Kağız üzərində qalan aqrar sığorta qaydaları - Bu sistem niyə iflic olub?
11-08-2015, 11:20
Oxunub: 4 298
Mütəxəssislər hesab edir ki, Sovet dövründə olduğu kimi böyük kollektiv təsərrüfatlar yaradılmalıdır
Avqustun ilk günlərində havanın həddən artıq isti keçməsi kənd təsərrüfatı sahələrində yanğınlarla müşahidə edildi. Təbii ki, kənd sakinlərinə, fermerlərə dəyən ziyan minlərlə, milyonlarla manat olsa da, onların bunu kompensasiya etmək hüquqları hələ də təmin edilməyib. Tez-tez baş verən yanğınlar, təbii fəlakətlər kəndlilərin aylarla çəkdiyi zəhməti bir andaca göyə sovurur, gözünü əkdikləri taxıla, damda saxlanılan bir neçə heyvana dikən ailələrin ümidləri puç olur. Bu barədə Gündəlik Bakı məlumat verir.
Onların yaşamaq üçün apardığı mücadilədən isə heç kimin xəbəri olmur. Səbəbi isə çox sadədir - ölkədə hələ də aqrar sığorta sistemi işləmir. Daha çox ehtiyac duyduğumuz ərzaq məhsullarının istehsalçısı olan kənd təsərrüfatı sektoru dövlətlərin iqtisadiyyatı üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ölkədə həyata keçirilən aqrar siyasətin başlıca məqsədi dövlətin ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin həyat standartlarını yaxşılaşdırmaq, gəlirlərin ədalətli bölgüsünə nail olmaq və ixracat gəliri əldə etməkdən ibarətdir.
Kənd təsərrüfatı sektorunun təbiət hadisələrinə qarşı həddən artıq həssas olması fermerlərin riskini artırmaqla onların pul və kapital bazarlarından vəsait əldə etmə imkanlarını məhdudlaşdırır. Fermerlər texniki riskləri azaltmaq üçün, regional riskləri nəzərə alaraq müxtəlif dövrlərdə fərqli məhsullar yetişdirə bilərlər. Həmçinin, bu məqsədlə irriqasiya və müxtəlif profilaktik tədbirlər görə bilərlər. Maliyyə risklərinin azaldılması üçün isə ən əhəmiyyətli vasitələrdən biri sığortadır. İqtisadi inkişaf səviyyəsinə görə müxtəlif ölkə qruplarında bitkiçilik və heyvandarlıq sahələri üzrə toplanan sığorta haqlarının həcminə nəzər salaq. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı üzrə sığorta haqlarının aqrar ÜDM-da xüsusi çəkisi 2 faizdən çoxdur. Kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində qabaqcıl 10 ölkə siyahısına isə ABŞ başçılıq edir. Dünya üzrə kənd təsərrüfatı məhsullarının sığorta haqlarının yarıdan çoxu məhz bu ölkədə toplanır. Sonrakı yerləri isə uyğun olaraq Yaponiya, Kanada, İspaniya, Çin, İtaliya, Fransa, Rusiya, İran, Argentina tutur. Problemə aydınlıq gətirən iqtisadçı ekspert Pərviz Heydərov kənd təsərrüfatında ən riskli biznes fəaliyyətinin əkinçilik və heyvandarlıq sahəsində həyata keçirildiyini vurğulayıb. Onun fikrincə, sığorta ölkənin ərzaq təhlükəsizliyini bilavasitıə təmin edən aqrar sektorda daha vacibdir: "Kənd təsərrüfatı iqtisadiyyatın ən mühüm və ümdə sahələrindən biridir. Sığorta isə risk və müvafiq təhlükə ehtimalı olan yerdə və sahədə vacibdir. Nəzərə alsaq ki, kənd təsərrüfatı iqtisadiyyatın ən riskli və uzunmüddətli proqnozlaşdırma həyata keçirməyə imkan yaratmayan sahəsidir, sığorta fəaliyyətinin burada nə qədər vacib olduğu aydın olar. Aqrar sektor iqtisadiyyatın yeganə sahəsidir ki, bilavasitə mövcud təbii şəraitlə, iqlimlə sıx əlaqəlidir. Odur ki, biznes fəailiyyəti daha çox aqrar sahədə risklə əhatə olunur. Söhbət burada emal deyil, sırf xammal istehsalı prosesindan gedir. Ona görə də kənd təsərrüfatı məhsullarının istehsalı və ya heyvandarlıq ilə məşğul olan fiziki və hüquqi şəxslər əkdikləri məhsulları və sahib olduqları heyvanları sığorta etdirməklə gələcəkdə baş verə biləcək hadisələr zamanı onlara dəyən itki və ziyanlara görə təzminat əldə etmək hüququ qazanırlar. Aqrar sektorda biznesi stimullaşdırmağın bir yolu da sığortadan və onun təşkilindən keçir". Hazırda ölkədə aqrar sığortanın inkişafı üçün böyük potensial mövcuddur. Lakin bu sahədəki pərakəndəlik işləri ləngidir ki, bu da daha çox fermerlərə, fərdi təsərrüfatlara ziyan vurur. Mütəxəssislər hesab edir ki, Sovet dövründə olduğu kimi böyük kollektiv təsərrüfatlar yaradılmalıdır. Belə olan halda həm əkin sahələrinin, həm texnikanın, həm də yığılan məhsulun uçotu aparılacaq. Bu isə adıçəkilən sahələrin sığortalanmasının icbariliyini təmin etməyə imkan verəcək. Kənd təsərrüfatı ilində aqrar sığorta sahəsində işlək mexanizmin qurulması istiqamətində addımlar atılacağına ümid edirik.
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman