BolgeXeber.Com » Xəbərlər » Abid Şərifovun şirkətində fəhlə üsyanı gözlənir

Abid Şərifovun şirkətində fəhlə üsyanı gözlənir

28-09-2015, 09:38
Oxunub: 3 459 Abid Şərifovun şirkətində fəhlə üsyanı gözlənirQazaxıstanda 250 fəhlənin 3 günlük tətilindən sonra onlara 1 aylıq maaş verilib; işçilər “artıq evdəkilər, loru dildə desək, kəpək yeyir” deyir

“Evrascon” ASC-nin işçiləri 5 aydır maaş ala bilmirlər. Onları məvaciblərini vermədikləri az deyilmiş kimi, işdən qanunsuz olaraq çıxarılmaqla da hədələyirlər. Şirkətin Qazaxıstanda körpü tikintisində çalışan azərbaycanlı fəhlələri tətil edərək əmək haqlarının verilməsini tələb ediblər. Bir neçə gün davam edən tətildə 250-dən çox azərbaycanlı fəhlə iştirak edib.
Fəhlələr şirkət rəhbərliyindən işə götürülərkən vəd olunan əmək haqlarının tam şəkildə ödənilməsini də tələb ediblər.

Etirazçılar aylarla verilməyən əmək haqlarının ödənilməsini və əmək haqlarının vəd olunan məbləğdə verilməsini istəyirlər. Fəhlələrdən biri deyib ki, Qazaxıstana aparılarkən onlara aylıq 1200 manat əməkhaqqı vəd olunub. Lakin Qazaxıstanda bu məbləğ 1000 manata endirilib.

Fəhlələrdən biri “Yeni Müsavat”a deyib ki, Bakıda ailələrinin maddi vəziyyəti ağırdır: “Artıq evdəkilər, loru dildə desək, kəpək yeyir. Digər yandan buradakı fəhlələrin Azərbaycandakı banklara kredit borcu var. Bank işçiləri onların evlərinə polislə birgə gəlib borcu tələb edir. Çıxılmaz duruma düşmüşük. Haqqımızı 5 aydır tələb edirdik, vermirdilər. Nəhayət 3 gün tətil etdik, may ayının maaşını aldıq. Belə aldıq ki, hər bir işçidən 200-300 manat kəsildi. İşçilər işlədildi və aldadılıb pulunu vermədilər, ”Evrascon"un Qazaxıstan rəhbərliyi səbəbini belə izah edir ki, şirkətin pulu yoxdur, verə bilmirik. Bakı ilə əlaqə saxlayan Qazaxıstan nümayəndəsi biz işçiləri bir yerə yığaraq dedi ki, maaşlar sentyabr ayından etibarən 50 faiz azaldılır. Kimi qane etmirsə, buyursun çıxıb getsin. Mat-məəttəl qalmışıq. Durumdan çıxış yolu tapa bilmirlər. İşçilər məndən xahiş etdilər ki, mövcud vəziyyəti Abid Şərifovun, ölkə rəhbərliyinin diqqətinə sizin qəzetiniz vasitəsi ilə çatdırım. Hazırda şirkətin Qazaxıstan filialının - Almata, Atrau, Qızılorda, Şimkəntdəki işçiləri də çıxılmaz vəziyyətdir. Növbəti etiraz aksiyalarına hazırlaşırıq".

Fəhlə deyib ki, aldadılmış fəhlələrin bir çoxu artıq Azərbaycana qayıtmaq üzrədir. Çünki şirkətdə məvacib probleminin həll ediləcəyinə inanmırlar.

Azərbaycana qayıdan fəhlələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyinə gedərək rəsmi qəbulda olub və şikayətlərini təqdim ediblər. Qeyd edək ki, “Evrascon” şirkətinin baş nazirin müavini Abid Şərifova məxsus olması haqda məlumatlar var. A.Şərifov şirkətdə yaranmış problemlərlə bağlı qəzetimizə açıqlamasında bu məlumatı təkzib etməyib.

Bildirib ki, şirkətə qardaşı nəzarət edir.