BolgeXeber.Com » Xəbərlər » Xalça Muzeyinin direktor müavinindən ilginc açıqlamalar

Xalça Muzeyinin direktor müavinindən ilginc açıqlamalar

3-09-2015, 11:11
Oxunub: 4 651 Xalça Muzeyinin direktor müavinindən ilginc açıqlamalarAsya Şirəliyeva: “Röya Tağıyevadan soruşmaq lazımdır ki, 59 min konsepsiya üçün ayrılmış vəsaiti hansı məqsədlərə sərf edib?”

Azərbaycanı dünyaya tanıdan Xalça Muzeyində xoşagəlməz olayların yaşanması haqda məlumat vermişdik.

“Xalça Muzeyindəki "xalçaaltı məsələlər" üzə çıxdı" sərlövhəli yazıda muzey direktoru Röya Tağıyevanın hərəkətlərinin işçilərin böyük etirazına səbəb olduğundan söhbət açılırdı.

Muzeyin direktor müavini Asya Şirəliyeva “Yeni Müsavat”a müsahibə verib və mədəniyyət ocağındakı korrupsiyanın dözülməz həddə çatdığını təsdiqləyib:

- Xalça Muzeyi Azərbaycanı dünyaya tanıdan, ölkəmizin qədim tarixi köklərinin varlığını sərgiləyən, dövlətimizin xaricdə tanınmasına xidmət edən məkandan korrupsiya yuvasına çevrilib. Bu gün Xalça Muzeyində pas atmış cinayət əməlləri məcrasından çıxıb, artıq aşıb-daşır. Muzeydə fəaliyyət göstərən Ekspert Komissiyasında da misli görünməyən cinayət əməlləri baş alıb gedir. Uzun illərdir ki, komissiya Röya Tağıyevanın şəxsi mənafeyinə xidmət edir. Əvvəllər komissiyadan gələn gəlirlərdən komissiyanın üzvlərinə qanuni, müəyyən qisim əmək haqqı verdirdi. Bu gün artıq komissiyanın üzvləri sözün həqiqi mənasında paya möhtacdırlar. Həmin pay onların çəkdikləri əməyin qarşılığı deyil. Bir sözlə, ekspert komissiyası Röya Tağıyevanın şəxsi komissiyası kimi fəaliyyət göstərir. Komissiyada sertifikat almaq üçün konkret qiymət qoyub. Xalçalar üçün sertifikat alanların demək olar ki, 90 faizinə qaimə sənədi verilmir.

Əksər hallarda Ekspert Komissiyasından üzvlərinə “xidmət pulsuzdur” deyib aldadırlar. Günün hər vaxtında, həftənin hər bir günündə, hətta bayramlarda belə sertifikat almaq mümkündür. Yetər ki, əlin cibində olsun. Röya Tağıyeva vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövləti aldadıb, külli miqdarda sərmayə toplama “qanunu”dur. Dediklərimizi təsdiq etmək üçün Hesablama Palatasının nəticələrinə göz atmaq yetərlidir. İllərdən bəri sertifikat yazılmayan sənət nümunələri var. Kitab yazmaq adı ilə də xeyli pul mənimsənilib.

- Hansı kitabdan söhbət gedir?

- “Azərbaycan Xalçası” kitabının çapına BMT-nin rəhbərliyi altında bp AMOCO şirkəti sponsorluq etmişdi. Kitabın çapına 110 min manat ayrılmışdı. Kitabın ərsəyə gəlməsində muzeyin o dövrdəki əməkdaşlarının böyük əməyi oldu. Röya Tağıyeva da kitab üzərində işləyən işçilərdən biri idi. Lakin həmin kitabın kitab kimi ərsəyə gəlməsində Qoşqar Qoşqarlının əməyi hər kəsdən çoxdur. Bunu muzeydə hər kəs bilir. Əslində həmin kitabın əsl müəllifi Qoşqar Qoşqarlıdır. Kitab böyük şöhrət qazanıb. Ondan gələn gəlirin 90 faizi Röya Tağıyevanın cibinə axır.

- Bu kitabın çapına görə digər müəlliflərə pul ödənilməyib?

- Çox cüzi bəlkə kimlərəsə pul verilib. Amma pulun böyük hissəsi mənimsənilib. Vaxtilə qondarma “Şeyx Səfi” şirkətinin adı ilə kitablar mənimsənilib. Həmin kitabları muzey üçün çox ucuz qiymətə alıblar. Hazırda isə 250-300 min manata satılır. Kitablar bu gün Röya Tağıyevan şəxsi kitabı kimi satılır. Qondarma “Şeyx Səfi” şirkəti də Röya Tağıyevaya məxsus olub. Şirkəti qanunsuz fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi bağladı.

