BolgeXeber.Com » Xəbərlər » “Romantic” mağazalar şəbəkəsi istehlakçıları necə aldadır?

“Romantic” mağazalar şəbəkəsi istehlakçıları necə aldadır?

13-08-2015, 12:59
Oxunub: 10 100 “Romantic” mağazalar şəbəkəsi istehlakçıları necə aldadır? Vətəndaşların etibarından istifadə edib onlara keyfiyyətsiz mal satırlar
Ölkəmizdə satılan geyimlər həddindən artıq bahadır. Xüsusilə də qadın və uşaq geyimlərinin qiyməti çox yüksəkdir. Hətta ölkədə keyfiyyətsiz məhsulları da baha qiymətə satırlar. Əsasən də Çinin keyfiyyətsiz məhsullarının etiketini dəyişərək türk malı adıyla vətəndaşlara sırıyırlar. Hazırda paytaxtda bir sıra mağaza şəbəkələri fəaliyyət göstərir. Onlardan biri də "Romantic" mağazalar şəbəkəsidir. Demək olar ki, paytaxtın hər nöqtəsində bu şəbəkəyə rast gəlmək mümkündür.

Qeyd edək ki, 2007-ci ildə bir mağaza ilə işə başlayan "Romantic"in fəaliyyəti heç də xoşagələn deyil. Orada satılan məhsulların qiyməti keyfiyyətiylə ziddiyyət təşkil edir. Demək olar ki, "Romantic" mağazasında satılan məhsulların keyfiyyəti qənaətbəxş hesab olunmur. "Romantic" mağazalar şəbəkəsi artıq paytaxtda deyil, rayonlarda da fəaliyyət göstərir. Orada təkcə qadın geyimləri deyil, eləcə də kişi və uşaq geyimləri, aksessuarlar da satılır. Mağaza satdığı bütün geyim məhsullarının etiketlərində istehsalçı ölkə kimi Türkiyəni göstərir. Lakin məhsullarının keyfiyyətsizliyi türk məhsulu olmasını şübhə altına salır. Çünki alınan məhsulları bir aydan artıq istifadə etmək mümkün deyil. Məhsulun rəngi solur, tikişləri aralanır, tez bir zamanda sıradan çıxır. Bundan başqa "Romantic"in problemi təkcə keyfiyyət deyil. İstehlakçıların cibinə də girir. Məsələn, sözügedən mağazada satılan məhsullar Türkiyədə manatla ifadədə həddən artıq ucuzdur. Elə xarici ticarətin aparıldığı dollarla ifadədə də. Amma "Romantic"in sahibləri eyni məhsulun Türkiyədəki satış qiymətini əsas götürürlər. Misal üçün, satış qiyməti 19 tl olan köynək Azərbaycan alıcısına 19 manata təqdim edilir. Yəni valyutaların konvertasiyası aparılmır.

Bundan başqa endirim zamanı məhsulları əvvəlki qiymətindən baha qiymətə qoyaraq endirimlə yenə əvvəlki qiymətə satırlar. Bu yolla istehlakçıları özünə cəlb etməyə çalışan "Romantic" mağazalar şəbəkəsinin rəhbərliyi istəyinə nail ola bilir. Xüsusilə də endirimlər bayram ərəfəsində daha çox tətbiq edilir. Müştərilərə sms vasitəsilə endirim barədə məlumat verirlər. Vətəndaşlar da endirim var deyib, mağazaya baş çəkirlər. Hətta son zamanlar "Romantic" mağazalar şəbəkəsi artıq bayramları gözləmir. Demək olar ki, hər gün mağazasının şüşələrinə 30%, 50%, 70% faiz endirim var yazıblar. Lakin dükana daxil olduqda, endirimlərin yalnız mövsümü bitmiş məhsullara tətbiq edildiyini görürük. Yeni məhsulların qiyməti isə həddindən artıq baha olur.

Qeyd edək ki, "İstehlakçının hüquqlarının müdafiəsi haqqında qanun"da göstərilir ki, istehlakçı malın bütün sənədlərini, keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edib baxa bilər. Bundan sonra inana bilər ki, təqdim edilən malda endirim olub, ya yox. İstehlak hüquqları qorunan ölkələrdə endirim olunan malın əvvəlki qiymətindən başlayaraq, rəqəmlər sıralanaraq göstərilir. Lakin Azərbaycanda çox hallarda yalançı endirimlər edilir, mal 70% endirim adı ilə təqdim olunur və bu yolla istehlakçı aldadılır. Mağazanın bu siyasəti alıcıları çaşdırmaq məqsədi daşıyır. Ona görə də alıcılara diqqətli olmaq tövsiyə edilir.

Nəzərə alsaq ki, "Romantic" aşağı keyfiyyətdə baha qiymətə mal satır və müəssisənin cari xərcləri elə də böyük deyil, işçilərə ölkə üzrə orta aylıq əmək haqqından aşağı maaş verir. Ona görə də sözügedən mağaza tez-tez işçi dəyişir. Hətta işçilərlə əmək müqaviləsi belə bağlamır. Bu da işçilərin hüquqlarının pozulması anlamına gəlir. Ona görə də işçiləri rahat şəkildə işdən çıxarırlar. İşçi isə əmək müqaviləsi olmadığına görə, hüquqlarını müdafiə edə bilmir. Nəticədə də işsiz-gücsüz ortada qalır. Bir sözlə, "Romantic" mağazalar şəbəkəsinin məqsədi sadəcə çox pul qazanmaqdır ki, bu da sonra istehlakçının kobud şəkildə aldadılması ilə nəticələnir.gundelik-baku