BolgeXeber.Com » Xəbərlər » "Binə" və "Sədərək"də alver getmir, bazar "çökür - "Vəziyyət çox pisdi"

"Binə" və "Sədərək"də alver getmir, bazar "çökür - "Vəziyyət çox pisdi"

21-10-2015, 09:46
Oxunub: 4 688 "Binə" və "Sədərək"də alver getmir, bazar "çökür - "Vəziyyət çox pisdi"Analoqu olmayan ticarət mərkəzləri

“Vəziyyət çox pisdi. Alver yoxdu, müştərilər gec-gec gəlir. Qazandığımız elə yer puluna gedir. Əvvəllər yaxşı işləyirdik, son bir ildə bazar tamam çöküb”.

Bunu Qaynar.info-ya “Sədərək” ticarət mərkəzində çalışanlar deyirlər. Onlar qiymət artımından şikayətlənirlər.

Analoqu olmayan ticarət mərkəzləri

“Binə” və “Sədərək” ticarət mərkəzində mağaza işlədənlər təkcə yer haqqı ödəmirlər. Onlar işıq, gözətçi, vergi pulu da verirlər. Sözügedən ticarət mərkəzləri Binə qəsəbəsindən Qaradağ rayonuna köçürüləndə dükan sahiblərinə min bir vədlər verilmişdi. Bazar rəhbərləri daha çox iş adamını öz yanına cəkb etmək üçün əvvəlcə endirimlər etdilər, sonra isə düşdükləri “ziyan”ı artıqlamasıyla çıxartdılar.

“Binə” və “Sədərək” sözün əsl mənasında analoqu olmayan bir ticarət mərkəzləridir. Burada 50-60 min manata aldığın mağazaya görə ayda 2-3 min manat əlavə yer haqqı ödəyirsən. Yəni, hər iki bazarın rəhbərliyi yeni bir sistem qurub. Deməli, onlar 5-6 min manata tikilən bir dükanı qiyməti 30 min manatadan başlayaraq satırlar. Üstəlik, hər ay da yer haqqı tələb edirlər. Bunu alan şəxs də ya icarəyə verir, ya da özü istifadə edir. Elə sahibkar var ki, bu ticarət mərkəzlərindən bir neçə dükan alaraq icarəyə verib. Bu daha sərfəlidir. Kirayəşin - mağazanı işlədən isə həm dükan sahibinə, həm də bazar rəhbərliyinə yer haqqı ödəyir.

“Vəziyyət pisləşdikcə bazar rəhbərliyi...”

Əvvəllər “Binə”də, “Sədərək”də işlər yaxşı gedirdi. Son bir ildə - devalvasiyadan sonra çöküş başladı. Daha çox Dağıstandan alıcı qəbul edən sözügedən mərkəzlərdə indi iş səngiyib. Ucu-bucağı görünməyən bazarda adamları barmaqla saymaq da mümkündü. Elə yerlər var ki, artıq çoxdan qıfıllanıb, açar yeri də paslanıb. Satıcılar deyir ki, vəziyyət getdikcə daha da pisləşir.

“Manatın getdikcə dəyərdən düşməsi, rublun “ölməsi” bizi pis vəziyyətə qoydu. İndi alıcıların sayı azalıb. “Binə”, “Sədərək” daha çox topdansatış mərkəzidir. Yəni, bu adla daha çox məşhurlaşıb. İri dükan sahiblərinin əsas müştəriləri Dağıstandan, yaxud da ölkənin rayonlarında böyük mağazaları olanlardı. İndi isə alver getmir. Mal çox, təlabat azdı. İnsanlarda pul yoxdu. Əvvəllər bir mövsümə 30-40 dəfə Türkiyədən, Dubaydan, Çindən mal vururduqsa, indi 5 dəfə ola, ya olmaz. Yer haqqı da bahadır, vəziyyət pisləşdikcə, bazar rəhbərliyi endirim etmək əvəzinə qiymətləri daha da qaldırır”, - deyə dükan sahibləri narazılıqlarını bildirirlər.
Bolgexeber.com