BolgeXeber.Com » Xəbərlər » Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi

Sumqayıtda “El ağsaqqalı”nın priton biznesi

28-09-2015, 14:22
Oxunub: 5 166 Sumqayıtda “El ağsaqqalı”nın priton biznesiİnsan alveri, qanunsuz olaraq fəaliyyət göstərən fahişəxanalar bu gün Azərbaycan da daxil olmaqla, bir sıra ölkələri narahat edən əsas problemlərdən biridir


Bu, elə bir bəladır ki, narkotik və silah ticarətindən də ağır fəsadlara, məsələn, genefonun məhvinə, yoluxucu xəstəliklərə, gənc nəslin mənəviyyatının pozulmasına, fahişəliyin geniş vüsət almasına səbəb olur. Heç kimə sirr deyil ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Əfsuslar olsun ki, hazırda həm paytaxt Bakıda, həm Sumqayıtda fəaliyyət göstərən bəzi obyektlərdə yüngül həyat tərzi keçirən qadınların satışını təşkil etməklə külli miqdarda gəlir əldə edirlər.
Bu barədə çox yazmışıq, hətta müvafiq qurumlar tərəfindən məsələylə bağlı müəyyən addımlar da atılmışdı. Amma görünür ki, bu tədbirlərin bir nəticəsi olmayıb. Söhbət Sumqayıtda fəaliyyət göstərən və əxlaqsızlıq yuvasına çevrilən məkanlardan gedir…
Son illər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bütün tədbirlərə rəğmən adı insan alverində hallanan bar və pritonların sayının getdikcə artması heç kimə sirr deyil. Görünən odur ki, qadın biznesinin ən çox pul gətirən sahələrdən biri sayılması bu biznesi nəinki gənclər, hətta ağsaqqal hesab ediləcək şəxslər üçün də vazkeçilməz edir.
Redaksiyamıza daxil olan məlumata görə, bu qəbildən olan “ağsaqqal”lardan biri də Novxanı sakini Həsənqulu Quliyevdir. Daxil olan məlumata görə, əsl adı Həsənqulu olsa da camaat arasında daha çox “Rəsul” ləqəbi ilə tanınan bu şəxs bir neçə bar və gecə klubuna rəhbərlik edir ki, bu da “el ağsaqqalına” ciddi miqdarda vəsait qazandırır. Mənbənin sözlərinə görə, uzun müddət dəmir alveri ilə məşğul olan Rəsul daha sonra bir tanışının məsləhi ilə daha yüngül və əziyyətsiz qazanc vəd edən bar-kafe biznesinə başlayıb. Tədricən bu sahədə zəngin təcrübə əldə edən “el ağsaqqalı” qısa müddət ərzində təzə peşəsində ciddi “uğurlar” ortaya qoyur. Belə ki, Sumqayıt ərazizində bir neçə bar və pritona yiyələnən Rəsul qısa müddət ərzində öz biznesini ölkə paytaxtına qədər irəlilədə bilir.
Mənbənin sözlərinə görə, hazırda “el ağsaqqalı”nın malik olduğu bar və klublardan ən məşhuru Sumqayıtdakı “Metallurq bar” və “Fontan” hesab edilir. Əyyaşlıq yuvası hesab edilən hər iki məkanda yaxın keçmişdə bir sıra ciddi qanun pozuntuları baş verib ki, bu da hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub. Lakin bütün baş verənlərə rəğmən hələ də sahiblik etdiyi bar və pritonları öz bildiyi şəkildə idarə edən, şəxsi maraqları naminə gənc nəslin əxlaq və tərbiyəsinə zərbə vuran H.Quliyev bu gün də priton biznesini ciddi-cəhdlə genişləndirməkdədir. Görünən odur ki, “el ağsaqqalı” ömrünün qürub çağında ölkənin ən geniş bar və klub şəbəkəsinə sahib olmağa çalışır və bu yolda onu nə saçı, nə saqqalı, nə də el qınağı saxlayana oxşamır (cumhuriyyet.az)
Görünür, şəhər rəhbərliyinin və Sumqayıt Polis İdarəsinin “Metallurq” və “Fontan”ın fəaliyyətindən xəbəri yoxdur. Odur ki, Sumqayıt Şəhər Polis İdarəsinin rəsmiləri şıdırğı insan alveri gedən əxlaqsızlıq yuvalarında təcili reydlər keçirib qanunsuz iş görən şəxsləri cəzalandırmalıdır.
Məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.