BolgeXeber.Com » Xəbərlər » "Azərsu" köçkünlərə hələ də dəniz suyu içirir

"Azərsu" köçkünlərə hələ də dəniz suyu içirir

12-08-2015, 11:13
Oxunub: 3 113 "Azərsu" köçkünlərə hələ də dəniz suyu içirir22 ildir içməli su üzünə həsrət qalan vətəndaşlar təhlükəli xəstəliklərə yoluxa bilərlər

Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində məcburi köçkün ailələrinin sosial rifahı son illərdə xeyli yüksəlib. Əvvəlki illərdən fərqli olaraq doğma torpaqlarını itirmiş insanlar indi daha rahat şəraitdə yaşayırlar. Təəssüf hissi ilə bildirmək istəyirik ki, məsul vəzifələrdə çalışan bəzi şəxslər bir sıra hallarda məcburi köçkün ailələrinə əlavə problemlər yaradır və onların dərdini təzələyirlər.
Bildiyiniz kimi, doğma torpaqlarından məhrum olmuş insanların bir hissəsi paytaxtın müxtəlif qəsəbələrində məskunlaşıb. Bu gün həmin insanların əksəriyyəti bəzi sosial problemlərdən əziyyət çəkirlər. Yadınızdadırsa, qəzetimizin ötən saylarında Xəzər rayonu Mərdəkan qəsəbəsi Ramin Qasımov küçəsində yaşayan 15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsinin içməli su problemi yaşaması haqda xəbər vermişdik. Mirzəyev Sabir, Mirzəyev Bəhmən, Mirzəyeva Nənəqız, Mirzəyeva Əsli, Mirzəyeva Cəmalə, Mirzəyev Əfqan, Mirzəyeva Dilarə, Mirzəyev Bəhmən (azyaşlı), Mirzəyev İdris (azyaşlı), Süleymanov Kənan, Süleymanova Azadə, Sofiyeva Yeganə, Süleymanov Uğur (azyaşlı), Süleymanov Oqtay (azyaşlı), Süleymanov Dilqəm, Süleymanova Günay, Süleymanov Rəşad, Süleymanova Afərim, Quliyev Qulu, Quliyeva Samirə, Quliyev Hüseyn (azyaşlı), Məmmədov Mübariz, Quliyeva Səbinə, Quliyeva Nərmin, Mirzəyeva Şahnaz, Məmmədli Sənan, Məmmədli Amin (azyaşlı), Allahverdiyev Rəşad, Həsənova Raziyə, Allahverdiyeva Tahirə, Allahverdiyeva Turanə, Quliyeva Aidə, Məmmədov Hacıqulu, Məmmədli Zülfüqar, Məmmədli Firuzə, Əhmədov Akif, Əhmədova Məhəbbət, Əhmədov Ülvi, Quliyeva Günay, Quliyeva İradə və Bağırova Rəqsanənin adlarının qeyd olunduğu şikayət məktubunda bildirilirdı ki, bu məcburi köçkün ailələri artıq 22 ildir ki, dəniz suyu ilə qidalanırlar. Çünki onların yaşadığı əraziyə bu qədər vaxtdır içməli su verilmir. Həqiqətən də, çox təəccüblü və heyrətləndiricidir. Belə ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsi daha çox məmurların, imkanlı şəxslərin bağ evlərinin, imarətlərinin olduğu ərazi kimi tanınır. Sözsüz ki, varlı şəxslərin və bəzi məmurların imarətlərinə içməli su fasiləsiz olaraq verilir. Bundan fərqli olaraq məcburi köçkün ailələri 20 ildən çoxdur ki, dəniz suyu içmək məcburiyyətində qalıblar. Axı dəniz suyu ilə nə vaxta kimi qidalanmaq olar? Məgər, əlaqədar qurumların rəsmiləri dəniz suyunun insan orqanizminə necə zərər vurduğunu bilmirlər? Açığı biz gözləyirdik ki, məcburi köçkünlərin