BolgeXeber.Com » Xəbərlər » Şəhidin adını daşıyan məktəbin həyəti suya qərq olur - FOTOLAR

Şəhidin adını daşıyan məktəbin həyəti suya qərq olur - FOTOLAR

15-09-2015, 12:17
Oxunub: 3 684 Şəhidin adını daşıyan məktəbin həyəti suya qərq olur - FOTOLARBakıxanov qəsəbəsində yenicə təmir olunmuş 96 saylı məktəbin həyəti hələ də natəmizliyin əhatəsindədir

Bu gün "Yeni dərs ili"nin ilk günüdür. Azərbaycanın bütün şəhər və kəndlərində, hətta ən ucqar yaşayış məntəqələrində hər kəs "Bilik günü"nün sevincini və qayğılarını yaşayır. Amma bütün məktəblərdə yeni dərs ilinə hazırlıq heç də eyni səviyyədə deyil. Məsələn, Sabunçu rayonunda şəhid İlqar Əliyevin adını daşıyan 96 saylı tam orta məktəbdə vəziyyət necə deyərlər, ürəkağrıdıcıdır.
"Həftə içi"nin əməkdaşı olaraq, yolumuzu həmin məktəbdən saldıq. Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında yerləşən və 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilən məktəb təəssüf ki, natəmizlik içindədir. Baxımsızlıqdan məktəbin həyətində olan təxminən 30-40 illik hündür kiparis ağacları quruyaraq tələf olublar. Beşdən çox ağac quruduğundan dibindən mişarlanaraq, kəsilərək atılıb. 3 sərv ağacı isə suvarılmadığından artıq "can" verir. Əgər həmin ağaclar suvarılsa və onlara qulluq göstərilərsə, onlar göyərə bilərlər. Bir sözlə, məktəbin ərazisində köhnədən salınmış yaşıllıqlar tələf olur, yerində isə bir dənə də olsun ağac əkilmir. Məktəbin həyətini su basır. "Söhbətgah" su içində qalıb. Eləcə də həmin ərazidə olan ağaclar gövdəsinə qədər su içindədir. Məktəbin həyətini su basmasın deyə, yaxınlıqdakı qapağı açıq kanalizasiya quyusuna axıdılır. Bu olduqca qorxuludur. Ona görə ki, o bir tərəfdən natəmizlik əmələ gətirirsə, digər tərəfdən lükün ağzı açıq olduğuna görə ora azyaşlı uşaq və məktəbli şagirdlər düşər, bu da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Məişət tullantıları atılmaq əvəzinə məktəbin həyətində bir neçə yerdə yandırıldığının şahidi olduq. Hər tərəf zibil içində idi. Eləcə də kanalizasiya suları da məktəbin həyətinə axıdılırdı. Məktəbin həyətinə giriş qapısının sağ tərəfində ağacların dibinə atılmış böyük bir zibilxanaya da rast gəldik. Zibilxanada ağac budaqları, məişət tullantıları, istifadəsiz kağız parçaları, su şüşələrinə, plastik qablara kimi var idi. Aylarla yığılıb-qalan zibillər daşınmaq əvəzinə elə ərazidə yandırılmaqla kifayətlənirdi. Bina əsaslı təmir olunsa da, vəziyyətdən də görünürdü ki, məktəbin həyətinə heç əl vurulmayıb. Məktəbin həyətində böyük bir ərazini əhatə edən futbol və idman meydançası bərbad, zibilliyə qərq olmuş vəziyyətdə idi. Eləcə də adıçəkilən təhsil ocağının "Vahid" şadlıq evinə çıxacağı ərazi də zibilliyə qərq olunub. Kəsilmiş ağacların budaqları isə ərazidə atılmamış vəziyyətdə qalıb. Məişət tullantıları həmin ərazidə yandırıldığından tüstü ətrafı bürümüşdü.

Yeri gəlmişkən, 26 saylı Sabunçu rayon seçki dairəsinin 15 və 16 saylı seçki məntəqəsi də həmin təhsil ocağında yerləşir. Məktəbin müəllimləri, eləcə də məktəbə sənəd gətirən valideyinlər və ətraf bina sakinləri ürək ağrısı ilə bildirdilər ki, neçə vaxtdır içməli su, eləcə də çirkab sular məktəbin həyətinə axır, onu gəlib düzəldən yoxdur: "Məktəbin həyətində yaşılığa fikir verilmir. İçməli su həyətə, ordan da kanalizasiya xəttinə axıdılır, amma bu isti havalarda ağaclara bir misqal su verilmir. Yaxşı olardı ki, elə həmin su ilə ağacları sulayaydılar". 96 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Valeh Ağakişiyev adıçəkilən təhsil müəssisəsinin 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edildiyini və tədris ilinə hazır olduğunu dedi. Onun sözlərinə görə, bütün siniflər kompüterləşib, dərs ləvazimatı ilə təchiz olunub, şagirdlərin təhsil alması üçün hər cür şərait var: "Amma 20 gündür ki, içməli su məktəbin həyətinə axır. Həmin bu su əsasən Fətəliyev küçəsi 50 saylı binanın əlavə tikintisindən gəlir. B haqda dəfələrlə Sabunçu Rayob Su kanal İdarəsinə müraciət etmişik. Müraciətimizdən sonra adıçəkilən idarənin işçiləri gəlib sadəcə baxıb gedirlər. Su məktəbin həyətini basmasın deyə məcbur olub yaxınlıqdakı kanalizasiya lükünün qapağını açmışq ki, su ora axsın".

Direktor müavini məktəbin ərazisində zibilliyin olmasının səbəbini belə açıqlayıb dedi ki, ərazidə yaşayan sakinlərin dincəlməsi üçün nə bir park, nə də bir istirahət guşəsi var: "Bu səbəbdən də sakinlər uşaqları ilə birlikdə məktəbin həyətinə gəlib dincəlirlər. Məişət tullantılarını da əraziyə atıb gedirlər. Amma biz məişət tullantılarını daşıtdırırıq".
Valeh Ağakişiyev şəhidin adını daşıyan məktəbin həyətində olan baxımsızlığı dolayısı yollarla ört-basdır etməyə çalışsalar da, amma hər şey göz qabağında idi.
Sabunçu Rayon Sukanal İdarəsi zəng mərkəzinin rəisi Elman Mansurov bununla bağlı araşdırmaların aparılacağını və həqiqətən də sizin dediyiniz kimi məktəbin həyətində su sızmaları, axıntılar olarsa, onun tezliklə aradan qaldırılacağını söylədi.
Bolgexeber.com
Şəhidin adını daşıyan məktəbin həyəti suya qərq olur - FOTOLAR
Şəhidin adını daşıyan məktəbin həyəti suya qərq olur - FOTOLAR