BolgeXeber.Com » Xəbərlər » "Onun oğlunun və yoldaşının adı ştatda gedir, amma..." - Gəncəli aktyordan şok açıqlamalar

"Onun oğlunun və yoldaşının adı ştatda gedir, amma..." - Gəncəli aktyordan şok açıqlamalar

19-08-2015, 11:36
Oxunub: 3 391 "Onun oğlunun və yoldaşının adı ştatda gedir, amma..." - Gəncəli aktyordan şok açıqlamalarGəncə Dövlət Dram Teatrının keçmiş aktyoru, hazırda Rusiyada tamadalıqla məşğul olan Eldəniz Tağıyev bu günlərdə Ölkə.Az-ın redaksiyası ilə əlaqə saxlayaraq ona doğma olan mədəniyyət ocağında baş verənlərə münasibət bildirib. Aktyorun geniş müsahibəsini təqdim edirik:

- Eldəniz müəllim, öncə sizi tanıyaq...

- Orta məktəbdə oxuduğum illərdə Gəncə Dövlət Dram Teatrına dəvət olunmuşam və həmin vaxtdan da işə götürülmüşəm. İsmayıl Şıxlının faşizm üzərində qələbənin 35 illiyinə həsr etdiyi "Odlu çarpazlar" əsərində Mahmud rolunu oynamışam. Həmin tamaşa indi də Qızıl Fondda saxlanılır. "Odlu çarpazlar"la bir neçə festivalda, o cümlədən Akademik Milli Dram Teatrında çıxışlar etdik. Ardınca Nəriman Həsənzadənin "Atabəylər" pyesində Ayəbanı oynamışam. “ Təhminə və Zaur ” pyesində Zaur, Müsibəti Fəxrəddin” də Şahmar bəy, "Əliqulu evlənir" komediyasında Rövşən, "Atayevlər ailəsində" Cahangir, "Qonşular"da Etibar kimi rollarım olub.

- Bəs necə oldu ki, bu qədər rəngarəng rolları və teatrı qoyub kənara çəkildiniz?

- Hərbi xidmətdən sonra yenə doğma teatrımda işlədim. 1995-ci ildə indikinə bənzər abu-hava hökm sürürdü. Vaqif Şərifovun dəst-xətti ilə gedən hökmdarlıq və hökmranlıq nəticəsində məndən başqa 9-10 nəfər də bu haqsızlığa dözməyib çıxmışdıq. Sonra teatra olan həvəsim məni bura qaytardı. Bir-iki il işləyəndən sonra məlum oldu ki, heç nə dəyişməyib, daxili mübahisələr ifrat dərəcədədir, səmimiyyət yoxdur, mədəniyyət adı altında kimlərsə öz bizneslərini qurur və sair..

- Onda teatrın direktoru kim idi?

- Artıq Əli Qasımov teatrın direktoru idi.

- Dediyiniz fikirlərlə bağlı Əli Qasımovla söhbətiniz oldumu?

- Onunla bu haqda çox söhbətlərimiz olmuşdu. Mən teatrı çox gözəl bilirəm və özlərinin təbirincə desək, teatrı bilən adamın teatrda işləməyinə ehtiyac yoxdur. Əksinə, belə adamların teatrdan uzaqlaşması daha məqsədəuyğundur. Aktyorların mənə qarşı münasibətini də tədricən dəyişməyə çalışdılar və buna da nail oldular.

- Aktyor həmkarlarınız sizdən üz döndərmişdilər?

- Bəli, tədricən belə oldu. Hətta vəziyyət o həddə çatdı ki, teatrda çalışanlar Əli Qasımovdan və onun ətrafındakı 1-2 nəfərdən üzr istəməliydi.

- Səbəb?

- Səbəb hökmranlıq...Kim üzr istəsə, teatrda işləyə bilərdi. Mən də təqsirim olmaya-olmaya kimdənsə üzr istəməmişəm və istəmərəm də. Çox sadə bir şey deyim də. Son beş ili bu teatrda işləyirdim. Bu müddət ərzində keçirilən “yolka” şənliklərində iki mənasız tamaşa oynanılıb. Onlardan biri "Meşə çaqqalsız olmaz", digəri "Ayının qoçaqlığı" adlanır. Bu tamaşalar da fonoqramla oynanılır. Bunlar insanları teatra cəlb etmək əvəzinə, uzaqlaşdırırlar. Yolka şənliyi yalnız maddiyyat güdür, başqa heç nə.

- Bildirilir ki, teatrda adı ştatda olub işə gəlməyən xeyli sayda insan var. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə onu deyə bilərəm ki, teatrda gözə görünən 40-50 nəfərdi, amma işləməyən adamların sayı həddən artıq çoxdur. Bilirsinizmi, teatrın baş inzibatçısı kimdir?

- Xeyr, bilmirəm. Kimdir?

- Əli Qasımovun oğlu neçə illərdir həmin vəzifədədir və özü heç vaxt görünməyib.

- Adı nədir?

- Heç adını da dəqiq bilmirəm, amma böyük oğludur. Yoldaşının da adı teatrda hansısa ştatda gedir. Əgər maraqlı olsa, kadrlar şöbəsində sənədləri qaldırıb, baxmaq da mümkündür.

- Ədəbi hissə müdiri kimdir?

- İki il ərzində bəlkə on ədəbi hissə müdiri təyin olunub, dəyişdirilib. Amma onlardan heç birini teatrda görməmişəm. Halbuki bu adam repertuara cavabdeh olan şəxslərdən biridir, baş rejissorla birbaşa təmasda olmalıdır. Amma burada nə baş inzibatçı, nə ədəbi hissə müdiri görünmür.

