BolgeXeber.Com » Xəbərlər » Azərbaycanlı milyonerlərin “Dumanlı Albion”da ev sevdası...

Azərbaycanlı milyonerlərin “Dumanlı Albion”da ev sevdası...

6-10-2015, 10:07
Oxunub: 3 323 Azərbaycanlı milyonerlərin “Dumanlı Albion”da ev sevdası...Azərbaycan mətbuatında Londonda yaşayan azərbaycanlılarla bağlı məlumatlar çox azdır

Daha çox oradakı soydaşlarımız hansısa hadisəyə etiraz məqsədilə aksiya keçirəndə onlardan xəbər tuturuq. Məsələn, son olaraq, Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn dəstəkçiləri bir araya gəlib iki günahsız mülki azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistan işğalı altında olan öz doğma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz piketi keçiriblər.
Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər.
Londonda elit evlərin 60 faizini əcnəbilər alır
Amma London əslində varlıların investisiya qoymaq üçün müraciət etdiyi şəhərlər sırasındadır. Londonda evi olmayan milyonerə dünyada az rast gəlmək mümkündür. Niyə London? Niyə məhz ev? Bu sualların cavabını bu yazıda tapacaqsınız. Hələlik isə bu mövzuda gəzişmə edib, ümumi mənzərəni nəzərinizə çatdıraq.
Britaniyanin “The Evening Standard” qəzetinin məlumatına görə, Londonda 2 milyon funt-sterlinqdən (4 milyon dollar) baha olan evlərin sayı 1000-i keçib. Həmin evlərin 40 faizə qədəri ipotekalar hesabına tikilib.
İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. Britaniya vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Son bir ildə Londonda elit mənzillərin qiyməti 32 faiz artıb. Bu usə 1979-cu ildən bu yana rekord göstəricidir.
Dünyada qlobal böhran, Londonda isə qiymətlər süni şəkildə artır
2009-cu ildən başlayan və təsirləri hələ də davam edən qlobal iqtisadi böhranın nəticəsində Avropanın bəzi ölkələrində, o cümlədən Fransa və Almaniyada daşınmaz əmlakın qiymətləri kəskin ucuzlaşıb. Virtualaz.org saytı Avropa rieltor şirkətlərinin məlumatlarına istinadən xəbər verir ki, bu ölkələrdə evlərin qiyməti hətta 5 dəfə aşağı düşüb. Lakin Böyük Britaniyada nə qlobal böhranın tüğyan etdiyi vaxtlarda, nə də indi evlərin qiymətlərində kəskin ucuzlaşma baş verməyib. Bunun səbəblərindən biri xaricilərin, o cümlədən azərbaycanlıların ev almaq üçün Londona axın etməsidir.
“Knight Frank” rieltor agentliyinin məlumatına görə, Londonda ucuz mənzil almaq mümkün olmayan işdir. Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb. Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən yeddi dəfə artıb. Orta hesabla isə ölkə boyu bu fərq beş dəfəyə çatır. Eləcə də Londonun mərkəzində mənzilləri şəhərin ətrafına nisbətən 2.5 dəfə baha kirayələmək olar.
Analitiklər bildirirlər ki, Londonun daşınmaz əmlak bazarında qiymətlər xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də, Londonda qiymətlər artır. «Knight Frank» agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub.
Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb.
Agentliyin baş analitikinin dediyinə görə, Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Belə ki, bu il ərzində Londondan mənzil alanların əksəriyyəti misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar olublar. Rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər.
Londonda ev almaq istəyirsən, banka gəl...
Azərbaycanda da londonlu olmaq istəyənlərə bəzi fürsətlər yaradılıb. Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyanda yaşayış sahələrinin tikintisi ilə məşğul olan aparıcı şirkətlərdən biri “Berkeley Group”la birlikdə yeni layihənin icrasına başlayıb. Layihə çərçivəsində ABB özünün VİP müştərilərinə Londonda həm nağd, həm də ipoteka ilə mənzil almaq imkanı yaradır.
