BolgeXeber.Com » Xəbərlər » Əhalinin pulunu kim qaytaracaq? - “Batan“ banklar

Əhalinin pulunu kim qaytaracaq? - “Batan“ banklar

3-09-2015, 17:16
Oxunub: 2 934 Əhalinin pulunu kim qaytaracaq? - “Batan“ banklarAzərbaycanda bank sistemində vəziyyət qeyri-müəyyəndir, dövlətin isə ağır maliyyə durumu ilə üzləşən banklara yardım etmək imkanları inandırıcı görünmür

Mərkəzi Bankın nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğv edilməsi ilə bağlı hələ 2014-cü ilin sonunda qəbul etdiyi qərar icra olunmasa da, bankların əksəriyyətinin müflisləşmə təhlükəsi olduqca yüksəkdir.

Aydın məsələdir, Mərkəzi Bank həmin bankları müflis elan etməkdən çəkinir. Çünki bunun bank sektoruna olan inamın azalmasına gətirib çıxara biləcəyini ehtimal edir. Onsuz da, problemlər içərisində olan bank sektoru manatın 21 fevral devalvasiyasından sonra daha da ağır vəziyyətə düşüb. Geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin çox yüksək olması bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri geri çəkə bilmirlər.

İqtisadçı Natiq Cəfərov modern.az-a deyib ki, bu gün, həqiqətən də, depozitlərin geri çəkilməsi problemi yaşanır: "Hazırda "Texnikabank", Azərbaycan Kredit Bankı, "Bank of Azərbaycan" kimi kommersiya bankları əmanətlərin geri qaytarılmasında çətinlik çəkir. Əslində, belə problemin yaranması ehtimalı əvvəldən çox yüksək idi. Çünki devalvasiyadan sonra kommersiya banklarında olan problemlər kəskin xarakter almışdı. Dövlət və hökumət tərəfindən isə bu problemlərin həlli üçün hər hansı proqram işlənib hazırlanmadı. Bu isə banklarda olan stressli vəziyyətin getdikcə daha da artmasına gətirib çıxardı".

O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının külli miqdarda xarici borcları var: "Eyni zamanda, geri qaytarılmayan kreditlərin də həcmi artmaqdadır. Prosesin gedişi bankların vəziyyətinin daha da ağırlaşacağını göstərir. Çox təəssüf ki, bəzən vətəndaşlarımız öz depozitlərini banklarda yerləşdirərkən qanunvericilikdə nəzərdə tutulan qaydalara fikir vermirlər. 30 min manatlıq əmanətlərə, 12 faizlik limiti keçməmək şərti ilə qoyulan depozitlərə avtomatik olaraq dövlət sığortası düşür. Həmin əmanətlər Dövlət Sığorta Fondu tərəfindən sığortalanır. Banklar bağlanacağı təqdirdə həmin əmanətçilər problem yaşamır və fond vasitəsilə öz əmanətini geri çəkə bilir. Amma çox vaxt insanlar müqavilə bağlayarkən bu kimi məqamlara diqqət etmədən öz depozitlərini bankalara yerləşdirirlər. Bu səbəbdəndir ki, ciddi problemlər yaşanır. Gələcəkdə isə həmin əmanətçilərin problemi daha da çox olacaq".

Ekspert bildirir ki, əgər əmanətçi depozitin geri çəkilməsində problem yaşayır və sığorta müqaviləsi varsa, bu halda məhkəməyə, həmçinin Dövlət Sığorta Fonduna müraciət edə bilər: "Əslində, sığorta müqaviləsi varsa, vətəndaşın əmanətlərinin geri qaytarılmasında problem olmamalıdır. Bildiyiniz kimi, hazırda bir çox bankın müflis olmaq təhlükəsi çox yüksəkdir. Belə olan halda sığorta müqaviləsi olmayan əmanətlərin geri qaytarılması sual altına düşəcək. Dövlət qurumları özü də sığortası olmayanlara kömək etməkdən imtina edəcək. Məhz həmin əmanətçilərin depozitləri bata bilər".
Bolgexeber.com