BolgeXeber.Com » Xəbərlər » Turizm şirkəti Bakının mərkəzində arxitektur binanı dağıdır

Turizm şirkəti Bakının mərkəzində arxitektur binanı dağıdır

19-09-2015, 11:40
Oxunub: 3 041 Turizm şirkəti Bakının mərkəzində arxitektur binanı dağıdırSakinlərin müraciətlərinə Mədəniyyət və Turizm Nazirliyi ilə deputat Qənirə Paşayeva ciddi reaksiya veriblər

“Binanı dağıtmaqları ilə yanaşı biz sakinlərin həyatını da qara günə çeviriblər. Gecə yarısına qədər ofisdə otururlar. Sanki gecə 2-də kimsə gəlib bunlardan turpaket alır. Orada nə işlə məşğuldurlar bilinmir. Müraciət etmədiyimiz ünvan qalmayıb. Həyətə 2 kamera quraşdırıb baxırlar. Elə bil ki, turizm agentliyi deyil, sakinləri güdən təşkilatdır. Həyətə düşüb istirahət edə bilmirik. Şikəst uşaq var, o da çıxıb həyətdə otura bilmir. Müraciətlərimizə Mədəniyyət və Turizm Nazirliyi ilə deputat Qənirə Paşayevadan başqa kimsə baxmadı. Arxitektur binanın dağıdılmasına qarşı çıxdılar. Ali Məhkəmənin hakimi Rəşadət Ağayevi tamamilə əsaslı, qanunlara istinadən çıxarılan məhkəmə qərarını ləğv elədi. Bu adamları Bakının tarixi binaları maraqlandırmır” – bu sözləri sabiq prokurorluq işçisi, Bakının mərkəzindəki Y.Məmmədəliyev küçəsi 6, mənzil 7 ünvanında yaşayan Nailə Quliyeva deyib.Onun sözlərinə görə hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə arxitektur binanın hissəvi dağıdılması ilə bağlı proses keçirilir. Məhkəmə çəkişməsinin predmeti Y.Məmmədəliyev küçəsi 6, mənzil 8 ünvanında yerləşən “Floin tour” şirkətinin sahibi Akif Ağbuludun hərəkətləri olub. Binanın həyətində tikinti normalarına riayət olunmadan aparılan tikinti işləri sakinlər arasında ciddi narazılıq yaradıb. A.Ağbuluda tikintinin dayandırılması ilə bağlı müraciətlər nəticə verməyib və sakinlərdən bir neçəsi məhkəməyə üz tutub. Binanın 7-ci mənzilində yaşayan Nailə Quliyeva Səbayel Rayon Məhkəməsinə müraciətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan arxitektur binanın fasadındakı dağıntıların bərpa olunmasını, binaya bitişik şəkildə quraşdırılan liftin sökülməsini, mənzilinin pəncərəsinin qarşısında tikilən beton meydançanın sökülməsini və aparılmış qanunsuz tikinti nəticəsində mənzilinə vurulan ziyanın ödənilməsini tələb edib. Məhkəmə iddianı təmin edib. Qarşı tərəf qətnamədən şikayət verib.N.Quliyevanın vəkili Rəşad Cəbrayılov deyir ki, verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırma aparılıb və A.Ağbuludun şikayəti təmin olunmayıb: “Bakının mərkəzində arxitektur binanı dağıdırlar. 2 mərtəbəli binaya lift quraşdırmağa can atırlar. Gün boyu kondisionerlərin kompressorları işləyir, səs-küy salır, kameralar quraşdırıb sakinlərin həyətlərində istirahət etmək hüququnu pozurlar. Halbuki xərclədikləri vəsaitə heç kimi narahat etmədən, arxitektur binanı dağıtmadan şəhərin mərkəzində daha yaxşı ofis alıb fəaliyyət göstərə bilərlər. Bunun əvəzində illərdir ki, məhkəmələrdə günləri keçir. Apellyasiya Məhkəməsinin qərarından da kasasiya şikayət verdilər. Ali Məhkəmədə şikayətə Rəşadət Ağayev baxdı. Ali Məhkəmə apelyasiya instansiyasının qərarını ləğv edib yeni baxışa göndərdi. Hakim binanın Bakının tarixi binalarından olmasını, sakinlərin haqlı narazılığını nəzərə almadı. Bu gün də iş davam edir. Hazırda işi hakim Tofiq Səmədov araşdırır. Məhkəmə texniki komisyon ekspertiza təyin edilib”.



Vəkil müvafiq qurumların da məsələyə adekvat reaksiya verəcəyinə ümid etdiklərini açıqlayıb.