Binəqədi qəsəbə bələdiyyəsinə məxsus avtomobilin karbüratörunda yaranan nasazlıq Aytac Əliyevanın texniki bacarıqları hesabına aradan qaldırılıb. X.İsgəndərovun bu gülməli jesti “Başçının ərköyün bələdiyyə sədri” olan Aytac Əliyevanın əlini daha da möhkəmlədib.

Yanğın hadisəsinin ardınca, rayonda baş qaldıran narazılıqlar səbəbindən ölkə prezidenti tərəfindən işdən azad olunacağı barədə mətbuatda yayılan informasiyalara özünəməxsus tərzdə reaksiya verən X.İsgəndərov “biz heç yerə getmirik” – deyərək əzələ nümayiş etdirib.

Qeyd edək ki, iyulun 29-da baş nazirin müavini Abid Şərifovun iştirakı ilə yanan bina ilə bağlı yaradılan komissiyanın da iclası keçirilib və dərhal sonra binaya baxış olub. Binəqədinin İcra Başçısı Xaləddin İsgəndərov nə iclasa, nə də binada keçirilən baxışa dəvət olunmayıb. Bu və ya digər faktlar bir daha onu göstərir ki, X.İsgəndərovla bağlı mətbuatda yazılanlar yaxın vaxtlarda öz təsdiqini tapa bilər.
Bolgexeber.com