BolgeXeber.Com » Xəbərlər » Uçuruma yuvarlanan Xaçmaz səhiyyəsi

Uçuruma yuvarlanan Xaçmaz səhiyyəsi

6-08-2015, 11:53
Oxunub: 3 487 Uçuruma yuvarlanan Xaçmaz səhiyyəsiArdı-arası kəsilməyən şikayətlər
Səhiyyə barədə kifayət qədər yazılsa, deyilsə də, çox təəssüflər olsun ki, bu gün hələ də mövcud problemlər var ki, həll edilməyib. Əslində səhiyyə sahəsinə diqqət ayrılmır desək, yalan olar. Çünki son illər səhiyyə sahəsində müxtəlif istiqamətlərdə uğurlara imza atılıb, irəliləyişlər də var. Lakin insanların səhiyyəmizə, həkimlərə inamsızlığı bu gün aktual məsələlərdəndir.

Bildiyimiz kimi, artıq son bir neçə ildə insanlar müayinə və müalicə üçün imkanları daxilində xarici ölkələrə üz tuturlar ki, bu da səhiyyəmiz barədə olan inamsızlığı təsdiqləmiş olur. Artıq redaksiyamıza səhiyyə ilə bağlı şikayət daxil olduqda, heç də təəccüblənmirik. Necə deyərlər, sanki bu duruma alışmışıq. Daimi oxucularımız bilir ki, səhiyyə ilə bağlı şikayət daxil olduqda, əsasən dövlət xəstəxanalarından, oradakı şəraitsizlikdən, xəstələrə səhv diaqnoz qoyulmasından, düzgün müalicə üsulunun seçilməməsindən, bundan başqa, dövlət hesabına həyata keçirilməli olan bəzi amillərin pullu olmasından şikayətlənirlər. Və bu kimi amilləri də əsas tutaraq, ya özəl tibb müəssisələrinə üstünlük verirlər, yaxud da xarici ölkələrə pənah aparırlar. Daxil olan şikayətlər onu deməyə əsas verir ki, hazırda paytaxt Bakı ilə müqayisədə bölgələrimizdə vəziyyət daha acınacaqlıdır ki, bu da olduqca bərbad bir durumdur. Redaksiyamıza daxil olan şikayətlərdə bölgələrimizdə fəaliyyət göstərən səhiyyə ocaqlarının demək olar ki, əksəriyyətində tibbi avadanlıqlar belə, yoxdur. Hansı rayonlarda ki yeni səhiyyə ocaqları tikilib, yaxud da təmir edilib, istifadəyə verilib onlarda da digər problemlər mövcuddur ki, bu da vətəndaşların narazılığı ilə qarşılanır. İndiyə qədər bölgələrimizdən səhiyyə ilə bağlı kifayət qədər şikayətlər daxil olub ki, zaman-zaman hər birinə yer verməyə, şikayət və problemləri işıqlandırmağa çalışmışıq. Elə bu gün yenidən səhiyyə mövzusuna toxunmağımız da bununla bağlıdır. Redaksiyamıza daxil olan şikayətdə iddia olunur ki, Xaçmaz rayon səhiyyəsi çökmək üzrədir. Daxil olan məlumata görə, rayon mərkəzi xəstəxanasında özbaşınalıq pik həddə çatıb. Deyilənə görə, hazırda Xaçmaz xəstəxanası demək olar fəaliyyət göstərmir. Mərkəzi xəstəxanada müasir tibb avadanlıqlarının olmasına baxmayaraq rayon sakinləri Xaçmazda fəaliyyət göstərən özəl tibb müəssisəsinə daha çox müraciət edirlər. Çünki Səyyaf Tağıyevin rəhbərlik etdiyi rayon səhiyyəsi vətəndaşlara normal xidmət göstərmir, həm də dövlət xəstəxanası olmasına baxmayaraq, gördükləri işin müqabilində nəsə umurlar. Əldə edilən məlumatlara görə, Xaçmaz rayon Mərkəzi xəstəxanasında qeydiyyyat otağından başlayaraq, əməliyyat masasına kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan umulanların qarşılığında belə, normal tibbi quluğun olmamasına görə sakinlər rayondakı iki özəl klinikaya daha çox müraciət etmək məcburiyyətində qalırlar. Səyyaf Tağıyevin baş həkimi olduğu tibb ocağında isə, əlini cibinə salmayan xəstələr və onların yaxınları üçün əlavə problemlər yaradılır. Hazırda rayonda 91 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Rayon kəndlərində fəaliyyət göstərən tibb məntəqələri isə demək olar ki, yox vəziyyətindədir. Sakinlərin dediyinə görə, bu tibb məntəqələrindən yalnız dərman və sarğı preparatlarının silinməsi üçün istifadə olunur. Rayon sakinləri iddia edirlər ki, Mərkəzi xəstəxanada tibb bacısından tutmuş həkimlərə, eləcə də xəstəxananın rəhbərliyinə kimi az qala hər kəs xəstənin onların maraqlarını təmin etməsini gözləyir. Bundan başqa, xəstəxananın stasionar şöbələrində vəziyyətin acınacaqlı və Profilaktik-müalicə sisteminin keyfiyyətinin olduqca aşağı olduğu iddia olunur. Həmçinin Xaçmaz rayonunun kənd ambulator məntəqələrinə dərman və tibbi ləvazimatlarının ümumiyyətlə verilmədiyi qeyd olunur.
gundelik-baku.com