BolgeXeber.Com » Xəbərlər » Tərtər gəncləri Dövlət Müstəqilliyi gününü qeyd etdilər

Tərtər gəncləri Dövlət Müstəqilliyi gününü qeyd etdilər

16-10-2015, 10:02
Oxunub: 2 445  Tərtər gəncləri Dövlət Müstəqilliyi gününü qeyd etdilərTərtər rayon gənclərinin 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş rayon toplantısı keçirilmişdir

Bolgexeber.com-un məlumatına görə tədbiri giriş sözü ilə Tərtər rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov açaraq toplantı iştirakçılarını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik etmiş, onlara müstəqil Azərbaycanın çiçəklənməsi naminə dövlət və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir.

Məruzə üçün söz rayon Tərtər icra hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi Tunarə Məmmədzadəyə verilmişdir. T.Məmmədzadə bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı ikinci dəfə öz müstəqilliyini əldə etdi. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra əldə edə bilmişdir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi mühitinə müdriklik də gətirdi. Məhz ümummilli liderin zəngin siyasi və yüksək idarəçilik təcrübəsi, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini bütün təhlükələrdən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.

Azərbaycanın müstəqilliyi dövründə gəncliyə, gənclərə həmişə diqqət və qayğı göstərilmiş, onların müasir dövrlə ayaqlaşmaları, hərtərəfli biliyə malik olmaları mükəmməl təhsil almaları və dünya birliyinə fəal inteqrasiyası üçün hər cür şərait yaradılıb.

Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi, onlara diqqət və qayğının təzahürü olan bir sıra fərman və sərəncamların imzalanması Azərbaycan gəncliyinin indiki vəziyyətini və gələcəyini müəyyən etmişdir.

1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi Azərbaycanda gənclərin I Forumu keçirildi. 1997-ci ildə ümummilli liderin imzaladığı sərəncamla 2 fevral Azərbaycanda Gənclər Günü elan edildi. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Bunun ardınca 1996, 1999 və 2003-cü illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi cəmiyyətin bütün sahələrində gənclərimizin fəal iştirakına güclü təkan oldu.

Vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir.

Həm ulu öndər Heydər Əliyev, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdikləri dövrdə gənclərə daim qayğı göstərilmiş, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində bir-birindən əhəmiyyətli tədbirlər həyata keçirilmiş, müxtəlif dövlət proqramları təsdiqlənmişdir. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə” və 2011-ci ildə imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramları xüsusi qeyd edilməlidir. Dövlət bu proqramının həyata keçirilməsi üçün 80 milyon manat vəsait ayırmışdır. Həmin proqramlar dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Əslində, ötən bir neçə il ərzində də məlum oldu ki, bu proqrama Azərbaycan gəncliyinin nə qədər ehtiyacı var imiş.


Bakının 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2015-ci il Birinci Avropa Oyunları, 2016-cı il şahmat üzrə dünya çempionatı, 2017-ci il İslam Həmrəyliyi Oyunları və 2019-cu il bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkədə bu sahədə aparılan dinamik işin təzahürü və həm də gənclər siyasətinin uğurlu davamıdır

Azərbaycan gənclərinin dünyanın ən tanınmış ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində fəaliyyət göstərməsi dövlətin bu sektora olan etibarının nəticəsidir.

Sonda T.Məmmədzadə gəncləri Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edərək, onlara uğurlar dilədi.

Sonra məruzə ətrafında Təzəkənd kənd ümumi orta məktəbin müəllimi Elçin Maqsudov, rayon uşaq xəstəxanasının tibb bacısı Çinarə Əlizadə, uşaq-musiqi məktəbinin müəllimi Nigar Əmirzadə, uşaq idman məktəbinin məktəbinin direktoru Emin Quliyev, 5 saylı tam orta məktəbin VIII sinif şagirdi Orxan Musazadə çıxış etdilər. Tədbir maraqlı və yaddaqalan oldu.
 Tərtər gəncləri Dövlət Müstəqilliyi gününü qeyd etdilər