BolgeXeber.Com » Xəbərlər » “Aznar” rəhbərinin mandat pulu batır - Göyçayda

“Aznar” rəhbərinin mandat pulu batır - Göyçayda

10-10-2015, 11:01
Oxunub: 1 748 “Aznar” rəhbərinin mandat pulu batır - GöyçaydaGöyçayda oliqarx qardaşı deputatlıq eşqinə düşüb

“AzNar” QSC-nin baş direktoru Fərəc Əhmədovun 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən namizədliyi artıq qeydə alınıb.

TİA.AZ-ın məlumatına görə, F.Əhmədov Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşıdır.
Həmin dairədən deputat olan Şəmsəddin Hacıyev isə seçkilərə qatılmayıb. Hakim partiyanın Elman Nəsirovun namizədliyini irəli sürməsi milyarderin qardaşını ürəkləndirib.
Afn.az yazıb ki, milyarderin qardaşı mandatsız qala bilər. Eyni dairədən namizəd olan hüquq müdafiəçisi Vidadi İsgəndərli iddia edir ki, Əhmədov deputat olmaq üçün 5 milyon manat rüşvət təklif edib. Lakin niyyəti baş tutmayıb. Seçicilər də ona səs vermək fikrindən uzaqdırlar. Onlar bu namizədə inanmır.
Onu da demək yerinə düşər ki, QSC rəhbərinin səhmdarlarla arasındakı problem yaddaşlardan silinməyib. Bir müddət öncə yaranan qalmaqalda səhmdarlar Fərəc Əhmədovun onlara qarşı zor tətbiq etdiyini iddia ediblər.
Teymur Əhmədov adına “AzNar” QSC 90-cı illərin sonunda özəlləşdirilən Göyçay Konserv ASC-nin hüquqi varisidir. Rusiyalı milyarder Fərhad Əhmədov sovetlər ittifaqı dövründə Göyçay Konserv Zavodunun direktoru olmuş Teymur Əhmədovun oğludur. O, səhmdar cəmiyyətində nəzarət paketini ələ keçirəndən sonra cəmiyyətin adını dəyişdirib.
F.Əhmədov cəmiyyətin nizamnamə kapitalının 6 dəfədən çox artırılmasına dair qərar qəbul edilməsinə nail olub. O, bununla cəmiyyətin əmlakının bazar qiyməti ilə qiymətləndirilməsindən imtina edib. Yeni buraxılmış səhmlərin satış şərtlərini Əhmədovun müavini səhmdarlara göndərib.
Ancaq bu şərtləri yerinə yetirən səhmdarlara səhmlər verilməyib. Sonradan bəlli olub ki, səhmlərin əldə edilməsi üçün anderayterlə müqavilə bağlanmadığına görə bəzi səhmdarlardan səhmlərə görə pullar alınsa da, onlara səhmlər verilməyəcək.
Nəticədə üç səhmdarın pulları F.Əhmədovun nəzarətinə keçib və onlara səhm verilmədiyindən cəmiyyətdə iştirak payı 83% azalıb. Faktiki olaraq Əhmədovun müavini səhmdarları aldadaraq səhmdarlardan pul alıb, üç ildir bu vəsaiti cəmiyyətdə fırladır.
Göründüyü kimi, sahibi olduğu QSC-də ağlagəlməz qanunsuzluqlara əl atan namizədin deputat seçiləcəyi inandırıcı görünmür. Məlumata görə, deputat olmaq üçün dəridən qabıqdan çıxan F.Əhmədov seçki günündə hətta seçicilərə rüşvət təklif etməyə hazırlaşır. Bütün ciddi cəhdlərə baxmayaraq, F.Əhmədovun yuxarı dairələrdə nəzarətdə olduğu deyilir.
Bolgexeber.com