“Berkeley Group”un satış meneceri Aleksandra Stak deyib ki, ABB-nin VİP müştəriləri Londonun istənilən yerindən mənzil ala bilər. O əlavə edib ki, Londonda satışa çıxarılan iki yaşayış kompleksindəki mənzillər yalnız ABB-nin VİP müştərilərinə təklif edilir.
Mənzillərin qiyməti 340 000 - 25 000 000 funt sterlinq arasında dəyişir. Londonda mənzil sahibi olmaq istəyən müştəri yaşayış sahəsini ehtiyatda saxlamaq üçün 5000-20000 funt sterlinq geri qaytarılmayan depozit qoymalıdır. Bundan sonra, müqavilələrin mübadiləsi üçün müəyyən olunan 21 gün ərzində müştəri mənzilin dəyərinin 10%-ni tikinti şirkətinə ödəməlidir. Müqavilələrin dəyişdirilməsindən 6 ay sonra mənzil sahibi olmaq istəyən şəxs növbəti dəfə mənzilin dəyərinin 10%-ni ödəməlidir. Müqavilələrin mübadiləsindən 12 ay keçəndən sonra müştəri daha 10%-lik ödəniş etməlidir. Beləliklə, müştəri 30%-lik ilkin ödənişi etdikdən sonra yerdə qalan 70%-i layihə başa çatandan sonra ödəməlidir.
A.Stak əlavə edib ki, mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalayan müştəri prosesin gedişində yaşayış sahəsini istədiyi qiymətə digər şəxsə sata bilər: “Londonda banklar əcnəbilərə asanlıqla ipoteka ilə ev almaq imkanı yaratmır. Azərbaycan Beynəlxalq Bankı ipoteka ilə Londonda mülkiyyət sahibi olmaq istəyən VİP müştərilərinə zəmanət verir ki, bu da onların bu prosesdən asanlıqla faydalanmasına imkan verir”.
Qeyd edək ki, mənzil təmirli formada müştəriyə təhvil verilir. Məşhur arxitektor və dizaynerlərin göstərişləri əsasında mənzil inşa və təmir edilir. Məhdud olsa da, bu zaman müştərinin bəzi istəkləri nəzərə alınır. Şirkətin satış meneceri əlavə edib ki, Londonda mülkiyyətə investisiya yatırmaq əlverişli sayılır. Çünki, il ərzində burda daşınmaz əmlakın qiymətində 12 faizlik artım qeydə alınır.
MDB-nin lideri ukraynalılardır
MDB ölkələrindən Londonda ən çox ev alan Ukrayna sakinləridir. “The Telegraph” qəzetinin yazdığına görə, Rusiya vətəndaşları ikinci sırada gedirlər. Üçüncü, dördüncü və beşinci yerdə Qazaxıstan, Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. Son iki ildə sadalanan ölkələrin sakinləri Britaniya paytaxtında 2 milyard funt sterlinq (3,3 milyard dollar) dəyərində mənzillərə sahibləniblər.
Devid Kemerondan əcnəbi ev sahiblərinə etiraz: “London qanunsuz pulları saxlamaq yeri deyil”
Korrupsiyanın dəf edilməsinə yönələn beynəlxalq səylər çərçivəsində “yuyulmuş çirkli pullara” sahib xaricilər Birləşmiş Krallıqda ev almaq imkanından məhrum edilməlidir. Bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib. Sinqapurda çıxış edən David Kemeron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd edib.
Baş nazirin sözlərinə görə, “London qanunsuz pulları saxlamaq yeri deyil”. David Kemeron beynəlxalq ictimaiyyəti korrupsiya xərçənginə qarşı mübarizəyə səsləyib.
London sevdalıları üçün əsas tövsiyələr...
