BolgeXeber.Com » Xəbərlər » Əli Həsənov "Qaçqınkom"u qohumlarına verib - İTTİHAM

Əli Həsənov "Qaçqınkom"u qohumlarına verib - İTTİHAM

13-08-2015, 16:22
Oxunub: 7 241 Əli Həsənov "Qaçqınkom"u qohumlarına verib - İTTİHAMBaş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun yaxın qohumu prezidentin Gəray Fərhadov tövsiyyələrini qulaqardına vurur

Azərbaycanda məmur övladlarının qanunsuz hərəkətləri ilə bağlı məsələ özünün ən təhlükəli inkişaf tempinə qədəm qoyub. Hətta prezident səviyyəsində bu kimi hallara qarşı sərt mövqenin ortaya qoyulması, bir çox məmurların məhz övladlarının harınlığına görə vəzifədən uzaqlaşdırılması belə zərərli tendensiyanın qarşısını tam almayıb. Bu baxımdan bir müddət öncə Azərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti mövzunun yenidən gündəmə gəlməsinə səbəb olub.

Belə ki, bir neçə gün bundan öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında "KaMaz” markalı avtomobil sürücüsünü döyməsi haqda məlumatlar yayıldı. Hadisənin Sumqayıt şəhərində baş verdiyi bildirilir. Hadisənin təfərrüatı isə belə olub: Sədr müavininin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən "KaMaz” sürücüsü ona mane olub. Buna əsəbiləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, onu möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.

Bu məlumat yayıldıqdan sonra qarşı tərəfin yayılmış informasiya ilə bağlı hər hansı açıqlama verəcəyini gözlədik. Amma təəssüflər olsun ki, qarşı tərəfdən səs çıxmadı. Bu isə informasiyanın dəqiqliyini ifadə etməklə yanaşı, “Qaçqınkom” rəsmisinin ictimai rəyə hörmətsizliyi kimi dəyərləndirilməlidir. Çünki söhbət sıradan bir olaydan getmirdi, ölkə prezidentinin belə dəfələrlə qınadığı ittihamlara Gəray Fərhadov həssaslıqla yanaşmalı və oğluyla bağlı olaya aydınlıq gətirməliydi. Amma etmədi...

Baş verən olayın arzuolunmaz örnək yarada biləcəyini nəzərə alan Savash.org isə mövzunu yenidən gündəmə gətirməklə yanaşı, oğlu küçənin ortasında adam döyən Gəray Fərhadovun özüylə bağlı kiçik araşdırma aparıb. Beləliklə kimdir bu Gəray Fərhadov və nəyə, kimə arxayındır ki, prezidentin tövsiyyələrini belə qulaqardına vurmaqdan çəkinmir?

Savash.org-a daxil olan məlumatda bildirilir ki, Gəray Fərhadov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun dost-doğma xalası oğludur. Görünür elə bu qohumluq əlaqəsi ona sözügedən komitədə “at oynatmasına” səbəb olub. Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.

Eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin xəttiylə həyata keçirilən mənzillərin bölgüsü və köçkünlərin köçürülməsi işində də Gəray Fərhadov “açar fiqurlardan” hesab olunur. Öncə qeyd edək ki, köçürülmə və ev bölgüsü bir çox hallarda ədalətsizliklə, haqsızlıqla, saxtakarlıqla həyata keçirilir, ölkə başçısının göstəriş və sərancamlarına əməl olunmur. Məsələ burasındadır ki, yerlərdə mənzil bölgüsü ilə məşğul olan səlahiyyətli şəxslər saxtakarlıq edərək müəyyən məbləğ müqabilində mənzilləri ayrı-ayrı adamlara satırlar. Daha çox pul verənlər yaxşı binalardan, orta mərtəbələrdən, yaxşı təmir və təmin olunmuş mənzillərə sahib çıxır. Yerdə qalanlar isə həmin mənzillərdə yaşamaq üçün elə o mənzilin dəyəri qədər xərc çəkib təmir etdirməlidir ki, yaşamaq mümkün olsun. Digər bir amil ailə üzvlərinin sayına görə mənzillərin bölünməsində yaşanana qanunsuzluqlardır.

Yuxarıda da qeyd etdik ki, bu cür hüququ pozulanlar, haqqı tapdalananlar minlərlədir. İnsanlar incidilir, alçaldılır, dövlətdən və prezidentən narazı salınır. Maraqlıdır, bəs vətəndaşı dövlətdən narazı salan həmin məmurlar kimdir? Bununla bağlı apardığımız araşdırmalar göstərdi ki, ev bölgüsü və paylanmasında narazılıq yaradan və bu maxinasiyanın başında dayanan şəxslər bunlardır: Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi Yerləşdirmə Departamentinin rəhbəri - Elman İsmayılov və “Qaçqınkom” sədrinin müavini, eyni zamanda komitə sədri Əli Həsənovun xalası oğlu Gəray Fərhadov.

Bu isə həmin Gəray Fərhadovdur ki, oğlu küçənin ortasında adam döyür, atası isə bu günə qədər baş verən olayla bağlı səsini də çıxartmır.

Mövzuya qayıdacağıq.