BolgeXeber.Com » Xəbərlər » Alimlərin yerini cindar-falçı tutanda…

Alimlərin yerini cindar-falçı tutanda…

19-09-2015, 16:12
Oxunub: 3 795 Alimlərin yerini cindar-falçı tutanda…Vətəndaş səhərini intihar xəbərləri ilə açır, günortası yol qəzalarının videosu ilə keçir, axşam qətlləri izləyir, gecə isə yuxusunu məişət qırğınları ilə qarışdırır. Sanki yaşam fasiləsiz kriminal xronikadan ibarətdir.
Neqativ şoulaşıb, ölüm isə kulta çevrilib. Qəzetlər ölüm xəbərlərini bəh-bəhlə təsvir edir, TV-də aparıcı ölü sayını xüsusi pafosla tələffüz edir, virtualı fəlakətin foto və videoları basıb.
Və bu da qlobaldır – bütün dünya illərdir bu trendə mübtəladır. Halbuki səfehcəsinə anlamırlar – bu paralel “reallıq” mövcud reallığı həm dəyişdirir, həm də formalaşdırır. “Verter sindromu”.
ABŞ sosioloqu Devid Fillips yazırdı: “Qəzetlərin birinci səhifələrində iri şriftlərlə intihar və qətllər haqda xəbərlərin dərcindən dərhal sonra reallıqda intihar və qətllərin sayı artır. Həm də məhz o bölgələrdə ki, hadisələr daha geniş təsvir olunur”.
Hadisələr mətbuatda nə qədər geniş təfərrüatlarla dərc edilirsə, təsvir olunanları təkrarlamaq həvəskarları da bir o qədər çox artır.
1947-68-ci illər arasında ABŞ-dakı intiharların statistikasını araşdırandan sonra Fillips elan edir: hər bir səs-küylü intihar faktı mətbuatda geniş əksini tapdıqdan sonra intiharlar adi vaxtlardakından 58 dəfə çox qeydə alınıb.

Bu da hamısı deyil. Fillipsə görə, intihar haqda geniş yazılar və telesüjetlərdən sonra hətta aviaqəzalardan ölənlərin sayı 1000 faiz çoxalır! Yol qəzaları da çoxalır. İzah sadədir: təyyarə və avtomobilləri də TV-yə baxan adamlar idarə edirlər.
Bu cəhətdən Avstriya misalı diqqətəlayiqdir. 1980-cı illərdə bu ölkədə metroda intiharların sayı ifrat çoxalır. Nəticədə qərara alınır ki, metro intiharları mətbuat və TV-yə ya yol tapmasın, ya da heç olmasa geniş, təfərrüatı ilə işıqlandırılmasın, bu hadisələrə maksimum az vaxt ayrılsın. Cəmisi 1 ay sonra metro relslərini ütünə tullananların sayı 3 dəfə azalır. Bu gün də Avstriya mətbuatında həmin qadağa qüvvədə qalmaqdadır.
Fəlakətlərin təqdimatı biznesə və özünütəsdiqə çevrilib. Həyatın dəyəri onsuz da ifrat ucuzlaşmış dövrümüzdə bu xəbərlər aqressiya, depressiya, psixi epidemiya, induktiv nevroz mənbəyidir. Formalaşmamış psixika üçün isə birbaşa hərəkətə çağırışdır.
Əgər metro stansiyasının divarına “Vətəndaşlar! Özünüzü relslərin üstünə atmayın” plakatı vurulsa, əmin olun ki, metroda intiharlar da artacaq.
İstər qəzetlər və saytlar, istərsə də TV öz kriminala və onun təfərrüatlarına “sevgi”si ilə Azərbaycanı gənc Verterin ölkəsinə çevirib…
Avropada 1376-cı ildə leksikona “makabr” termini daxil olur. Qərb incəsənətində “La danse macabre” (“Ölümlə rəqs”) adı altında çoxsaylı musiqi, şəkil və qravüralar yaranır. “Ölüm rəqsləri”ni aktyorlar oynamağa başlayır. 1499-cu ildə hətta Burqund hersoqunun sarayında bu rəqslər səhnələşdirilir.
Nə idi makabr? Bu rəqsdə insanla skelet qol-qola rəqs edir. Makabra görə, insanla onun ölümü ekizlərdir, həyat hər an qırıla bilər və elə yaşa ki, sanki ölürsən (bəstəkar Kamil Sen-Sansın “Makabr”ını yadınıza salın).
Ədəbiyyatı, incəsənəti, boyakarlığı makabr obrazları doldurur. Bu kütləvi və xroniki depressiya ətrafda baş verən və idarə olunması mümkün olmayan çoxsaylı qorxu və fəlakətlərə insanların uyğunlaşma reaksiyası idi. Yəni 4 yanımız izahsız faciələrdir, taundur, ölümdür, “rəqs edən isə ölüm və ya ölü deyil, ölmüş Mən-dir”.
XX əsrdə Alber Kamyunun “Enmə” romanında yazacağı kimi: “Məhşər gününü gözləməyin. O, hər gün baş verir”.
Kollektiv nevroza mübtəla olmuş ümidsiz toplum – manipulyasiyalar üçün ideal hədəfdir. Onu həyat qayğıları, dünyəvi problemlər, yaxud yüksək sferalar – elm, musiqi, ədəbiyyat, humanizm ideyaları maraqlandırmayacaq. Çünki bu sferalar üçün insanın özünə inamı və azacıq da olsa sabaha tuşlanmış ümid lazımdır.
Makabr dövrlərində isə insanlar bu inamdan və bu ümiddən məhrumdurlar. Onlar üçün həyat nədir? Skeletlə rəqs, makabr rəqsi.
***
Və baxın ətrafınıza. Məgər biz yenə də makabr dövrünə tuş gəlməmişikmi? Başını aşağı salıb qorxu içində dünyanın sonunu gözləyən toplumlar insan yaşamına məna verə biləcək bütün ideal və ideyalardan uzaqdır. Onları nə azadlıq, nə humanizm, nə elm, incəsənət, ədəbiyyat, mədəniyyət, nə də siyasət maraqlandırır. Onlar hər gün makabr rəqsi edərək baş verməyəcək Məhşər gününün gözləntisinin isterik sarsıntılarını keçirirlər.
Hakimiyyətlər üçün ideal kütlə – dinmir, tələb etmir, mübarizə aparmır, bilik toplamır, düşünmür, tənqid hissini itirib. Yanız heyvani qorxu və günah hissləri qalıb. Və makabr dövrü əzənlər üçün ideal, başağrısız, rahat dövrdür…
Sanki XIV əsr Avropasındakı taun epidemiyası dövrü qayıdıb və biz bu qorxu atmosferinə, apokalitiptik əhval-ruhiyyəyə addım-addım yol gəlirdik. Bəşər özünü Alber Kamyunun yazdığı “mühasirə vəziyyətində yaşayan fərd” kimi hiss edir. Sanki sağ-salamat mühasirədən çıxmaq şansları bitib tükənib və yeganə mümkün yol sonu gözləməkdir.
Son dövrlərin nəzarətsiz informasiya qloballaşması, addımbaşı rast gəlinən qətliam və faciələr, permanent müharibə statusu, ədalətsizliklərin hətta legitimləşdirilməsi adi bəndələri dərin ümidsizliyə və qorxu vəziyyətinə salıb. Onlar artıq nə öz güclərinə, nə də avanqard olub onları dibsiz quyudan çıxaracaq konkret ideoloji-siyasi qüvvəyə və ideyaya inanırlar.