- Son dəfə ədəbi hissə müdiri kim idi?

- Deyə bilmərəm, hazırda kimdir. Axırıncı dəfə Əli Qasımovun bir qohumu bu ştata yazılmışdı. Hündür qız idi. Teatr hər il qastrola gedir. Qastrolun hər günü üçün aktyora sutkalıq verilməlidir.

- Verilmir?

- Aktyorların heç nədən xəbəri olmur, yalnız boş cədvələ qol çəkirlər. Digər məsələlər mühasibatlıqda həll olunur. Sonradan ora istədikləri məbləği yazırlar.
Fikrimcə bu teatrda tez-tez baş rejissor dəyişikliyi edincə, direktorun dəyişdirilməsi daha doğru olardı. Onsuz da yenə direktorun və onun ətrafındakı bir-iki nəfərin dediyi olur. Baş rejissor da gəlib orada oturur və vaxtının tamam olmasını gözləyib, Bakıya qayıdır. Ona görə bu teatrda yaradıcılıqdan danışmağa dəyməz.

- Teatrın hazırkı baş rejissoru direktorun dediyi ilə oturub-durur, yoxsa yaradıcı proseslərə öz müstəqil baxışı var?

- Əgər rejissor gəlibsə, məşqlər vaxtında başlamırsa, hansı yaradıcılıqdan danışmaq olar? Dövlət sifarişinə təyin olunmuş əsərlərin pulu vaxtında çatmırsa, rejissorun istədiyi ləvazimatlar vaxtında alınmırsa, ayrılan 12 mindən min manatı xərclənirsə, qalan pullar ortada yoxa çıxırsa, rejissor da bunları görürsə, təbii ki, vaxtını yola verib Bakıya-işinin-gücünün dalınca qayıtmaq üçün vaxtının tamam olmasını gözləyəcək.

- 48 yaşınız var və fəxri ad almamısınız...

- Fəxri ad almaq üçün teatrdakı müəyyən qüvvələrin sözünü yerinə yetirmək lazımdır. Əli Qasımov vaxtında bu teatrdan bir aktyor kimi uzaqlaşdırılıb. Sovet dövründə aktyor teatrda heç bir rol oynamırdısa, müsabiqə keçirilirdi və müsabiqədən keçməyəndə uzaqlaşdırılırdı. Əli Qasımov da məhz yararsız aktyor kimi Gəncə Dövlət Dram Teatrından uzaqlaşdırılanlardandır. 1998-ci ildə Nazim Məmmədov teatrın direktoru idi. İndi Dövlət Musiqili Komediya Teatrının direktoru olan Əliqismət Lalayevin iştirakı ilə nazirlikdən gələn yoxlamanın qərarına əsasən Nazim Məmmədov, Əli Qasımov və Anar Bürcəliyev ümumiyyətlə teatr üçün yararsız hesab edilmişdilər. Həmin vaxt Əli Qasımov baş inzibatçı işləyirdi.

- O zaman Anar Bürcəliyev teatrda hansı vəzifədə çalışırdı?

- Səhv etmirəmsə, direktor müavini olub. Həmin illərdə mən teatrda olmamışam.

- Bildirdiniz ki, fəxri ad almaq teatrın daxilindəki müəyyən qüvvələrdən asılıdır. Konkretləşdirsək?

- Konkret söhbət Əli Qasımovdan gedir.

- Yalnız Əli Qasımov?

- Vaqif Şərifov da neçə illərdi teatrın bu vəziyyətə düşməsinin əsas səbəbkarlarından biridir.

- Fəxri adlara təqdimatı Vaqif Şərifov verir?

- Əlbəttə, onun birbaşa rolu var.

- Başqa kimlər müdaxilə edə bilir?

- Vaqif Şərifovla Əli Qasımov. Digərlərini deyə bilmərəm.

- Teatra qayıtmaq fikriniz varmı?

- Ümumiyyətlə, mənim axırıncı dəfə teatrdan getməyim də çox absurd şəkildə baş verdi. Sağlamlığımla əlaqədar direktor Əli Qasımova müraciət edib, öz hesabıma məzuniyyətə çıxmaq istədiyimi bildirdim. Söhbət may ayında olub. Dedim ki, onsuz da bir aydan sonra məzuniyyətə çıxacam. Məqsədim müalicə olunmaq idi. Bir də xəbər tutdum ki, əmrimi verib, işdən çıxarıb. Amma hansı əsasla etdiyini bilmədim.

- Hazırda Moskvada nə işlə məşğulsunuz?

- Burada müalicə olunuram. Çünki qiymətlər Azərbaycanla müqayisədə nisbətən ucuzdur. Həm də arabir dəvətlər olanda azərbaycanlıların toyunda tamadalıq edirəm. Əgər teatrda işləyib, dolansaydım, burada nə işim vardı? Elə bilirsiniz mənə xoşdur?

- Teatrın aktyorları ilə əlaqəniz varmı?

- Teatrdan axırıncı dəfə Əli Qasımovla danışmışam. Soruşdum ki, məni niyə işdən azad etmisən? Dedi ki, belə məsləhət oldu. Dedim kim verib o məsləhəti sənə? Susdu. Deyə bilmərəm o kimin məsləhəti ilə oturub-durur. Amma kiminsə məsləhəti ilə oturub-durursa, yaxşı olardı ki, həmin adamın özünü direktor təyin edərdilər. Bunu yalançı direktor formasında burada oturtmağa nə ehtiyac var?

- Sizin təbirinizcə desək, direktora məsləhət teatrın daxilindən verilir, yoxsa?

- Məncə, teatrın daxilindən ola bilər.