- Həmin şirkətin muzeyə aidiyyəti vardımı?

- Birbaşa aidiyyəti yox idi. Həmin şirkətin adı ilə muzeydə sərgi biletləri tərtib edilirdi və biletlərdən gələn pullar mənimsənilirdi. Külli miqdarda pullarsa təbii ki, Röya Tağıyevanın cibinə axırdı. Artıq yeyilən pulların izi örtülüb. Toz qonub, tapdanıb, torpağa qarışıb.

- Muzeydən bahalı mebellərin daşınması faktlarının varlığı haqda da məlumatlar var. Doğrudurmu?

- Muzeyin inventarları illərdir ki, köhnəlmiş adı ilə silinir. Röya Tağıyeva qızlarının 20-25 illik mebellərini muzeyə məxsus kitabxanada yerləşdirdi. Özünün şəxsi əmlakı olan İran istehsalı olan böyük masa və kətilləri, divan və kresloları, muzeyin fondunda yerləşdirilən yataq dəstini yeni alınmış adı ilə muzey inventarlarına çevirdi. Təbii ki, buna görə büdcədən muzeyə ayrılan külli miqdarda pul mənimsənildi, dövlətə böyük maddi ziyan vuruldu.
Bundan başqa muzey üçün alınmış bütün kompüterlər uzun illər qızlarının və özünün mənzilində olur, yararsız hala düşdükdən sonra muzeyə gətirilir və muzeyə alınmış yeniləri ilə dəyişdirilir. Xalça Muzeyində zərərli iş şəraitində çalışan əməkdaşlar yararsız kompüterlərin sayəsində əmək funksiyalarını yerinə yetirməkdə əzab çəkir. Hazırda da belə vəziyyətdir. Əməkdaşlar çıxış yolunu şəxsi avadanlıqlarını işə gətirməkdə görürlər.

- Muzeydə narazılıqların yeni binaya görə əməkdaşlara əməklərinin qarşılığı kimi ödənilən pulların mənimsənilməsindən qaynaqlandığı doğrudurmu?

- Bəli, yeni muzey binasının ekspozisiyasının konsepsiyasının 99 faizi Xalça Muzeyinin əməkdaşları tərəfindən işlənib. Lakin heç bir işçi əməyinin qarşılığını ala bilməyib. Röya Tağıyevadan soruşmaq lazımdır ki, 59 min konsepsiya üçün ayrılmış vəsaiti hansı məqsədlərə sərf edib?

- Muzeydəki “ölü can”lar haqda məlumatların yoxlanılması hansı nəticələr verdi?

- Muzeydə 25-27 avqustda “ölü canlar”la bağlı yoxlama aparıldı. Yoxlamaların nəticəsi daimi işçilərin heyrətinə səbəb oldu. Röya Tağıyevaya vəziyyətdən çıxmaq üçün “ölü canlar”ın müəyyən qismini işdən azad edib, digər bir qismi isə məzuniyyətə göndərdi. Yerdə qalanları isə müfəttişlərin gözündən pərdə asmaq üçün işə çağırılıb. Amma nə yazıq ki, budəfəki səyləri uğurlu alınmadı. 28 nəfər “ölu can”ı gizlətməyə heç bir örtük tapılmadı, muzeydəki xalçalar belə işin üstünü örtməyə yetmədi. Röya Tağıyeva yoxlama zamanı işə davamiyyət jurnallarını gizlətməkdən belə çəkinmədi. Amma 28 nəfər “ölü can”ı gizlədə bilmədi. Bu adamların maaşları büdcədən ödənilir və hər ay onların adına maaş yazıb illərlə büdcəyə külli miqdarda ziyan vurub.

- Məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət olunub?

- Bəli, müraciət olunub və araşdırma gedir. Bu haqda da məlumat verəcəyik.

- Vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Biz muzey işçiləri inanırıq ki, Mədəniyyət və Turizm Nazirliyi Röya Tağıyevanın məsələsinə baxıb müvafiq qərar qəbul edəcək. İllərdir ki, bizlər onun qanunsuzluqlarına dözüb Azərbaycan Xalça Muzeyinin adının hansısa xoşagəlməz bir məsələdə hallanmasını istəməmişik. Artıq durum dözülməz həddədir. (musavat.com)