BolgeXeber.Com » Xəbərlər » Rusiya əsgərlərini necə aldadıb Suriyaya göndərir?

Rusiya əsgərlərini necə aldadıb Suriyaya göndərir?

18-09-2015, 16:54
Oxunub: 3 326 Rusiya əsgərlərini necə aldadıb Suriyaya göndərir?Əsgərlərin dediyinə görə, onların sənədlərini hələ hərbi hissədə xarici pasport düzəltmək üçün götürmüşdülər

Son günlər Rusiyanın hərbi texnika və hərbi qulluqçularını Suriyaya göndərməsi istər xarici mediada, istərsə də Rusiya mətbuatında geniş müzakirə olunur.
AzPolitika.info-nun məlumatına görə, “Gazeta.ru” saytının bu mövzu ilə bağlı son araşdırmasında hərbçi və texnika göndərişinin Novorossiyskdəki hərbi limandan həyata keçirildiyi, lakin heç də zabit və müqaviləli hərbçilərin hamısının Suriyaya getmək istəmədiyi qeyd olunur.
Hələ ötən həftə məlumatlar yayılmışdı ki, Rusiya Suriyaya qoşun göndərir. Sergey Lavrov da son açıqlamalarının birində vurğulayıb ki, ABŞ-ın fəal surətdə Suriyaya uçmasına mane olmaq istədiyi təyyarələrdə həqiqətən də “hərbi təyinatlı məhsullar” var.
Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov isə Suriya sahillərində hərbi-dəniz təlimlərinin başlanacağını bildirib.
“Gazeta.ru”ya Şərqi Hərbi Dairənin hərbçisi Aleksey N.-nın və dörd yoldaşının (onlar limanda müvəqqəti icazə alaraq idman geyimində jurnalistlərlə görüşə gediblər) dediyinə görə, yoldaşları ilə Novorossiyskə gəldiklərində “Rusiyanın qlobal planları”ndan xəbərsiz idilər, lakin Suriyaya göndərildiklərini eşitdikdə bunu narazılıqla qarşılayıblar, çünki rus əsgərlərinin çoxu Yaxın Şərqdə döyüşmək istəmir.
Novorossiyskə “qəribə məqamlarla” ezam olunduqlarını deyən hərbçilər düşünür ki, onların Suriyada “əllərində silahla görəcəkləri bir iş yoxdur”.
Bir ay hazırlıq gedirmiş
Əsgərlərin dediyinə görə, onların sənədlərini hələ hərbi hissədə xarici pasport düzəltmək üçün götürmüşdülər

Avqustun 17-də Şərqi Hərbi Dairə komandanlığı “daha perspektivli bildiyi” 20-yə yaxın müqaviləli əsgər və zabiti seçib və aralarında mayor olan “başçı” təyin edərək, Novorossiysk yaxınlığındakı Tonnelnaya stansiyasında vaqonlardan texnika boşaltmağa göndərir. Bu taqım “yükləri boşaldandan sonra” geri qayıtmalı idi. Nədənsə, ezamiyyət əmrində qayıdış vaxtı göstərilmir. Lakin elə yola çıxmazdan qabaq hərbçilərə deyirlər ki, “qızmar ölkəyə” göndərilə bilərlər.
“Bizim komandanlıqla hərbi hissədə söhbətimiz oldu. Bizə dedilər ki, gedəcəyimiz ölkədə hava isti olacaq və gigiyenanı unutmamaq, heç bir halda hərbi hissədən kənara addım atmamaq tələb olunur. Həmçinin əsirlikdə və dindirmədə nə etmək, özünü necə aparmaq barədə təlimat verdilər. Bizə konkret olaraq dedilər ki, orda öyrəşmədiyimiz iqlim, ilanlar, həşəratlar var. Amma Baş Qərargahın məxfi direktivinə istinad edərək, dəqiq hara göndərdiklərini demədilər”.
Əsgərlərin dediyinə görə, onların sənədlərini hələ hərbi hissədə xarici pasport düzəltmək üçün götürmüşdülər. Hara gedəcəkləri ilə bağlı bütün suallar isə cavabsız qalıb. Əsgərlər əvvəl elə düşünüb ki, hərbi hissə rəhbərliyinin özü də təlimatın detallarından xəbərsizdir.
Bundan başqa, ezam olunan qrupa “ildırım sürəti” ilə yeni silahlar sənədləşdiriblər. Rusiya ordusunda belə bürokratik proseslər aylarla sürə bilər, amma bu dəfə lazımi sənədlər bir neçə saata əldə olunur.
Əvvəl Ukraynaya göndərildiklərini düşünüblər
Rostova çatdıqda hərbçilərə elə gəlib ki, onları Donbasa göndərirlər. Bir qədər rahat nəfəs alsalar da, Suriya barədə xatırladıqda isə “kefləri korlanıb”. Aleksey adlı hərbçi xidmət etdiyi hərbi hissədən 20 ən yaxşı hərbçi seçilsə də, onların hamısının narazılıq etdiyini, heç kimin Suriyaya getmək istəmədiyini deyir.
Həmin taqım əvvəlcə şəhər yaxınlığındakı batalyonun tərkibində saxlanılıb, sonra isə desant qüvvələrinə daxil edilib. Etiraz qəbul olunmur və artıq bu günlərdə qüvvələr yola çıxmalıdır.
Başqa bir hərbçinin yuxarıda adı keçən qəzetə dediyinə görə, artıq 4 aydır ki, Rusiya “qızmar ölkə”yə hərbçi və texnika göndərir.
Hərbçilərə sadəcə Suriyadakı bazanı gücləndirəcəkləri deyilib. İstənilən halda, Rusiya öz hərbçilərini də aldadaraq “qaynar qazan”ın içinə göndərir…
Rüfət Əhmədzadə