qəzetimizdə dərc olunan müraciətindən sonra "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri təxirəsalınmaz tədbirlər görəcək və doğma torpaqlarından didərgin düşmüş insanları içməli su ilə təmin edəcəklər. Əfsuslar olsun ki, hələ də bir irəliləyiş yoxdur, məcburi köçkün ailələri yenə də əvvəlki tək dəniz suyunun ümidinə qalıblar. Dünən redaksiyamızla əlaqə saxlayan məcburi köçkünlər növbəti dəfə "Azərsu"nun rəhbəri Qorxmaz Hüseynova müraciət etdilər: "Biz məcburi köçkünlər onsuz da, həyatdan küskün insanlarıq. Ata-baba yurdumuzdan müharibə yolu ilə çıxarılmışıq. Məcburiyyətdən gəlib hərəmiz bir tərəfdə özümüzə sığınacaq tapmışıq. Yaşadığımız əraziyə içməli su verilmir. Bununla bağlı olaraq dəfələrlə aidiyyəti dövlət qurumlarına yazılı və şifahi müraciətlər etmişik. Amma heç bir nəticəsi yoxdur. Qəzetinizdə dərc olunan sonuncu yazıdan sonra "Azərsu"nun əməkdaşları gəlib baxdılar və getdilər. Daha sonra onlardan heç bir səs-soraq çıxmadı". Şikayətçilər deyir ki, onlar mövcud vəziyyətə normal və sakit şəkildə öz etirazlarını bildirirlər: "İstəmirik ki, səs-küy salaq, yolu bağlayaq və digər tədbirlərə əl ataq. Nəyə görə içimizdəki düşmənləri sevindirməliyik? Biz belə halları nəzərə alıb su probleminə kəskin etiraz edə bilmirik. Heç olmasa "Azərsu"nun, Xəzər rayon Sukanal İdarəsinin nümayəndələri də bizi başa düşsünlər. Dəniz suyu içə-içə hərəmiz bir xəstəlik tapmışıq. İndi hansı dövrdə yaşayırıq ki, dəniz suyu içməliyik? Ən ucqar dağ kəndlərinə belə içməli su xətti çəkilir. Biz isə paytaxtda yaşaya-yaşaya su tapa bilmirik. Gəlib burda yaşayan insanların sağlamlığını yoxlasalar, hərəsində bir fəsad üzə çıxacaq. Özünüz də bilirsiniz ki, son günlər havalar isti keçir. İnanın ki, bu isti günlərdə olmazın zülmlər çəkirik. Maddi vəziyyəti normal olanlar pul verib maşınla su alırlar. Pulu olmayanlar isə susuzluqdan qırılıb batır. Qəzet vasitəsilə yenidən üzümüzü "Azərsu"nun rəhbəri Qorxmaz Hüseynov cənablarına tuturuq, ondan kömək istəyirik. Deyilənə görə, Qorxmaz müəllim vətəndaşların su ilə bağlı yaranan bütün problemlərinə yaxından diqqət göstərir, onlara əlindən gələn köməkliyi edir. Ondan xahiş edirik ki, ya özü gəlib bizim hansı zülmləri çəkdiyimizi görsün, ya da səlahiyyətli nümayəndəsini bura göndərsin. Ümid edirik ki, Qorxmaz müəllim müraciətimizə müsbət cavab verib tezliklə yaşadığımız içməli su problemini həll edəcək". Biz də öz növbəmizdə "Azərsu" sədrindən məcburi köçkünlərə yardım edəcəyini gözləyirik. İnanırıq ki, yaxın günlərdə Xəzər rayonu Mərdəkən qəsəbəsi Ramin Qasımov küçəsində yaşayan 15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsinin su problemi müsbət həllini tapacaq.

Mövzu ilə bağlı "Azərsu" rəsmilərinin də mövqeyini dərc edə bilərik.