BolgeXeber.Com » Xəbərlər » Fuad Muradov rəqiblərinə pul paylayır?

Fuad Muradov rəqiblərinə pul paylayır?

21-10-2015, 17:23
Oxunub: 4 121 Fuad Muradov rəqiblərinə pul paylayır?Fuad Muradov hazırda digər namizədlərlə də danışıqlar aparır, razılaşmayanlarla isə təhdid dilində danışır

Azərbaycanda Parlament seçkilərinə sayılı günlər qalır. Seçki öncəsi ən gərgin vəziyyətin yaşandığı dairələrdən biri də 34 saylı Xətai seçki dairəsidir.Bolgexeber.com azxeber.com-a istinadən xəbər verir ki, bu dairədən deputatlığa namizəd olan Fuad Muradov seçki təbliğatına külli miqdarda vəsait ayırsa da, işlər istədiyi kimi getmir.

Daha öncə Səbaildən deputat seçilən Muradov həmin dairəyə Şəmsəddin Hacıyevin gəlməsindən sonra məcburən Xətaiyə transfer olunub. Bu dairədə seçicilərin rəğbətini qazana bilməyən deputat yeni "taktika"ya əl atıb.

Belə ki, o rəqiblərini sıradan çıxarmaq qərarına gəlib. Belə ki, digər namizədlərə pul təklif edən deputat bu yolla seçkidə qələbə qazanmağa çalışır. Bu haqda portalımıza namizədlərdən biri məlumat verib. Onun dediyinə görə, Fuad Muradov namizədlərə 3000-5000 manat arası pul təklif edir və onlara vədlər verərək seçkidən uzaqlaşdırır.

Deputatla bağlı daha bir maraqlı fakt isə onu kəskin tənqid edən rəqibinin bir neçə gün sonra mövqeyini dəyişməsində olub. Belə ki, 34 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Fatimə Hacıbəyli bir neçə gün öncə müsahibəsində bu sözləri demişdi:

"Fuad Muradov Xətai rayonunda yaşamır, əraziyə bələd deyil. Əslinə qalsa Fuad Muradovu bu ərazidə özümə rəqib görmürəm, sadəcə çox ciddi maliyyə ilə təbliğat aparır. Qüvvələr bərabər olsa, Fuad Muradov mənə rəqib ola bilməz.

Fuad Muradov əraziyə 10 gün olar ki, gəlib. Hal-hazırda ərazini Fuad Muradovun plakatları, avtobusları bəzəyir. Xətai rayonunda Fuad Muradovu tanıyan yoxdur. Fuad Muradov öz reklamına külli miqdarda maliyyə buraxıb. Fuad Muradov Səbail rayonunun deputatı olub, ancaq Səbail camaatının problemlərini həll etməyib. Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki, gəlib Xətai rayonunun problemlərini həll etməyə? Fuad Muradov haqqında məlumat toplayanda Səbail camaatı bir söz dedi, kim onun yanına gedib, adi bir problemi deyibsə eyni cavab alıb: Bu məsələ mənim gücüm daxilində deyil. Fuad Muradov Səbail rayonunda ancaq bələdiyyə və icra hakimiyyəti nümayəndəsinin görə biləcəyi problemləri həll edib. Bu söz məni qıcıqlandırır, artıq bezmişəm, kimlə görüşürük ilk sualı bu olur, "dabro" almısan? İnsanlar arasında belə bir söz yayılıb ki, Fuad Muradov "dabro" alıb".

Çox maraqlıdır ki, namizəd bu müsahibəsindən bir neçə gün sonra geri addım atıb. Belə ki, o namizədliyini Fuad Muradovun xeyrinə geri götürüb. O bu haqda yazıb:

"Fuad Muradovun proqramı və platforması ilə tanış oldum. Onun platforması məni çox razı saldı. Onun platforması ilə yaxından tanış olduqda gördüm ki, Fuad Muradovun layihəsi Xətai camaatına daha çox xeyir verəcək. Bundan sonra düşündüm və qərar verdim ki, namizədliyimi Fuad Muradovun xeyrinə geri götürüm. Ancaq bu o demək deyil ki, Xətai camaatının problemləri ilə maraqlanmayacam. Xətai camaatının problemləri mənim problemlərimdir. O problemləri gördükdə Fuad Muradov deputat seçiləcəyi təqdirdə birbaşa deyəcəm və problemlərin həllinə çalışacam. Bu barədə Fuad Muradovun nümayəndələrinə də dedim. Onlar da bildirdi ki,Fuad Muradov deputat seçiləcəyi təqdirdə Xətai camaatının problemləri ilə daim məşğul olacaq. Fuad Muradovun deputat seçiləcəyindən şübhəm yoxdur. Bu yolda ona uğurlar arzulayıram".

Bu halın özü də deputatın növbəti dəfə mandat sahibi olmaq üçün hansı yollara əl atdığını göstərir. Faktdır ki, namizədlər rəqiblərinin platformaları ilə ilk gündən tanış olurlar, onu təhlil edirlər. Ancaq Muradov xanım namizədi geri addım atmağa məcbur edib. Bu "razılaşmanın" detalları haqda növbəti yazılarda məlumat veriləcək.

Digər bir məlumata görə isə, Fuad Muradov hazırda digər namizədlərlə də danışıqlar aparır, razılaşmayanlarla isə təhdid dilində danışır. Hətta bu günlərdə namizədlərdən birinin qərargahına hücum da olub.

Onu da qeyd edək ki, Fuad Muradovun seçicilərlə görüşləri zamanı biganə münasibəti də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri deputatın şəklini paylaşaraq, istehza dolu sözlər yazıb. Fatimə Hacıbəylinin dili ilə desək "deputat dabro alıb" deyə çox rahatdır.

Son olaraq 34 saylı Xətai seçki dairəsindən namizədliyini geri götürən namizədlərin adlarını təqdim edirik:

CƏFƏROV MAHİR HÜSEYN OĞLU

QASIMZADƏ NİCAT ƏRRƏHMAN OĞLU

HACIYEVA LƏMAN MİRTALIB QIZI

HACIYEVA FATMA SİYAVUŞ QIZI.