BolgeXeber.Com » Xəbərlər » Başçı əmrini gözləyir, camaat isə problemlərinin həllini... - Gədəbəydə həyat durub...

Başçı əmrini gözləyir, camaat isə problemlərinin həllini... - Gədəbəydə həyat durub...

20-08-2015, 11:21
Oxunub: 3 840 Başçı əmrini gözləyir, camaat isə problemlərinin həllini... - Gədəbəydə həyat durub...Gədəbəy şəhərinin bir neçə mərkəzi küçəsində yerləşən yaşayış binalarına su verilməsi naməlum səbəblərdən dayandırılıb

Gədəbəydən aldığımız yeni məlumatlarda bildirilir ki, Rayon İcra Hakimiyyətinin rəhbərliyi indiyədək rayonda görüntü xatirinə olsa belə, aparılan bütün işləri dayandırıb.Ehtimal olunur ki, icra başçısı Ramiz Yediyarov yaxın vaxtlarda vəzifədən alınacağı barədə xəbərlərin artıq yuxarı dairələrdən də təsdiqini aldığı üçün belə bir qərar verib. Digər tərəfdən isə, başçının vəzifədən gedişinin heç də problemsiz ötüşməyəcəyi gözlənilir. Belə ki, aldığımız məlumata görə hazırda ölkənin Maliyyə Nazirliyi tərəfindən Gədəbəyin bütün idarə və təşkilatlarının fəaliyyəti ciddi təftiş olunur. Mənbəmiz isə bildirir ki, rayon sakinləri bu yoxlamanın nəticəsi olaraq, artıq uzun müddətdən bəri onları da maraqlandıran bir çox suallara cavab ala biləcəklərinə ümid edirlər. Təbii ki, bu suallar ilk növbədə rayonda mənimsənilən külli-miqdarda dövlət vəsaitlərinin hara xərclənməsi ilə bağlıdır. Məsələn bildirilir ki, Ramiz Yediyarovun Gədəbəyə rəhbərlik etdiyi üç il ərzində təkcə rayonun daxili büdcəsindən 16 milyon manat pul mənimsənilmişdir. Yerli sakinlərdə yaranmış suallardan biri də Gədəbəy şəhəri Heydər Əliyev adına parkın ətrafında yaranmış vəziyyətlə bağlıdır. Məsələ bundadır ki, hələ bir il bundan əvvəl bu parkın abadlaşdırılması və yenidən qurulması məqsədilə 300 min manat məbləğində vəsait ayrılmışdı. Aradan keçən müddət ərzində bu işlərə başlansa da, parkda nə abadlıq, nə də yenidənqurma işləri başa çatdırılmamışdır. Əksinə, park sakinlərin istirahəti üçün yarasız vəziyyətə gətirilmişdir. Ayrılan vəsaitlərin hara xərcləndiyi isə, bu gün də məlum deyil. Gədəbəy sakinlərini son vaxtlar xüsusilə narahat edən digər bir məsələ də şəhərin su təminatı ilə bağlıdır. Qeyd edək ki, bu problem qəzetimizin ötən saylarından birində dərc olunmuş materialda da qismən işıqlandırılmışdı. Qeyd olunmuşdu ki, Gədəbəy şəhərinin bir neçə mərkəzi küçəsində yerləşən yaşayış binalarına su verilməsi naməlum səbəblərdən dayandırılıb. Nəticədə isə, bütöv məhəllələrdə antisanitar vəziyyət və bir çox digər problemlər yaranıb. Yeni aldığımız məlumatda isə, mənbə bildirir ki, artıq iki aydan çoxdur ki, bütün şəhər tamamilə susuz qalıb. Lakin bu dəfə aldığımız məlumatda bu vəziyyəti doğuran səbəblər barədə də bəzi açıqlamalar təqdim edilib. Bu xüsusda mənbə bildirir ki, son vaxtlar havaların xüsusilə isti keçməsilə əlaqədar, rayonun kənd ərazilərində da suya, o cümlədən suvarma suyuna da olan tələbat artb. Bu isə suyun qiymətinin də qalxmasına səbəb olub. Belə ki, hazırda bir maşın suyun qiyməti 40 manata çatıb. Mənbələr bildirirlər ki, məhz buna görə də şəhərə verilən su indi maşınlara doldurularaq fərdi əkin sahələrinin sahiblərinə, fermerlərə satılır. Təbii ki, bu misli görünməmiş özbaşınalığa Gədəbəydən başqa ikinci bir yerdə rast gəlmək qeyri-mümkündür. Məlumatları verən mənbənin toxunduğu daha bir məqam da Gədəbəy şəhərində sahibkar obyektlərinin icra başçısının qərarı ilə qeyri-qanuni olaraq sökülməsilə bağlıdır. Amma bu dəfə söhbət obyekti sökülən növbəti sahibkardan getmir. Bu barədə onsuz da indiyədək qəzetimizdə kifayət qədər faktlar təqdim olunub. Bu dəfə aldığımız məlumat isə əksinə, obyekti sökülməmiş və hətta artırılmasına da icazə verilmiş sahibkarlar haqdadır. Bu xüsusda mənbə bildirir ki, şəhərin mərkəzi küçələrindən birində yerləşən və sakinlər arasında “Elşənin apteki” kimi tanınan aptek də belə “bəxti gətirmiş” obyektlərdən biri olub. Amma bu “bəxt” deyilənə görə, Elşənə 20 min manata başa gəlib. Bundan bir qədər artıq məbləğə, təxminən 30 min manata isə, “Vüsal” şadlıq evinin sahibi öz obyektinin sahəsini bir qədər də artırmağa nail olub...Gədəbəylilər ümid edirlər ki, Ramiz Yediyarov rayondan gedənə qədər bütün bu suallara cavab ala biləcəklər. Amma əslində bunun bir o qədər də əhəmiyyəti yoxdur. Çünki başçının vəzifədən gedəcəyi təqdirdə bütün mövcud problemlər yavaş-yavaş öz həllini tapacaq.