Üstəlik, hər kəs də özündə günahkarlıq hissi daşıyır. Əks halda necə izah edəsən ki, iri cəlladlar, səlahiyyətli əclaflar və manipulyatorlardan daha çox məhz sadə insanlar “qiyamət”i gözləyirlər? Onlara nə olub ki, bu dərəcədə təşvişə düşüblər? Hansı günahın sahibidirlər ki?
Burada TV və mətbuatın, incəsənət və ədəbiyyatın da misilsiz neqativ rolu var. Sovet məkanında çəkilən filmlərin yalnız adlarına baxın, sonra isə 1990-lardan başlayaraq postsovet məkanında çəkilən filmlərin adları ilə müqayisə edin. O optimist, gələcəyə tuşlanmış, xeyirxah filmlərdən sonra birdən-birə efiri və evlərimizi basan son 25 ilin filmlərinin adlarında sonsuz dəfələrlə neqativ kəlmələr, qətl, ölüm, şeytan, ölü, cəhənnəm, intihar, qan, qırğın… kimi kəlmələr təkrarlanır.
Seyrçinin psixikası ilə manipulyasiya edilir. Aqressiya, ümidsizlik, ölüm tirajlanır və adi psixoloji status kimi təlqin olunur.
Digər trəfdən isə xurafat yayılır və ona qarşı dayana biləcək elm gözdən salınır. Daha Kapitsa, Kitayqorodzski, Azad Mirzəcanzadə kimi parlaq və nüfuzlu şəxsiyyətlər yoxdur. Onların humanizmi və biliyi təbliği, psevdoelmə qarşı mübarizəsi keçmişlərdə qalıb. Onların yerinə isə hər cür cindar, falçı, münəccim, ümid şarlatanları gəliblər.

Bu günün “ədəbiyyat”ı, kinosu, incəsənəti ümidsizlik basilləri yaymaqda davam edir, TV isə bu taunu hər bir mənzilə aparıb çıxarır. Üst-üstə toplanan bu çoxlu neqativ faktlar müasir sivilizasiyada elə böyük həyəcan atmosferi doğurur ki, miqyasına görə onu orta əsrlərin adamlarındakı “qara ölüm” – taun xofu ilə eyniləşdirmək olar.
Biz özümüzün yaratdığı və ömrünü uzatdığımız “ölüm çarlığı”nın sakinlərinə çevrilmişik. Bu isə özünü sözlərdə də, obrazlarda da, düşüncə tərzində də göstərir.
Vampirlərlə və ilğımlarla qaynaşan xəstə sayıqlamaları çoxsaylı kitab və film adlarından bizə baxır, qəzetlərdə ən iri hərflərlə və birinci səhifələrdə dərc olunur.
Məgər qlobal isteriyanı, yalnız neqativin gözləntisini TV və qəzetlər yayıb aktual saxlamağa çalışmırmı? Media insan ümidsizliyini pula çevirir, əvəzində isə insanlığı öldürür.
Fəlakət, kriminal, zorakılıq qarşısında qorxu onların təsvirlərinə qədər maddiləşir, ölüm qorxusu isə makabrik görüntüyə çevrilir. Müharibə, aclıq, işgəncə qurbanlarının cəsədləri TV-də fasiləsiz göstərilərək efir vaxtının böyük hissəsini tutanda və onları seyr etməkdən qaçış mümkünsüzləşəndə, günah hissinin reklamı yenidən öz dinləyicisini axtarıb tapmış olur.
Onlar qorxu içində yaşayan insanların qorxularından fasiləsiz danışmaqla sonunda bu qorxunu bəşərin mövcudluq tərzinə çevirirlər.
Və bu, sonuncu dəfə deyil. Nəticə çıxarılmayacaq…