Bu, məsələnin ümumi görüntüsü. Hesab edək ki, kimsə müəyyən miqdarda pul yığıb, ya da evini satıb, Londonda ev sahibi olmaq istəyir? Bunun həll yolları və detalları necədir? Əsas məsələ sizin Londonun hansı bölgəsində ev sahibi olmaq istəmənizlə bağlıdır. Məlumdur ki, London böyük şəhərdir və orda kiçik büdcə ilə ev tapmaq insanın aylarını əlindən ala bilər. Çünki təbiətin qoynunda ev sahibi olmaq üçün gərək Vestminster meriyasından icazə almaqla yanaşı, əlində də milyonların olsun. O evi tikib hazırlamaq isə xeyli vaxt ala bilər. Ona görə də hər şeydən əvvəl xəyallarınızdakı evin kriteriyalarını müəyyənləşdirin. Nəzərə alın ki, əgər sizin əsas kriteriyalarınız arasında 3 yataq otaqlı, London metrosuna, market və supermarketə piyada 5 dəqiqəlik məsafədə, yaxınlığında məktəb olan ev arzulayırsınızsa... nəzərə alın ki, rəqabət güclü olacaq, çünki bu arzuya düşənlər çoxdur.
Məsələnin maddi tərəflərini həll etmək üçün hesabınızın olduğu banka müraciət etməniz məsləhətdir. Bu zaman sizə daha sərfəli və uyğun məsləhətlər veriləcək. İpoteka, kredit, faizlər... Bunlara baş sındırmanıza ehtiyac yoxdur.
Yaxşı ev tapmaq üçünsə Rightmove və buna bənzər ev elanları yerləşən saytları izləmək lazımdır. Çünki onlardan etibarlı köməkçiniz olmayacaq. İnternet sizə təkcə evin qiyməti ilə bağlı gəzişmə etməyə yox, həmçinin onun ətrafında nələrin yerləşdiyini bilməyə də kömək edəcək. Şəkillər, xəritə bu mənada ideal vasitələrdir. Axtarış zamanı seçilən evin yerləşdiyi rayonda yaşayanların etnik tərkibi, maddi durumu, yaş qrupu barədə də dəqiq məlumatlar əldə etmək mümkündür.
Bundan başqa, bu günə qədər satılmış evlərin real qiymətləri də sizin üçün tapmaca olmayacaq. Zoopla saytında bu haqda müfəssəl məlumatlar yerləşdirilib. Siz evinizdən çıxmadan bu saytda dəqiq araşdırma aparıb, sizə lazım olan evlərin qiyməti barədə real məlumat alacaq və müqayisə aparmaq imkanı qazanacaqsız.
Maraqlıdır ki, arzuladığı evə baxmaq üçün heç də hər alıcının şansı gülmür. Hesab edin ki, siz Londonda arzunuza, büdcənizə uyğun, əla bir mənzil tapmısınız. Daha çox şənbə-bazar günləri evə baxış keçirmək mümkündür. Amma əgər bu evə bir həftə ərzində 15-16 nəfər baxıbsa, sizin şansınız avtomatik olaraq sıfırlanacaq və ev sahibəsi artıq sizin evə baxmanıza icazə verməyəcək. Çünki təkliflər çox olduqca onu seçmək də çətin olur.
Londonda həyət evləri bina evləri ilə müqayisədə yerlilərin daha çox tərcih etdikləri sırasındadır. Onlar həyət evləri nə qədər balaca, həyətyanı sahələri nə qədər qəbir boyda olsa da, ondan vaz keçmirlər.
Alıcılar arasında olduğu kimi, satıcıların da öz favoriti var. Bir qayda olaraq ən cazibədar alıcılar - evin bütün məbləğini nəqd yolu ilə ödəyə biləndir. Çünki bu, sənədləşmə prosedurunu maksimum qısaldır. Adətən bu tip alıcılar daha öncəki evlərini satmış və əllərində pulu olan şəxslər sayılırlar. Digər kateqoriya isə bazarın yeniləridir (first-time buyers). Onlar isə heç nə satmaq zorunda deyillər. Bu səbəbdən də onlarda sənədləşmə və digər prosedurlar daha sürətli gedir. Yeni ev almaq üçün köhnəsini satmalı olan alıcı isə arzuedilməzdir. Çünki nə o adamın özü, nə də ev firması köhnə evin nə zaman, necə, neçəyə satılacağını bilmir və bu, ciddi vaxt və əsəb itkisi deməkdir. Optimal satıcılarınsa alternativ evləri də olur. Belə ki, onlar köhnə evlərini satan kimi köçə biləcəkləri yeni evlərini də ehtiyatda saxlayırlar.