BolgeXeber.Com » Xəbərlər » Xaləddin İsgəndərovdan daha bir şikayət - “40 min rüşvət ver və özünə ev tik”

Xaləddin İsgəndərovdan daha bir şikayət - “40 min rüşvət ver və özünə ev tik”

8-08-2015, 15:00
Oxunub: 2 823 Xaləddin İsgəndərovdan daha bir şikayət - “40 min rüşvət ver və özünə ev tik”“ Heç bir vəzifədə işləmir. O, vasitəçidir. Ona rüşvət verirsən və lazımi sənədləri alırsan”

Bu gün Bakı şəhərinin hər bir rayonunda müxtəlif maklerlər peyda olub. Onların əsas işi torpaqla, ev tikintisi ilə bağlı icra hakimiyyətindən sərəncamlar almaq və ortada pul qazanmaqdır. Bugünlərdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 27 A ünvanda yaşayan Cavid Aslanov Qafqaz Xəbər Agentliyinə müraciət edib: “ Mənim 2 otaqlı balaca evim var. Bu ilin fevralında mən 2-ci mərtəbə tikmək qərarına gəldim. Binəqədi rayonunda bu işlərlə Rəfael adlı şəxs məşğul olur. Kim evində dəyişiklik etmək istəyirsə, bu şəxsə rüşvət verib icra hakimiyyətindən rəsmi sənəd- icazə alır. Rəfael məndən 40 min rüşvət istədi. Əgər mənim bu qədər pulum olsaydı 2-ci mərtəbə tikməzdim, özümə ev alardım”. Müxbirimizin “Rəfael hansı vəzifədə işləyir?” sualına şikayətçi belə cavab verdi: “ Heç bir vəzifədə işləmir. O, vasitəçidir. Ona rüşvət verirsən və lazımi sənədləri alırsan”. 16 iyun 2015-ci ildə Aslanov rəsmi şəkildə icra hakimiyyətinə müraciət edir: “ Mən Binəqədi RİH-ə ərizə ilə müraciət elədim və bütün sənədləri təqdim edərək tikinti üçün icazə istədim. Ancaq mənə heç bir cavab verilmədi. Onda mənim atam icra başçısı Xaləddin İsgəndərovin qəbuluna gedərək tikinti üçün xahiş elədi. İcra başçsı söz versə də nəticəsi olmadı. Onda mən tikintiyə başladım. Ancaq Rəfael və 10 nəfər idmançı görkəmində şəxs gələrək mənim evimin 2-ci mərtəbəsini sökdülər. Mən prosesi mobil telefona çəkmək istəyəndə Rəfaelin adamları mobil telefonumu sındırdılar”. Biz məsələyə aydınlıq gətirmək üçün Rəfaellə əlaqə saxladıq. O, bildirdi ki, həmin evin 2-ci mərtəbəsi qanunsuz tikildiyi üçün biz onu sökdük.

Soyadını demək istəməyən Rəfaeldən müxbirimiz “Siz harada işləyirsiniz?”soruşanda onun cavabı belə olub: “ Mən Binəqədi bələdiyyəsində işləyirəm. Həmin ev isə bələdiyyənin torpağında tikilib”. Söhbətin davamında Rəfael ümumiyyətlə Cavid Aslanovu tanımadığını və söküntüdə iştirak etmədiyini söylədi. Müxbirimizin “Cavid Aslanov deyir ki, sizin adamlar onun mobil telefonunu sındırıb” fikrinə Rəfaelin cavabı belə oldu: “ Siz bilirsinizmi, onun telefonunda necə biabırçı roliklər var?”. Müxbirimiz yenidən soruşub ki, bəs siz deyirdiniz Aslanovu tanımırsınız, bəs haradan bilirsiniz ki, onun telefonunda hansı roliklər var..? Rəfael bildirib ki, mən bir daha deyirəm ki, mən Aslanovu tanımıram. Biz Binəqədi bələdiyyəsinə müraciət etdik. Bələdiyyənin vergi şöbəsinin müdir müavini Elnur Mehdiyev bildirdi ki, bizdə Rəfael adlı şəxs işləmir. Biz yenidən Rəfael ilə əlaqə saxlayıb bu fikirləri ona çatdıranda o bildirdi ki, mən orda işləyirəm və mən sizə hesabat verməli deyiləm.