BolgeXeber.Com » Xəbərlər » Alimlərə tikilən mənzillər kimlərə satılır?-PROBLEM

Alimlərə tikilən mənzillər kimlərə satılır?-PROBLEM

15-08-2015, 10:51
Oxunub: 905 Alimlərə tikilən mənzillər kimlərə satılır?-PROBLEMAdını çəkmək istəməyən AMEA əməkdaşı yeni mənzil alacağını illərdən bəridir gözlədiyini və hələ də ortada bir nəticə olmadığını vurğulayı

Bir neçə il bundan əvvəl Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) çalışan əməkdaşların mənzil şəraitlərini yaxşılaşdırmaq üçün Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib. Tikinti başa çatsa da, əməkdaşlar həmin binaya köçürülməyib. Bir müddət bundan öncə deputat Fazil Mustafa AMEA-nın həmin binasının aqibəti haqqında yazdığı qeydində tutarlı faktlardan istifadə edərək, problemi qabardıb.

Qeyd edək ki, həmin bina hazırda AMEA-nın yataqxanasında pis şəraitdə yaşayan 118 ailəyə verilməlidir. AMEA ilə “Evro Stroy-S” arasında 2012-ci ilin noyabr ayında imzalanan podrat müqaviləsinə görə, tikinti şirkəti öz hesabına inşa etdiyi 1 bloklu, 16 mərtəbəli yaşayış binasını ödənişsiz əsaslarla AMEA-ya təhvil verməyi öhdəsinə götürüb. Modern.az alimlərin mənzil problemi ilə bağlı toxunduğu mövzuda deputatın qeydindən bəzi sitatları təqdim edir.

“AMEA prezidentinin imzası ilə “Aspirantlar yataqxanasında” yaşayan 118 mənzil sahibinin siyahısı tərtib və təsdiq olunub. Sonra akademiya rəhbərliyi tərəfindən mənzilin tikintisi üçün podratçı şirkət olaraq “Evrostroy – S” MMC ilə “Aspirantlar yataqxanasının” ərazisində yeni binanın tikilməsi üçün qarşılıqlı protokol imzalanaraq, yataqxanada yaşayan sakinlərlə razılaşmaq üçün danışıqlara cəlb olunub. AMEA ilə “Evrostroy-S” MMC arasında razılaşmaya əsasən, “Aspirantlar yataqxanası” sökülərək həmin ərazidə tikiləcək yeni binada yataqxanada yaşayan 118 sakin ən aşağısı 65 kv.m. mənzillə təmin olunmalıdır. İşlərin davamı olaraq “Evrostory-S” MMC ilə yataqxana sakinləri arasında keçirilən iclasın, 118 sakinin imzası ilə hər sakin üçün ən aşağısı 65 kv.metr təyin olunmaqla, 8 noyabr 2012-ci il tarixli 01 saylı razılaşma protokolu imzalanıb.

Bütün sənədlər, 3 iyun 2013-cü il tarixli məktub və sənədlərlə birgə “Aspirantlar yataqxanası” sakinlərinin nümayəndəsi tərəfindən, AMEA prezidenti, akademik Akif Əlizadəyə təqdim olunub. Lakin sonradan AMEA rəhbərliyi yataqxana sakinlərindən məlumatsız əvvəlki rəhbərliyin imzasına məhəl qoymadan yenidən, 2013-cü il iyunun 4-də AMEA prezidentinin 97 saylı sərəncamı ilə komissiya yaradıb və komissiyanın qarşısında 15 gün müddətinə işini yekunlaşdırıb ətraflı məlumat verilməsi tələbi qoyulub. Komissiyanın yaradılmasından bir aydan artıq vaxt keçsə də, fəaliyyəti barədə məlumat olmayıb. Birinci komissiyanın yaradılmasından 45 gün keçəndən sonra, 2013-cü il iyulun 16-da 147 saylı eyni məzmunda, fərqli tərkibli komissiya yaradılması ilə bağlı sərəncam imzalanıb. Bir hüquqşünas kimi anladığım budur ki, yeni rəhbərliyin bu sonuncu addımı yeni binadakı mənzillərin 118 yataqxana sakininin əvəzinə kənar şəxslərə satılması məqsədilə prosesi uzatmaq və mürəkkəbləşdirmək məqsədi güdür. Bu addımın qüvvədə olan Konstitusiyanın 43 maddəsinin, eləcə də Mənzil Məcəlləsinin tələblərinə zidd olduğu açıqdır. Sadəcə, ölkə prezidentinin əsasını qoyduğu bu xoşməramlı layihəyə, eyni zamanda yuxarı-aşağı, 6 - 30 il müddətinə aspirant kimi daxil olub hələ də yataqxanada yaşayan, ən azından ailə tərkibi 4 nəfərdən ibarət olan, bəzi hallarda isə ömürlərini elmə sərf edib ailə həyatı belə qurmayan, indiyə qədər mənzil sahibi olmayan 118 yataqxana sakininə AMEA rəhbərliyi tərəfindən belə laqeyd münasibətin izahını verməkdə çətinlik çəkirəm. Mənzillər kənar şəxslərə satılandan sonra gedib ölkə prezidentinə bu adamlar necə yalan məlumat verəcəklər? Burada axı söhbət elm adamlarının, onların ailələrinin insan kimi yaşamaq hüququndan gedir. Həm də o elm adamları ki, illərdir ümumi sahəsi 20 kv. metr olan bərbad şəraitli bir otaqda ailəliklə yaşamağa məhkum olmuşlar. Əksinə, AMEA rəhbərliyi alimlərin hüquqlarını qorumaq üçün çalışmaq əvəzinə, kommersant düşüncəsi ilə davranış ortaya qoyurlarsa, buna cəmiyyətin düşünən insanları mütləq öz etirazlarını bildirməlidirlər”.

Məsələnin həll edilib-edilmədiyini öyrənmək üçün Bu gün Fazil Mustafanın özü ilə əlaqə saxlanılıb. O, təəssüf hissi ilə məsələnin hələ də müsbət həllini tapmadığını vurğulayıb. Amma deputat nə vaxtsa məsələnin həll ediləcəyini, hazırda o qədər də yaxşı vəziyyətdə yaşamayan alimlərin yeni mənzillərinə köçəcəyinə inanır.

Həmin yataqxanada birotaqlı mənzildə ailəsi ilə yaşayan və yeni binaya köçməsini səbirsizliklə gözləyən alimlərdən biri ilə də əlaqə saxlanılıb. Adını çəkmək istəməyən AMEA əməkdaşı yeni mənzil alacağını illərdən bəridir gözlədiyini və hələ də ortada bir nəticə olmadığını vurğulayıb.
Bolgexeber.com