BolgeXeber.Com » Xəbərlər » Muxtar Babayevin istirahət sezonu kimlərə baha başa gəlir?

Muxtar Babayevin istirahət sezonu kimlərə baha başa gəlir?

26-08-2015, 14:19
Oxunub: 1 209 Muxtar Babayevin istirahət sezonu kimlərə baha başa gəlir?"Azərkimya" İstehsalat Birliyinin müəssisələrində ixtisaslı fəhlələrin sıradan çıxarılmasının yolunu tapıblar

"Azərikimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayevin başı şəxsi problemlərinə qarışdığından birliyin tərkibində fəaliyyət bəzi müəssisə rəhbərlrinin fəliyyətinə nəzarət edə bilmir. Qeyd edək ki, "Azərkimya" İB-nin strukturuna "Etilen-Polietilen", "Səthi Aktiv Maddələr", "Üzvi Sintez", "Mexaniki Təmir" zavodları, "Kimyalayihə" institutu və digər idarələr daxildir. Bu müəssisələrdə istehsal olunan neft-kimya məhsulları bir sıra xarici ölkələrə ixrac olunur.

Ümumilikdə 6 minə yaxın işçinin çalışdığı "Azərkimya" İB-də illərlə formalaşmış ənənəyə görə əmək hüququna məhəl qoyulmur. İşçilərə qarşı ayrı-seçkilik münasibətləri isə əmək intizamının başlı-başına buraxılmasında özünü büruzə verir. Başı deputatlıq qayğılarına qarışmış Muxtar Babayevin yay aylarında adəti üzrə ölkədə olmadığı deyilir. Məlumata görə, hörmətli millət vəkili bu il də istirahət üçün xarici ölkələrdən birini seçib. Bəzi xəbərlərə görə, Muxtar müəllimin sorağı axırıncı dəfə Monako knyazlığında, yaxta şəhərciyindən gəlib. Maraqlıdır ki, "Azərkimya" rəhbərinin istirahət sezonunun onun özündən daha artıq birliyin tərkibindəki zavodların direktorlarına baha başa gəldiyini iddia edənlər az deyil.Təəssüf ki, iddialara Muxtar Babayevin münasibətini öyrənmək isə mümkün olmur. Çünki, hörmətli deputatı tapmaq sadəcə müşkül məsələdir. Onun istirahətdə olması həm də Birliyin müəssisələrində əmək intizamının pozulması ilə nəticələnir.Odur ki, Muxtar Babayevin nəzarətsiz buraxdığı Birliyin strukturuna daxil olan zavod və müəssisələrdə işçilərin özbaşınalıqlarla rastlaşması sistematik şəkil alıb. Burada təcrübəsiz işçilərin ixtisas dərəcələri ilə "mükafatlandırılması" fonunda baş verən hüquq pozuntuları heç bir əndazəyə sığmır.Başqa sözlə desək, birinin "cənnəti" başqasının cəhənnəm əzabına qatlaşması bahasına qurulur. Düzü, hansı məqsədlə edilməsindən asılı olmayaraq buna əməlisalehlik deməyə adamın dili də gəlmir. Bizə qalsa, "Azərkimya" İstehsalat Birliyində bəzi idarə və müəssisələrdə tez-tez rast gəlinən qeyri-obyektivlikdən danışmaq istəməzdik. Lakin Birliyin tərkibindəki zavod direktorlarının ortaya qoyduğu iş üslubu belədir. Uzun illərdən bəri bu vicdanla çalışmış təcrübəli, lakin "köhnəlmiş" kadrlardan yaxa qurtarmaq üçün onları attestasiya komissiyasının cənginə tuş gətirib imtahana çəkirlər. Nəticədə kvalifikasiya dərəcəsi məqsədli şəkildə aşağı salınan xeyli mütəxəssis yararsız hesab edilərək vəzifəsindən kənarlaşdırılır.

Düzdür, onlardan bir çoxu müxtəlif instansiyalara müraciət edərək işə bərpa oluna bilib. Lakin elələri də var ki, hələ də ədalətin zəfər çalacağına ümid içində sadəlövhcəsinə tanrıya dualar etməkdən savayı yol tapmır. Muxtar Babayevin isə o dualardan xəbəri yoxdu deyəsən. Olsaydı, ürəyindəki mərhəmət hissləri tufan qoparardı haqsızlığa qarşı. Millət vəkili ədalət "tərəzisi"ni mizanı pozulmuş şəkildə işləməyə qoymazdı. Özünüz fikirləşin, illərlə bir zavodda, spesifik sahədə çalışmış kimyaçı mütəxəssisi ixtisas dərəcəsinə uyğun gətirməmək bir içim su qədər necə də asanlaşıb. İndi heç nə olmayıbmış kimi testə çəkib barəsində mənfi rəy çıxardıqdan sonra əmrini oxuyurlar, vəssalam. Bu zaman "sınaqdan" çıxmaq üçün tutalım, gərək direktorun diqtəsi altında işləyən attestasiya komissiyasına qılığın olsun. O da yoxsa, ən azından müdiriyyətlə uzaq tanışlığın olsun ki, sənin yerinə orta məktəbi təzəcə bitirmiş təcrübəsiz uşaqları 4-cü dərəcə ilə işə götürmək fikrindən bu sağolmuşları daşındıra biləsən.Əvvəllər, bu cür faktlarla rastlaşanda düşünürdük ki, "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi bunlardan bəlkə də xəbərsizdir. Lakin Birliyin zavod direktorlarının artıq nümayişkaranə surətdə sərgilədiyi özbaşınalıqlar göstərir ki, fəhlə hər an rəhbərlik tərəfindən təhdid və təzyiqlərə məruz qala bilər. Bunun hesabatını isə heç kəs verməyə tələsmir. Ümid edirik ki, hörmətli Muxtar Babayev nəyə işarə etdiyimizin fərqindədir.
gundelik-baku.com