BolgeXeber.Com » Xəbərlər » 100 manatlıq ev əfsanəsi belə getdi

100 manatlıq ev əfsanəsi belə getdi

10-09-2015, 18:04
Oxunub: 3 157 100 manatlıq ev əfsanəsi belə getdiDeputat hesab edir ki, onun təklif etdiyi “100 manatlıq ev”lə ipoteka məsələsi qarşıdırırlar

"Hökumətin hesabatı zamanı sosial evlərlə bağlı fikirlərimi bildirmişəm.Təəssüflər olsun ki, bəzi mətbu orqanları hökumətin bu məsələ üzərində işlədiyini deyirlər. Ola bilsin ki, bu barədə müəyyən fikirlər var. Amma nə hökumətdə, nə də parlamentdə bu barədə konkret proqram yoxdur. Bu, sadəcə mənim təklifimdir”

Bu fikirləri azvision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev son vaxtlar əsas müzakirə mövzusu olan “100 manatlıq ev” məsələsinə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı sosial evlərin tikilməsi məsələsi müzakirə olunacaq.

“İdeya baxımından çox səmərəli bir ideyadır. Amma Milli Məclisin Sosial siyasət komitəsində bu barədə hər hansı bir iş görüləcəyini düşünmürəm. Çünki “Mənzil Məcəlləsi” qəbul olunub və orada sosial mənzil kirayəsi ilə bağlı kifayət qədər geniş hüquqi əsaslar var. Həmin hüquqi əsaslara əsasən Nazirlər Kabineti də öz işini görə bilər və müvafiq qərar qəbul edə bilər.

2016-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ daha da geniş müzakirə olunacaq. Amma bu gün nə parlamentdə, nə də hökumətdə bu məsələ ilə bağlı konkret sənəd yoxdur”.

M.Quliyev vurğulayıb ki, prezident İlham Əliyevin sosial ipoteka üçün ayırdığı 200 milyon manatla bağlı hazırda dövlət tərəfindən müəyyən işlər görülür: “Artıq Nazirlər Kabinetinə və Mərkəzi Banka tapşırıqlar verilib və bu məsələ üzərindən iş gedir. İpoteka kreditinin şərtləri və qaydaları yəqin ki, yaxın vaxtda elan olunacaq”.

Deputat hesab edir ki, onun təklif etdiyi “100 manatlıq ev”lə ipoteka məsələsi qarşıdırırlar: “Bunlar tamamilə fərqlidir. Sosial evlər dünyanın bir sıra ölkələrində geniş şəkildə tətbiq olunur və yaxşı da nəticələri var. İkinci dünya müharibəsindən sonra Almaniyadakı evlərin çoxu dağılmışdı və əhalinin çox hissəsinin ciddi mənzil problemi var idi. O zaman Almaniya bunu tətbiq etdi və qısa zamanda insanların mənzil problemini həll etdi. İsveçdə də bu geniş tətbiq olunur. Ən yaxşı təcrübələrdən Avstraliya və Sinqapuru göstərmək olar. Onlar da qısa zamanda aztəminatlı ailələrin mənzil problemini həll ediblər. Onun yaxşı bir tərəfi də ondan ibarətdir ki, hökumət sahibkarlara müəyyən dəstək göstərir ki, onlar bu evləri tiksin və bu evləri uzun müddətə vətəndaşlara kirayə versin. Bu da dövlətin büdcəsinə ağır bir yük olmasın”.

Millət vəkili sonda vurğulayıb ki, sosial mənzil fondunun yaradılması ideyası da var ki, orada da dövlət büdcədən pul xərcləmir:“İşəgötürənlər birlikləri yaranır və işəgötürənlə işçi fonda müəyyən qədər vəsait qoyur, evlər tikilməyə başlayır və kirayə haqları verildikcə fondun büdcəsi artır, yeni evlər də tikilir. Ümumiyyətlə hökumətin də bu məsələdə marağı var ki, bu öz həllini tapsın. Yəqin ki, gələn ilin büdcə müzakirəsi zamanı hökumətin mövqeyi daha da qətiləşəcək”.
Bolgexeber.com
100 manatlıq ev əfsanəsi belə getdi